İyunun 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı Azərbaycan-ABŞ münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya əlaqələri, investisiyalar, ticarət, eləcə də regional gündəliyin qarşılıqlı maraq doğuran məsələləri müzakirə olunub.
Tərəflər Azərbaycan ilə ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasına uyğun olaraq qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. İlk iclası keçiriləcək Azərbaycan-ABŞ İqtisadi Dialoqunun əməkdaşlıq əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.
Nazir Ceyhun Bayramov ölkəmizin əlverişli investisiya mühiti, regional bağlantı layihələri və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verib.
Görüşdə, ötən ilin avqust ayında Vaşinqton sammiti çərçivəsində əldə edilmiş tarixi razılaşmalardan sonra regionda mövcud vəziyyət və əhəmiyyətli irəliləyişlər, habelə kommunikasiya xətlərinin açılması, TRIPP layihəsinin icrası məsələləri müzakirə olunub.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
***
Həmin gün Azərbaycan Respublikası xarici işlər nazirinin müavini və Azərbaycan–ABŞ Strateji İşçi Qrupunun həmsədri Elnur Məmmədov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini və ABŞ tərəfindən Strateji İşçi Qrupun həmsədri Sonata Koulterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin inkişafına həsr olunmuş görüşdə ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq perspektivləri, iqtisadi əlaqələrin genişləndirilməsi, enerji təhlükəsizliyi, regional bağlantılar və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Tərəflər strateji tərəfdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb və iyunun 2-də Bakıda keçiriləcək Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasının ikitərəfli əməkdaşlığın inkişafına əlavə töhfə verəcəyini qeyd ediblər.
Bundan əlavə, görüşdə iqtisadi və ticari əlaqələrin dərinləşdirilməsi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də regional sabitlik və rifahın təşviqi istiqamətində dialoqu davam etdirmək niyyəti ifadə olunub.
XQ

