Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Vətən torpaqlarının bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsini hər zaman əziz tuturuq. “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” deyərək şəhidlik zirvəsinə ucalan oğullarımız minlərlədir. Belə oğullardan biri də Birinci Qarabağ müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycanın Milli Qəhrəmanı, Şuşa özünümüdafiə batalyonunun komandiri Ramiz Bulud oğlu Qəmbərovdur.
Ramiz 2 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1979-cu ildə H.Hacıyev adına Şuşa şəhər orta məktəbini bitirdikdən sonra 1980-ci ildə hərbi xidmətə çağırılmış, 1982-ci ildə ordudan tərxis olunaraq Şuşaya qayıtmışdır. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olsa da, təhsilini yarımçıq qoyur. Erməni təcavüzkarlarının başlatdığı Qarabağ müharibəsi minlərlə qeyrətli Azərbaycan oğulları kimi, Ramizi də torpaqlarımızın müdafiəsinə qalxmağa məcbur edir.
Ramiz Qənbərov 1988-ci ildə Qarabağ uğrunda Xalq Hərəkatına qoşulur və erməni təcavüzünə qarşı mübarizəyə qoşulan ilk qəhrəmanlardan biri olur. O illərdə Ramizin qəlbinə bu müqəddəs rəmzlər hakim kəsilmişdi: Millət! Vətən! Torpaq! Azadlıq! O, Moskvada Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal iştirak edir. Bəzən haqsız təzyiqlərə, təqiblərə məruz qalsa da, yolundan dönmür, ölümün gözünə belə dik baxır.
O, 1992-ci ildə yaratdığı könüllü özünümüdafiə batalyonun başçısı olmuşdur. Onun taboru Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdur. 29 aprel 1992-ci ildə erməni işğalçıları Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücum edən zaman R.Qəmbərovun taboru döyüşə atılmış və bu döyüşdə cəsur komandir ağır yaralanmışdır. Lakin bir gün sonra, 30 aprel 1992-ci ildə Ramiz dünyasını dəyişmişdir.
O, Şuşa şəhərində dəfn edilmişdir, lakin Bakıdakı Şəhidlər Xiyabanında da onun simvolik məzarı var. Qəmbərov Ramiz Bulud oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır. Ramiz Qəmbərov haqqında rejissor Kəmalə Musazadənin quruluşunda “Şuşalı şəhid” adlı film çəkilib.
Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olunub və hər zaman minnətdarlıqla anılır.
Bu gün hər birimiz üçün şəhid məzarları and yerinə çevrilib. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq isə ən böyük şərəf və qürurdur.
Müşfiq MİRZƏ
XQ

