“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ölkənin aqrar siyasətində yeni inkişaf mərhələsinin əsas strateji sənədlərindən biridir. Proqram kənd təsərrüfatının inkişafını, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, qeyri-neft sahələrin dərinləşdirilməsi, regional inkişafın sürətləndirilməsi və milli iqtisadi dayanıqlılığın gücləndirilməsi məqsədlərini özündə birləşdirir. Bu baxımdan proqram aqrar sektorun iqtisadiyyatda rolunun yenidən müəyyənləşdirilməsinə yönəlmiş struktur dəyişikliyi sənədi kimi qiymətləndirilə bilər.
Son illərdə qlobal inflyasiya, iqlim dəyişiklikləri, geosiyasi gərginliklər və beynəlxalq tədarük zəncirlərində qırılmalar göstərdi ki, ərzaq təhlükəsizliyi artıq sosial sabitliyin və dövlətlərin strateji dayanıqlılığının mühüm elementidir. FAO-nun proqnozlarına görə, 2050-ci ilə qədər dünya əhalisinin 9,7 milyarda çatacağı və qlobal ərzaq tələbatının 50 faizdən çox artacağı gözlənilir. Eyni zamanda, torpaq və su resurslarına təzyiqin güclənməsi aqrar inkişafın məhsuldarlıq, texnologiya və innovasiya əsasında yenidən qurulmasını strateji zərurətə çevirir.
Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə vurğuladığı kimi, əvvəlki mərhələdə ölkədə zəruri infrastruktur bazası formalaşdırılıb. Yeni mərhələnin əsas vəzifəsi isə bu potensialı daha yüksək məhsuldarlıq, rəqabətqabiliyyətlilik, əlavə dəyər və ixrac imkanları yaradan müasir aqrar iqtisadiyyata çevirməkdir. Məhz buna görə Dövlət Proqramının mahiyyəti yalnız istehsalın artırılması deyil, aqrar sektorda texnologiya, insan kapitalı, emal, logistika və bazar inteqrasiyasına əsaslanan yeni inkişaf modelinin formalaşdırılmasıdır.
Bu kontekstdə proqramın əhəmiyyəti aqrar sahənin hüdudlarını aşır. Sənəd bir tərəfdən ərzaq təhlükəsizliyinin gücləndirilməsini, digər tərəfdən isə Azərbaycanın regional ərzaq-logistika sistemində rolunun artırılmasını hədəfləyir. Bu isə aqrar siyasəti ölkənin uzunmüddətli inkişafı, geoiqtisadi mövqeyi və “orta güc” strategiyası ilə birbaşa əlaqələndirir.
Dövlət Proqramının əsas hədəfləri
Ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış milli iqtisadi inkişaf strategiyasında kənd təsərrüfatı həmişə ölkənin iqtisadi təhlükəsizliyi, regionların inkişafı və sosial sabitliyin əsas dayaqlarından biri kimi müəyyən olunmuşdur. Məhz həmin dövrdə həyata keçirilən aqrar islahatlar, torpaq mülkiyyətinin formalaşdırılması və kənd təsərrüfatının bazar iqtisadiyyatına uyğunlaşdırılması Azərbaycanın aqrar inkişaf siyasətinin əsasını yaratdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeni aqrar transformasiya mərhələsi də əslində həmin strateji xəttin müasir çağırışlara uyğun daha yüksək məhsuldarlıq, texnologiya və rəqabətlilik əsasında davam etdirilməsidir.
Sözügedən Dövlət Proqramının əsas strateji mahiyyəti aqrar sektorda artımın mənbəyini ekstensiv genişlənmədən məhsuldarlıq, texnologiya və yüksək əlavə dəyər əsaslı inkişaf modelinə yönəltməkdir. Proqram göstərir ki, Azərbaycan artıq yalnız istehsal həcmini artırmağa deyil, aqrar iqtisadiyyatın struktur keyfiyyətini yüksəltməyi hədəfləyir. Bu baxımdan proqramın əsas məqsədi üç istiqamətdə transformasiya yaratmaqdır: ərzaq təhlükəsizliyinin gücləndirilməsi, məşğulluğun daha yüksək gəlirli və məhsuldar fəaliyyət sahələrinə yönəldilməsi, aqrar sektorun daha yüksək dəyər yaradan ixracyönümlü iqtisadi platformaya çevrilməsi.
Dövlət Proqramında müəyyən edilən hədəflər də bu yanaşmanı əks etdirir. Növbəti mərhələdə kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrində yaradılan əlavə dəyərin hər il orta hesabla ən azı 2 faiz, aqrar və aqrar emal məhsullarının ixracının isə orta illik 6 faiz artırılması nəzərdə tutulur. Eyni zamanda strateji məhsullar üzrə özünütəminetmə səviyyəsinin yüksəldilməsi hədəflənir.
Bitkiçilik üzrə hədəflər aqrar artımın əsas mənbəyinin texnologiya və məhsuldarlıq olacağını göstərir. Müasir suvarma sistemləri tətbiq olunan sahələrin 130 min hektardan 300 min hektara çatdırılması, intensiv meyvə bağlarının 50 min hektardan 70 min hektara yüksəldilməsi və istixana komplekslərinin 1500 hektardan 2000 hektara genişləndirilməsi məhdud torpaq və su resurslarından daha yüksək iqtisadi nəticə əldə etmək məqsədi daşıyır. Bu yanaşma xüsusilə iqlim dəyişiklikləri və su resurslarının azalması fonunda strateji əhəmiyyət kəsb edir.
Buğda və pambıq üzrə məhsuldarlığın 50 sentner/ha səviyyəsinə çatdırılması da proqramın məhsuldarlıq hədəfini əks etdirir. Buğda üzrə hədəf ərzaq təhlükəsizliyinin gücləndirilməsinə, pambıq üzrə hədəf isə aqrar-sənaye və emal zəncirinin genişləndirilməsinə xidmət edir. Eyni zamanda 20 min hektarda torpaq konsolidasiyasının pilot tətbiqi göstərir ki, məhsuldarlıq artımı yalnız texnologiya ilə deyil, həm də torpaq münasibətlərinin institusional yenilənməsi ilə bağlıdır.
Heyvandarlıq üzrə indikatorlar sahədə əsas çağırışın heyvan sayından daha çox genetik keyfiyyət, yem bazası və idarəetmə səmərəliliyi ilə bağlı olduğunu göstərir. Cins iribuynuzlu heyvanların ümumi sürüdə payının 2.5 faizdən təxminən 10 faizə çatdırılması, süd istehsalının ən azı 10 faiz, kəsilmiş çəkidə mal ətinin 20 faiz, quş ətinin 30 faiz, yumurta istehsalının isə təxminən 27 faiz artırılması heyvandarlıqda intensiv modelə keçidin əsas göstəriciləridir. Burada məqsəd hər baş heyvandan daha çox məhsul əldə etməkdir.
Akvakultura istehsalının 3400 tondan təxminən 7700 tona yüksəldilməsi ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və idxaldan asılılığın azaldılması baxımından yeni inkişaf istiqaməti formalaşdırır. Bu sahənin genişləndirilməsi torpaq resurslarından nisbətən az asılı olan alternativ ərzaq istehsalı modelinin inkişafına, eyni zamanda ərzaq təminatı mənbələrinin şaxələndirilməsinə xidmət edir. Bu isə balıqçılıq və akvakulturanın gələcəkdə həm daxili tələbatın ödənilməsi, həm də ixrac potensialının artırılması baxımından strateji əhəmiyyətinin yüksəldiyini göstərir.
Beynəlxalq təcrübə göstərir ki, seleksiya, tətbiqi tədqiqatlar, rəqəmsal texnologiyalar və ixtisaslı kadr hazırlığına yatırılan investisiyalar uzunmüddətli dövrdə torpaq və kapital qoyuluşlarından daha yüksək məhsuldarlıq effekti yarada bilir. Bu baxımdan Dövlət Proqramı aqrar sektorda bilik və innovasiya əsaslı inkişaf modelinin formalaşdırılmasına xüsusi önəm verir. Proqramda aqrar ixtisaslar üzrə ikili diplom proqramları ilə məzunların sayının ən azı 500 nəfərə çatdırılması insan kapitalının gücləndirilməsinə yönəlib.
Aqrar sığorta ilə təmin edilən sahələrin 386 min hektardan ən azı 1 milyon hektara, sığortalanan heyvanların isə 6,9 min başdan təxminən 100 min başa yüksəldilməsi aqrar sektorda risklərin daha sistemli idarə olunmasına xidmət edir. Rəqəmsal xidmətlər vasitəsilə göstərilən aqrar dövlət dəstəyi xidmətlərinin payının 55 faizdən 100 faizə çatdırılması isə aqrar xidmətlərin əhatə dairəsinin və əlçatanlığının genişləndirilməsinə, dövlət dəstəyinin daha şəffaf, çevik və nəticəyönümlü idarə edilməsinə imkan verəcək.
Proqramın mühüm xüsusiyyətlərindən biri də onun yalnız istehsala fokuslanmamasıdır. Soyuducu anbarlar, taxıl siloları, logistika infrastrukturu, aqrar emal müəssisələri, sertifikasiya, rəqəmsal idarəetmə və aqrar süni intellekt platformaları aqrar inkişafın əsas komponentləri kimi müəyyən edilir. Bu isə göstərir ki, aqrar sektor tədricən emal, logistika və ixracı birləşdirən kompleks iqtisadi sistemə çevrilir.
Yeni aqrar modelə keçidin iqtisadi əsasları
Azərbaycanda aqrar sektorun inkişafında əsas vəzifələrdən biri istehsalın səmərəliliyinin və gəlirliliyinin daha da artırılmasıdır. Son onilliklərdə kənd təsərrüfatında mühüm inkişaf əldə olunmuş, istehsal potensialı əhəmiyyətli dərəcədə genişlənmişdir. Bununla yanaşı, torpaq sahələrinin parçalanması, su resurslarından istifadənin optimallaşdırılması, iqlim dəyişikliklərinə uyğunlaşma və məhsuldarlıq fərqlərinin azaldılması yeni mərhələdə diqqət tələb edən əsas istiqamətlər kimi ön plana çıxır. Bu isə aqrar sektorda növbəti inkişaf mərhələsinin daha yüksək məhsuldarlıq potensialının reallaşdırılması üzərində qurulacağını göstərir.
Belə ki, əkinəyararlı torpaq ehtiyatlarının məhdudluğu, su resurslarının strateji əhəmiyyətinin artması və iqlim dəyişikliklərinin təsiri mövcud potensialdan daha yüksək məhsuldarlıqla istifadə olunmasını zəruri edir. Bu şəraitdə aqrar inkişafın əsas mənbəyi hər hektar torpaqdan, hər kubmetr sudan və hər manat investisiyadan daha yüksək iqtisadi nəticə əldə etməkdən ibarətdir.
Məhz burada aqrar sektorun böyük inkişaf potensialı ortaya çıxır. Prezident İlham Əliyevin vurğuladığı kimi, “potensial var və onu reallaşdırmaq lazımdır”. Ölkə üzrə orta məhsuldarlıq göstəriciləri ilə qabaqcıl intensiv təsərrüfatların nəticələri arasında mövcud fərqlər göstərir ki, texnologiya, seleksiya, müasir idarəetmə yanaşmaları, aqrar elm və innovasiyaların tətbiqi hesabına əhəmiyyətli əlavə artım potensialı mövcuddur. İqtisadi nəzəriyyədə bu yanaşma ümumi faktor məhsuldarlığının yüksəldilməsi kimi qiymətləndirilir və uzunmüddətli inkişafın ən dayanıqlı mənbələrindən biri hesab olunur.
Torpaq münasibətləri də aqrar inkişafın növbəti mərhələsində xüsusi əhəmiyyət kəsb edir. Hazırda torpaq sahələrinin əhəmiyyətli hissəsinin kiçik və pərakəndə struktura malik olması müasir texnologiyaların, mexanikləşmənin, rəqəmsal idarəetmə sistemlərinin və iri investisiyaların tətbiq imkanlarını məhdudlaşdırır. Bu isə mövcud istehsal potensialının tam reallaşdırılmasını çətinləşdirir və miqyas iqtisadiyyatının yaratdığı üstünlüklərdən daha geniş istifadə zərurətini ortaya çıxarır.
Eyni zamanda su resurslarının strateji əhəmiyyətinin artması və iqlim dəyişikliklərinin təsiri aqrar siyasətin məzmununu daha da genişləndirir. Müasir mərhələdə kənd təsərrüfatının inkişafı yalnız istehsal həcminin artırılması ilə deyil, torpaq və su resurslarının səmərəli idarə olunması, iqlim dayanıqlılığının gücləndirilməsi və uzunmüddətli resurs təhlükəsizliyinin təmin edilməsi ilə birbaşa bağlıdır. Bu isə aqrar sektorda daha səmərəli torpaq istifadəsi, konsolidasiya, müasir suvarma texnologiyaları və innovativ idarəetmə həllərinin tətbiqini strateji prioritetə çevirir.
Beynəlxalq təcrübə də göstərir ki, məhdud torpaq və su resursları şəraitində uğurlu aqrar inkişafın əsas mənbəyi məhz intensivləşmədir. İntensiv aqrar inkişafın əsas şərtləri torpaq və su resurslarından səmərəli istifadə, müasir suvarma sistemləri, torpaq konsolidasiyası, yüksək məhsuldarlığa malik istehsal modelləri, seleksiya, aqrar elm, rəqəmsal texnologiyalar və ixtisaslı insan kapitalıdır. Niderland, İsrail və Danimarka kimi ölkələr torpaq ehtiyatlarının məhdudluğuna baxmayaraq, müasir suvarma sistemləri, seleksiya, aqrar elm, rəqəmsal texnologiyalar və yüksək məhsuldarlığa malik istehsal modelləri hesabına dünya aqrar bazarlarında mühüm mövqe qazanıblar. Bu təcrübə göstərir ki, müasir dövrdə aqrar üstünlük bilik, texnologiya və idarəetmə keyfiyyəti ilə müəyyən olunur.
Ərzaq təhlükəsizliyi və gəlirlilik dilemması
Dövlət Proqramının konseptual məntiqində əsas məsələlərdən biri ərzaq təhlükəsizliyi ilə yüksək gəlirlilik arasında strateji balansın qurulmasıdır. Taxılçılıq və xüsusilə buğda istehsalı iqtisadi gəlirlilik baxımından digər məhsullarla müqayisədə aşağı səmərə versə də, ölkənin baza ərzaq təhlükəsizliyinin əsasını təşkil edir. Çünki buğda yalnız kənd təsərrüfatı məhsulu deyil, gündəlik istehlak səbətinin əsas komponenti və sosial sabitliyə təsir edən strateji məhsuldur. Son illərdə qlobal taxıl bazarlarında müşahidə olunan qiymət dəyişkənliyi, ixrac məhdudiyyətləri və logistika riskləri göstərdi ki, buğda üzrə üstün idxal ölkənin həm ərzaq, həm də makroiqtisadi dayanıqlılığı üçün risk yarada bilər.
Məhz buna görə əkin sahələrinin mühüm hissəsinin dənli və paxlalı bitkilərin payına düşməsi yalnız iqtisadi seçim deyil, strateji təhlükəsizlik yanaşmasıdır. Digər tərəfdən taxılçılıq hər hektara düşən əlavə dəyər baxımından meyvəçilik, tərəvəzçilik, istixana və aqrar emal sahələri ilə müqayisədə daha aşağı iqtisadi nəticə verir. Bu isə aqrar siyasətdə əsas dilemmanı formalaşdırır: bir tərəfdən ölkənin baza ərzaq təhlükəsizliyini təmin edən strateji məhsullar qorunmalı, digər tərəfdən isə məhdud torpaq və su resursları daha yüksək gəlirlilik və ixrac potensialı yaradan sahələrə yönəldilməlidir.
Azərbaycan aqrar siyasətdə strateji məhsullar üzrə dayanıqlılığı, rəqabətli sahələrdə isə ixrac üstünlüyünü əsas götürən balanslı yanaşma seçir. Yəni ölkə bütün məhsullarda tam daxili təminatı hədəfləmir. Strateji məhsullarda riskləri azaldır, rəqabət üstünlüyü olan sahələrdə isə ixrac və əlavə dəyər potensialını artırır.
Bu yanaşma resursların daha səmərəli istifadəsinə imkan verir. Pambıq emalının artırılması, intensiv bağların genişləndirilməsi, istixana və müasir suvarma sistemlərinin tətbiqi bu yeni yanaşmanın əsas göstəriciləridir. Məqsəd artıq “torpaqdan məhsula” deyil, “torpaqdan bazara və brendə” keçməkdir. Növbəti mərhələdə aqrar siyasətin effektivliyi məhsuldarlıq, əlavə dəyər, ixrac gəliri, emal dərinliyi və resurs səmərəliliyi kimi göstəricilərlə ölçüləcək.
Lakin bu balansın təmin edilməsi yalnız istehsal strukturunun dəyişməsi ilə mümkün deyil. Məhdud resurslar şəraitində məhsuldarlığın artırılması, əlavə dəyərin yüksəldilməsi və ixrac potensialının genişləndirilməsi üçün dövlət dəstəyi mexanizmlərinin və investisiya modelinin də yeni iqtisadi reallıqlara uyğunlaşdırılması zəruridir.
Dövlət dəstəyi və özəl aktivlik
Dövlət Proqramının mühüm üstünlüklərindən biri aqrar subsidiyaların və dövlət dəstəyi mexanizmlərinin fəlsəfəsinin dəyişməsidir. Əvvəlki mərhələdə əsas məqsəd kənd yerlərində sosial sabitliyi qorumaq, fermer gəlirlərinin davamlılığını təmin etmək və istehsalın dayanıqlığını saxlamaq idi. Yeni mərhələdə isə prioritet məhsuldarlıq, rəqabətqabiliyyətlilik, əlavə dəyər və ixrac potensialının artırılmasıdır. Bu, aqrar siyasətdə səmərəlilik və nəticə əsaslı inkişafın ön plana çıxdığını göstərir.
Mövcud subsidiyaların strukturuna baxdıqda transformasiya ehtiyacı daha aydın görünür. Dövlət dəstəyinin əsas hissəsi bitkiçiliyə yönəlir, heyvandarlığın payı isə cəmi 6 faiz təşkil edir. Bu yanaşma uzun illər istehsalın davamlılığının və sosial sabitliyin qorunmasında mühüm rol oynayıb, eyni zamanda, mövcud potensialın formalaşmasına şərait yaradıb. Dövlət dəstəyi məhsuldarlıq artımı, texnologiya tətbiqi, su səmərəliliyi, emal dərinliyi və bazar inteqrasiyası kimi göstəricilərlə daha sıx əlaqələndirilir. Müasir suvarma sistemləri, intensiv heyvandarlıq, aqrar emal, istixana kompleksləri, rəqəmsallaşma və logistika infrastrukturu əsas prioritet istiqamətlərə çevrilir. Texnologiya əsaslı subsidiyalaşma dövlət dəstəyinin daha şəffaf və nəticəyönümlü idarə edilməsinə imkan yaradır.
Yeni aqrar inkişaf modelinin mühüm xüsusiyyətlərindən biri dövlətin daha çox infrastruktur, tənzimləmə və təşviqedici platforma roluna keçməsidir. Dövlət su, yol, enerji, subsidiya, sığorta, logistika və rəqəmsal idarəetmə infrastrukturunu formalaşdırır, özəl sektor isə emal, texnologiya və ixrac istiqamətlərində əsas investisiya daşıyıcısına çevrilir. Bu yanaşma aqrar siyasətdə yeni institusional bölgü yaradır. Çünki müasir suvarma sistemləri, aqrar emal müəssisələri, istixana kompleksləri və soyuq zəncir infrastrukturu böyük həcmli uzunmüddətli investisiyalar tələb edir. Dövlət Proqramında 2026–2030-cu illərdə aqrar sektora 3 milyard manatdan çox özəl investisiyanın cəlbi nəzərdə tutulur ki, bu da aqrar transformasiyanın əsas maliyyə dayaqlarından birinin məhz özəl kapital olacağını göstərir.
Prezident İlham Əliyevin müşavirədə vurğuladığı kimi, dövlət aqrar sektorun inkişafı üçün zəruri infrastruktur və dəstək mexanizmlərini formalaşdırır, lakin növbəti mərhələdə əsas nəticələr özəl sektorun fəallığından asılı olacaq. Bu baxımdan sahibkarların rolu yalnız istehsalı artırmaqla məhdudlaşmır, həm də texnologiya tətbiqi, emal, logistika və ixrac imkanlarının genişləndirilməsini əhatə edir.
Aqroparkların, aqrar-sənaye zonalarının, emal müəssisələrinin və logistika mərkəzlərinin genişləndirilməsi özəl investisiya fəallığını artırmağa hesablanıb. Nəticədə aqrar sektor tədricən aşağı gəlirli sosial sahədən yüksək investisiya, innovasiya və texnologiya cəlb edən iqtisadi sektora çevrilir.
Aqrar transformasiyanın davamlılığı insan kapitalının keyfiyyətindən asılı olacaq. Süni intellekt, rəqəmsal idarəetmə, dəqiq əkinçilik və müasir suvarma sistemləri yüksək ixtisaslı insan resursları olmadan effektiv nəticə verə bilməz. Proqramda aqrar təhsil, tətbiqi tədqiqatlar, ikili diplom proqramları və rəqəmsal bacarıqların inkişafı üzrə nəzərdə tutulan tədbirlər məhz bu məqsədə xidmət edir.
Aqrar ticarət və yüksək gəlirli bazarlar
2021–2025-ci illərdə aqrar ixracın 1.1 milyard dollardan 1.5 milyard dollara yüksəlməsi Azərbaycanın aqrar ticarətdə mövqelərinin gücləndiyini göstərir. Bu dinamika təsadüfi deyil və aqrar sektorda son illərdə formalaşan struktur dəyişikliyin nəticəsidir. İxrac artımı bazarların şaxələnməsi, məhsul çeşidinin genişlənməsi, emal məhsullarının payının yüksəlməsi və logistika imkanlarının yaxşılaşması ilə müşayiət olunur. Xüsusilə meyvəçilik, tərəvəzçilik, fındıq, xurma, pambıq və şərabçılıq kimi sahələr Azərbaycanın aqrar ixrac strukturunda rəqabət üstünlüyü formalaşdıran istiqamətlər kimi ön plana çıxır. Bu məhsulların bir hissəsi artıq regional bazarlarda tanınmış ixrac brendlərinə çevrilməkdədir.
Eyni zamanda aqrar məhsullar üzrə idxalın həcminin 3,1 milyard ABŞ dolları səviyyəsində olması göstərir ki, daxili istehsal potensialının genişləndirilməsi hələ də əhəmiyyətini qoruyur. Xüsusilə buğda, bitki yağları, şəkər, kərə yağı və bəzi heyvandarlıq məhsulları üzrə idxal ehtiyacı ərzaq təhlükəsizliyi baxımından istehsalın məhsuldarlıq və rəqabətqabiliyyətlilik əsasında daha da gücləndirilməsini zəruri edir. Bu baxımdan Dövlət Proqramı yalnız ixrac potensialının artırılmasına deyil, həm də strateji məhsullar üzrə idxalın davamlı azaldılmasına yönəlmiş balanslı yanaşmanı formalaşdırır.
Bu yanaşmanın praktiki nəticəsi olaraq Azərbaycan bütün məhsullar üzrə tam daxili təminatı deyil, strateji məhsullar üzrə risklərin azaldılmasını və kritik asılılıqların minimuma endirilməsini hədəfləyir. Eyni zamanda rəqabət üstünlüyünə malik sahələrdə ixrac potensialının genişləndirilməsi prioritet kimi çıxış edir. Bu baxımdan ölkə buğda, bitki yağları, kərə yağı, ət və balıq kimi məhsullar üzrə daxili istehsal imkanlarını gücləndirir, habelə tərəvəz, meyvə, fındıq, xurma, pambıq lifi və digər rəqabətqabiliyyətli məhsullar üzrə xarici bazarlardakı mövqeyini möhkəmləndirir. Təsadüfi deyil ki, fındıq və xurma artıq Azərbaycanın ən rəqabətqabiliyyətli aqrar ixrac məhsulları sırasında yer alır. Bu isə ölkənin bəzi məhsullar üzrə müqayisəli üstünlüklər formalaşdırdığını və aqrar ixracın strukturunda ixtisaslaşmanın gücləndiyini göstərir.
Bu yanaşma aqrar siyasətdə mühüm konseptual dəyişiklik yaradır. Əvvəlki mərhələdə əsas məqsəd daha çox istehsal idisə, yeni mərhələdə əsas məqsəd daha yüksək gəlir, daha yüksək emal dərinliyi və daha güclü bazar mövqeyi formalaşdırmaqdır. Bu baxımdan Azərbaycan “dəyər zənciri iştirakçısı”na çevrilməyə çalışır. Müasir aqrar iqtisadiyyatda yüksək gəlirlilik məhsulun emalı, qablaşdırılması və brendləşdirilməsi ilə yaranır. Məsələn, pambığın mahlıc və ya iplik formasında ixracı, meyvələrin emal olunmuş məhsul kimi satışı və ya şərabçılığın inkişafı eyni xammaldan daha yüksək iqtisadi gəlir əldə etməyə imkan verir.
2030: aqrar transformasiyanın strateji nəticələri
Dövlət Proqramının strateji əhəmiyyəti yalnız aqrar istehsalın inkişafı ilə məhdudlaşmır. Əslində proqram qeyri-neft iqtisadiyyatının növbəti mərhələdə hansı istiqamətdə formalaşacağına dair geniş inkişaf baxışını əks etdirir. Bu baxımdan aqrar sektor tədricən ənənəvi istehsal sahəsindən çıxaraq iqtisadi dayanıqlılıq, regional inkişaf və geoiqtisadi mövqelənmənin mühüm elementlərindən birinə çevrilir.
Müasir dövrdə dövlətlərin iqtisadi gücü malik olduqları təbii resurslarla yanaşı, qlobal və regional dəyər zəncirlərində tutduqları mövqe ilə müəyyən olunur. Ərzaq, logistika və təchizat təhlükəsizliyi son illərdə enerji təhlükəsizliyi qədər strateji əhəmiyyət qazanıb. Bu baxımdan aqrar sektor qeyri-neft iqtisadiyyatında yeni ixrac istiqamətlərinin formalaşmasına, regional bazarlarla inteqrasiyanın dərinləşməsinə və xarici iqtisadi dayanıqlılığın güclənməsinə xidmət edə bilər.
Bu proses Azərbaycanın “orta güc” strategiyası ilə də uzlaşır. Müasir orta güclər həm də regional iqtisadi əlaqələrə təsir göstərmək, təchizat zəncirlərində etibarlı tərəfdaş kimi çıxış etmək və strateji məhsullar üzrə dayanıqlı təminat yaratmaq qabiliyyəti ilə fərqlənirlər. Azərbaycanın enerji, nəqliyyat və logistika sahələrində formalaşdırdığı üstünlüklərin aqrar sektorla tamamlanması ölkənin regional iqtisadi çəkisini daha da artırmaq potensialına malikdir.
Xüsusilə Orta Dəhlizin inkişafı, Zəngəzur dəhlizinin yaratdığı yeni imkanlar, Qarabağ və Şərqi Zəngəzurda formalaşdırılan müasir iqtisadi infrastruktur Azərbaycanın regional ərzaq-logistika sistemində rolunu gücləndirə bilər. Bu ərazilərdə yaradılan aqroparklar, emal müəssisələri və logistika mərkəzləri yalnız kənd təsərrüfatı layihələri deyil, eyni zamanda, ölkənin gələcək geoiqtisadi arxitekturasının mühüm elementləri kimi qiymətləndirilə bilər.
Bu mənada 2026–2030-cu illər Dövlət Proqramı aqrar sektorun inkişafına dair növbəti fəaliyyət planından daha geniş məna daşıyır. Proqramın uzunmüddətli məqsədi kənd təsərrüfatının iqtisadiyyatda rolunu yenidən müəyyənləşdirmək, onu regional inteqrasiyanın, ixracyönümlü inkişafın, yüksək gəlirli məşğulluğun və milli iqtisadi dayanıqlılığın əsas sütunlarından birinə çevirməkdir.
Şaiq ADIGÖZƏLOV,
iqtisad üzrə fəlsəfə doktoru

