II MƏQALƏ
Şəhərsalma və memarlıq ənənəsi
Azərbaycanın qədimdən sivilizasiyalar, mədəniyyətlər və dinlərin birgə var olması məqamı yalnız unikal coğrafi anlam kəsb etmir – o, həm də tarixi-mədəni məna çalarlarına malikdir. Çünki hər hansı qövmün mədəniyyət və sivilizasiya konteksti onun kollektiv səviyyədə mövcudluğunun sosial, siyasi, mədəni, ekzistensial, demoqrafik, dövlətçilik və digər özəllikləri ilə sıx bağlıdır. Bu baxımdan Azərbaycan yalnız indiki Azərbaycan Respublikasının yerləşdiyi coğrafi məkanla məhdudlaşan tarixi-mədəni, siyasi və geosiyasi kimliyə malik deyildir – onun nüfuz dairəsi çox geniş coğrafiyanı əhatə etməkdədir.
O cümlədən şəhərsalma və memarlıq ənənəsi Avropadan başlamış Uzaq Şərqə qədər uzanan ucsuz-bucaqsız coğrafiyada özünü təsdiq etməkdədir. Azərbaycan “Turan elləri” adlanan tarixi, siyasi, geosiyasi və mədəni məkanın qəlbidir. Tarixçilər təsdiq edirlər ki, “Turan mədəniyyət mühiti” həm çox geniş coğrafiyanı əhatə edir, həm də onun Avropa mədəniyyət mühitinə ciddi təsirləri olmuşdur.
Bu tezisi J.Darkonun (yunan filoloqu – XX əsr), O.Menginin (Avstriya tarixşünası – XX əsr), U.Kuppersin (alman-Avstriya etnoloqu – XX əsr), G.Gontandonun (fransız etnoloqu – XX əsr) və onlarla digər araşdırmaçıların əsərlərində görmək olur. Onlar türklərin geniş ərazidə yaratdıqları mədəniyyət mühitinin davamlı olaraq ətraf mədəniyyət çevrələrinə müsbət təsir etdiyini və bütövlükdə “savaşçı çobanlar” (“hirtenkrieger”) çöl mədəniyyəti formasında müasir dünya mədəniyyətinin təməlində durduğunu yazırlar.
Bu proses həm hərb mədəniyyətini, həm də bütövlükdə toplumun mədəniyyətinin fundamental aspektlərini əhatə edir. Bu bağlılıqda Azərbaycanda şəhərləşmə və memarlıq ənənəsinin bir sıra özəlliklərinə qısaca nəzər salmaq WUF13-ün Azərbaycanda təşkilinin tarixi-mədəni və siyasi əsaslılığına aydınlıq gətirir.
Azərbaycan şəhərlərində mədəni inkişaf
Azərbaycan şəhərləri deyəndə Bakı, Ərdəbil, Təbriz, Naxçıvan, Xoy, Şamaxı, Marağa, Urmiya, Qazax, Quba, Lənkəran, Bərdə, Ağdam və onlarla digər şəhərlər göz önündə canlanır. Bundan başqa, qədimdən ümumiyyətlə, Azərbaycan coğrafiyasında yaranmış, keşməkeşli tarixi yaşamış yüzlərlə şəhər mövcud olmuşdur. Azərbaycan toplumunun formalaşma mədəniyyəti onları tarixi zamandan asılı olmayaraq əsas dəyərlər ətrafında birləşdirmişdir.
Azərbaycanın şəhərləşmə fəlsəfəsinin bünövrəsində bu möhtəşəm “kültür faktorları”, yəni toplumun sosial kimliyi ilə onun konkret zaman-məkan vəhdətinə proyeksiyası olan mədəniyyət və mentalitet identikliyinin sintezi dayanır.
Həmin sintez şəhərləşmə mədəniyyətində başlıca olaraq 3 hüquq – hökmdar Qanunu (və ya hüququ), parlament Qanunu (və ya Divan hüququ) və türk toplumunun özünütəşkiletmə Qanunu (və ya Yosun hüququ) yer almışdır. Bu prosesin tarixi çox dərin və genişdir ki, burada üzərində dayanmaq imkansızdır.
Ancaq şəhərləşmə və memarlıq sənətinin münasibətləri kontekstində vurğulayaq ki, türklər tarix boyu həmin hüquq-qanun vəhdəti əsasında həm adi həyat tərzlərini yaratmış və tənzimləmiş, həm də mədəni inkişafda, dövlət quruculuğunda onlara söykənmişlər. Türklərin demoqrafik və sosial olaraq özünütəşkili bütövlükdə toplumun mərkəzi faktoru rolunu oynamışdır. Bununla türk qövmu daim kollektivləşmədə tarixi, mədəni, siyasi, demoqrafik, dizayn və digər faktorlara dəqiq işlənmiş mədəniyyət sistemində məna vermiş, onları dəyərləşdirmiş və inkişaf etdirmişlər.
Burada Azərbaycan şəhərləri üçün xarakterik olan bir məqamı vurğulamaq WUF13 kontekstində maraqlı olardı. Qədimdən Azərbaycan şəhərlərinin strukturunda və funksional özəlliklərində şəhərin məkan olaraq dizaynı ilə sosial, iqtisadi, siyasi xüsusiyyətləri mədəniyyətin özünəməxsusluğu prizmasında əyaniləşmişdir. Bu da Azərbaycanda memarlıq məktəblərinin güclü inkişafını motivə etmişdir. Nümunələrə baxaq.
Şəhərsalmaya elmi yanaşma
529-cu ildə Bizans imperatoru I Yustinian akademiyaları bağlayandan sonra bir neçə yunan filosofu indiki İran ərazisinə qaçdılar. Qısa müddətdə onlar geri qayıtsalar da, yunan akademik fəlsəfi-elmi ənənəsinə uyğun bir neçə akademiyanın təməlini qoydular. Sonralar bu proses bütün ərəb-müsəlman mədəniyyət arealına yayıldı.
O cümlədən Azərbaycanın mədəniyyət və siyasi-coğrafi mövcudluğu məkanında akademiyalar əsas şəhərlərdə nəinki yaradıldı, hətta onların strukturunda və funksionallığında ciddi yer tutmağa başladı. Yəni Azərbaycan şəhərləri üçün elmi institutlaşma yalnız sırf elmi proses olmadı, fundamental qatlarda şəhər həyatının və dizaynının mühüm parçası oldu. Artıq Orta əsrlərdə Ərdəbil, Təbriz, Xoy, Naxçıvan, Şamaxı, Marağa, Urmiya və digər şəhərlərdə çoxsaylı elmi mərkəzlər yaradılmışdı. Onların cəmiyyətin həyatına təsirləri getdikcə artırdı. Eyni zamanda, şəhər infrastrukturunda memarlıq şərtləri daxilində elmi mərkəzlərin məkan konfiqurasiyası inkişaf edirdi.
Təbriz–Marağa–Naxçıvan
Nümunə kimi N.Tusinin rəsədxanasının Marağa və Təbrizin şəhər arxitekturasına təsirinə baxa bilərik. Nəsirəddin Tusinin təşkil etdiyi Akademiyanın Rəyasət Heyəti Təbriz şəhərində yerləşirdi. Mənbələrin yazdığına görə, burada müasir elm və təhsil ocaqlarının infrastrukturu üçün əsas olan bütün memarlıq və fəaliyyət göstərmək məkanının elementləri vardı. Müəllimlərin işləməsi, istirahəti, gəzintisi, tələbələrin yaşaması, kitabxanası, təhsil alma məkanları, müəyyən vəsaitlə təmin olunmaları və digər infrastruktur komponentləri N.Tusi rəsədxanasına daxil idi.
Onu vurğulayaq ki, Marağadakı elmi mühit bütövlükdə Azərbaycana yayılmışdı. XI əsrdə Naxçıvan-Marağa memarlıq məktəbinin meydana gəlməsi təsadüfi deyildi. Əcəmi Naxçıvani həmin məktəbin görkəmli nümayəndəsi kimi dərin biliklərə sahib idi. Naxçıvan-Marağa memarlıq məktəbi həm Azərbaycanda şəhər arxitekturasının formalaşmasının elmi əsaslara malik olduğunu göstərir, həm də tarixçilərin vurğuladıqları “Turan kültür mühiti”nin yayılması və inkişafının fəlsəfi-elmi dərki baxımından mühüm faktdır.
XIII əsrdə Azərbaycan tarixçisi və məşhur həkimi Rəşidəddin Təbrizdə Elmlər Akademiyası yaratmışdır. Çindən, Misirdən, Hindistandan və Qərb ölkələrindən gəlmiş mütəxəssislər həmin Akademiyada çalışırdı. “Bu Akademiyanın idarələrinin hamısı Təbrizin yaxınlığındakı “Rübe-Rəşidi” (“Rəşidi kvadratı”) adlanan ərazidə yerləşirdi”. Mənbə bütövlükdə Təbriz Akademiyasının infrastrukturunu aşağıdakı kimi təsvir edir: “Bu Akademiyanın xarabalıqları indi də həmin yerdə durur. Burada o zaman alimlər küçəsi, alimlər evi, alimlərin işləməsi üçün geniş laboratoriyalar və s. mövcud idi. Bu Akademiyada əsas yeri tibb, əczaçılıq, botanika tutmuşdur. Maraqlıdır ki, həmin Akademiyanın yaxınlığında “Fəxrabad” adlı yerdə böyük botanika bağı varmış. Orada Akademiyanın klinikalarında müalicə olunan xəstələr üçün indiki dildə desək, ekoloji cəhətdən təmiz, yüksək keyfiyyətli göy-göyərti və meyvələr becərilirmiş”.
XXI əsrin ən müasir elmi mərkəzlərinin yerləşdiyi şəhərlərdəki infrastrukturla müqayisə oluna biləcək mədəniyyət-memarlıq, şəhərləşmə dizaynı hadisəsidir. Bu, sırf Azərbaycan şəhərsalma və memarlıq sənətinin sintezində meydana gəlmiş urbanik hadisədir. Təbii ki, Təbrizin şəhər kimi sonrakı urbanizasiyası və memarlıq nümunəsi olaraq inkişafında bu məqam prinsipial rol oynamalı idi. Daha geniş miqyasda isə Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin vahid zaman-məkan mövcudluğu kontekstində əsas elementlərinin formalaşmasında mühüm rol oynamış özəllikdir. Bu prosesdə bütövlükdə Turan şəhərsalma və memarlıq kültür ənənəsi ilə Azərbaycana xas incə mədəni kimliyin püxtələşməsi də ayrıca yer tutmaqdadır.
Bu bağlılıqda Rəşidəddinin Azərbaycan alimləri haqqında fikirləri yalnız qiymət vermək demək deyildi – o, bütövlükdə Azərbaycan kültür mühitinin formalaşmasında ziyalılığın, alimliyin yeri və rolunu adekvat dərk etmək baxmından da əhəmiyyətlidir. Rəşidəddin yazırdı ki, Aristotel və Platonun öz dövrləri var idi. İndi isə başqa dönəmdir. O cümlədən Azərbaycanın dahi həkimlərindən olan Mahmud ibn İlyas və Mahzabəddin Təbrizinin dövrüdür.
Elm həyatının şəhər identikliyinə orqanik daxil olmasaydı, bu cür fikirlər söyləmək mümkün deyildi. O cümlədən Təbriz həmin dövrdə dünya miqyasında təsiri olan elmi mərkəzlərdən biri idi.
Şamaxı Akademiyası: “mədəni yaddaş”
Ömər Osman oğlu XII əsrdə Şamaxı Akademiyasını yaratmışdı. Avropalı bir səyyah orada elmlərin tədrisində dünyəviliyin xüsusi yer tutmasından heyrətə gəlmişdi. Şamaxı Akademiyasının tərkibində ciddi araşdırmalar aparılan tibbi məktəb mövcud idi. Orada xarici tədqiqatçıların da çalışdığı haqqında informasiyalar vardır.
Şəhərin infrastrukturunda da Şamaxı Akademiyası xüsusi yer almışdı. İndi Şamaxı şəhərinin yaxınlığında olan Məlhəm kəndi həmin Akademiyanın dərmanlarını hazırlayan məkan kimi Şamaxı Akademiyasının bu günümüzə gəlib çatan “mədəni yaddaşı”, əlaməti, “tarixi yadigarı”dır. Ömər Osman oğlunun doğulduğu yer indi də “Dədə Günəş” adı ilə məşhurdur. Ömər Osman oğlunun təşkil etdiyi Akademiyanın nəzdində kimyaçılar da fəaliyyət göstərirdilər.
Onun təşkil etdiyi Akademiyanın tibbi şöbəsi birinci növbədə Azərbaycanda klinika tədqiqat metodlarını yaymağa başlamışdır. Deməli, həmin Akademiyada xüsusi məkanlar yaradılmışdır ki, tibb üzrə həm dərman hazırlamaq, həm də müalicə aparmaq prosesləri bir-birini tamamlamışdır. Bu da mütləq surətdə Şamaxının şəhər kimi infrastrukturunda özəl komponentlərin yaradılması demək idi.
XV-XVIII əsrlərdə Azərbaycandakı elmi mərkəzlər fəaliyyətlərini davam etdirmişdir. Həmin dövrdə Əbdürrəşid Bakuvinin elmi fəaliyyəti çox səmərəli olmuşdur. Ə.Bakuvi həm də ölkənin mədəniyyət tarixində Bakının şəhər, memarlıq və mədəniyyət məkanı kimi özəl yerinin rəmzlərindən biridir.
Şəhərsalma və urbanizasiya ənənəsində Bakı fenomeni xüsusi yer tutur. Bunun konkret tarixi və mədəni səbəbləri mövcuddur. Prezident İlham Əliyev “Azərbaycanın Xəzər nefti” (2003) monoqrafiyasında vurğulayır ki, “Köhnə Bakı, iki sıra istehkam divarları ilə əhatə olunmuş kiçik bir şəhər olan İçərişəhərdir (Daxili Şəhər). Cəmi 2000-3000 əhalisi olan bu şəhər, iki çox bahalı sıra güclü istehkam divarları, şəhər körfəzində eyni dərəcədə güclü istehkamlar və müxtəlif məqsədli, öz dövrünə görə möhtəşəm qüllələrə malik idi. Burada gözəl, özünəməxsus orta əsr memarlığı qorunub saxlanılıb. Sıx yerli əhəngdaşı unikal, dərin daş oymaları ilə bəzədilmiş memarlıq şah əsərlərinin yaradılmasına imkan verirdi. Şəhər hər birinin öz məscidləri, hamamları və karvansaraları olan məhəllələrə (məhəllələrə) bölünmüşdü. Şəhərin təpəsinin zirvəsində əzəmətli Şirvanşahlar Sarayı kompleksi yerləşirdi”.
Burada dəqiq, maraqlı və tarixi aspektdə əhəmiyyəti çox olan bir təsvir-təqdimat vardır. Çünki elə məqamlar vahid kontekstdə vurğulanmışdır ki, onları bir mənzərədə birləşdirəndə İçərişəhərin həmin dövrdə malik olduğu memarlıq özəlliyi göz önündə parlayır. Məsələn, şəhərin hər məhəlləsində məscid, hamam və karvansaranın olması şəhərsalma mədəniyyəti kontekstində memarlıq ənənəsinin sintezinin bariz nümunəsidir. Urbanizasiya baxımından bu, Azərbaycan şəhərlərində dinə (məscid), ekolojiyə və ya insanların təmizliyinə (hamam) və qonaqlara, iş adamlarına, tacirlərə (karvansara) münasibətin maraqlı təzahürüdür. Bunu bütövlükdə Azərbaycanda şəhərsalma mədəniyyətinin elementi kimi qəbul etmək gərəkdir. Həmin məqam çox qabarıq şəkildə şəhərin memarlıq xüsusiyyətlərində ifadəsini tapmışdır. O, ümumilikdə, Abşeron-Bakı memarlıq məktəbinin əsas estetik özəlliklərini ifadə etməkdədir.
Əsərdəki bu təqdimatda o dövrün Bakısında şəhərsalma və memarlığın məntiqi, dizayn, zaman-məkan kompleksləşməsinin məna keçidləri ilə estetik zövqü ifadə edən keçidlər bir-birini tamamlayırlar.
Bu, bütövlükdə, Azərbaycan şəhərsalma və memarlıq ənənələrinin daxili məntiqi, semantik, estetik, fəlsəfi və predmetləşmə xüsusiyyətlərinin WUF13 kontekstində anlamı üçün çox vacibdir. Həmin fikirlərdə bütövlükdə milli mədəniyyət kontekstində şəhərsalma və memarlıq ənənəsindən müasirliyə keçid prosesində rasionallıqla estetik zövqün nisbətini adekvat dərketmənin fəlsəfəsi vardır. Bu aspekt üzərində geniş dayanmaq gərəkdir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

