Moskvanın İrəvana enerji mesajının açması
Ermənistanın Avropa İttifaqına (Aİ) yaxınlaşma cəhdləri Rusiyanın narazılığı ilə qarşılanır. Rusiyanın energetika naziri Sergey Tsivilyov qeyd edib ki, Ermənistan iqtisadiyyatının son illərdəki artımında ölkəsindən idxal olunan ucuz enerji resursları rol oynayıb. Moskva hesab edir ki, İrəvanın iqtisadi sabitliyi və rəqabət qabiliyyəti birbaşa Rusiya ilə inteqrasiya mexanizmlərindən asılıdır.
Bu mövqe mayın 29-da Astanada keçirilən Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində səsləndirilib. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk isə vurğulayıb ki, Ermənistanın faydalandığı iqtisadi güzəştlər və enerji sahəsindəki xüsusi şərtlər məhz Aİİ-yə üzvlüyünün nəticəsidir. Onun sözlərinə görə, Ermənistan hazırda 180 milyonluq ittifaq bazarına maneəsiz çıxış əldə edir və İranla azad ticarət imkanlarından yararlanır. Qərb istiqamətində buna bərabər alternativ tapmaq isə çətindir: “Avrasiya İqtisadi İttifaqından kənarda Ermənistan üçün qaz bahalı olacaq və Avropa standartlarına keçid enerji tariflərinin artması, istehsalın azalması və həyat səviyyəsinin aşağı düşməsi ilə nəticələnəcək... Biz bazarın vəziyyətindən çox yaxşı xəbərdarıq. Orada heç vaxt Rusiyadan başqa qaz olmayacaq”, – deyə Overçuk vurğulayıb.
Moskva həmçinin xəbərdarlıq edib ki, Ermənistan Aİ-yə inteqrasiyanı davam etdirərsə, qaz, neft və yanacaq sahəsində mövcud güzəştli şərtlər yenidən nəzərdən keçirilə və ya ləğv oluna bilər. Şübhəsiz ki, Overçukun “Ermənistanın heç vaxt Rusiya qazından başqa qazı olmayacaq” fikri iqtisadi arqumentdən daha çox, siyasi bəyanat təsiri bağışlayır. Bir neçə il əvvəl Avropanın da Rusiya qazından asılı olduğu və bu asılılığın aradan qaldırıla bilməyəcəyi iddia edilirdi. Lakin son hadisələr göstərdi ki, siyasi iradə, investisiya və vaxt olduqda enerji marşrutlarını dəyişmək mümkündür. Əgər Rusiya qazı həqiqətən Ermənistan üçün bu qədər sərfəli və əvəzolunmazdırsa, bunun əsas sübutu təhdidlər deyil, bazar şərtləri olmalıdır. Hər siyasi fikir ayrılığı fonunda güzəştli qiymətlərin ləğv ediləcəyi barədə xəbərdarlıqlar iqtisadi üstünlükdən daha çox siyasi təzyiq xarakteri daşıyır.
Tərəflər arasında müzakirələrin diqqətçəkən məqamlarından biri də qarşılıqlı asılılıq məsələsidir. Ermənistanın enerji sistemində Rusiyanın rolu böyük olsa da, münasibətlər birtərəfli xarakter daşımır. Bu gün “Gazprom” Ermənistanın qaz infrastrukturunun əsas hissəsinə nəzarət edir və ölkə bazarından ciddi gəlir əldə edir. Buna görə də münasibətlərin pisləşməsi təkcə Ermənistan üçün deyil, Rusiyanın iqtisadi maraqları baxımından da müəyyən risklər yarada bilər.
Bundan əlavə, Ermənistanın iqtisadi göstəricilərində enerji resursları mühüm rol oynasa da, iqtisadi artımın əsas mənbələri arasında xidmət sektoru, informasiya texnologiyaları, turizm, ticarət, investisiyalar və xaricdən daxil olan maliyyə axınları da yer alır. Bu səbəbdən ölkənin bütün iqtisadi uğurlarını yalnız enerji qiymətləri ilə əlaqələndirmək doğru yanaşma hesab edilə bilməz. Deməli, əməkdaşlığın mümkün pozulması yalnız bir tərəfin ziyanına deyil, qarşılıqlı təsir effekti yarada bilər.
Müzakirələrin digər mühüm istiqaməti qazın qiyməti məsələsidir. Ermənistan tərəfinin arqumentlərinə görə, ölkənin qazı 170 dollara aldığı barədə tez-tez səsləndirilən rəqəm son istehlakçının ödədiyi real tarifi əks etdirmir. Qazın qiyməti ətrafında gedən mübahisələr bu diskussiyanın diqqətçəkən məqamlarındandır. Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib: “Biz qazı 170 dollara almırıq... Deyirlər ki, qazı Avropaya 600 dollara satırlar, amma bizə 170 dollara. Əvvəla, orada 600 dollar deyil, daha aşağıdır, indi 450 dollardır... və burada, üzr istəyirəm, 170 dollar deyil, 350 dollardır. Bəli, 350 ilə 450 dollar arasında fərq var, amma 600 ilə 170 dollar arasındakı fərq deyil”. Bu baxımdan Ermənistanla Avropa bazarları arasındakı qiymət fərqinin təqdim edildiyi qədər böyük olmadığı bildirilir.
Bütün bunlar göstərir ki, Ermənistanın qarşısında təkcə enerji seçimi deyil, həm də geosiyasi seçim dayanır. Bir tərəfdə Rusiya ilə formalaşmış iqtisadi və enerji əlaqələri, digər tərəfdə isə Avropa ilə daha sıx inteqrasiya perspektivi mövcuddur. Hazırda bu iki istiqamət arasında balans yaratmağa çalışan İrəvan üçün əsas məsələ qısamüddətli iqtisadi risklərlə uzunmüddətli strateji hədəflər arasında seçim etməkdir. Məhz buna görə də Ermənistanın enerji təhlükəsizliyi, Avrasiya İqtisadi İttifaqındakı gələcəyi və Avropa ilə münasibətləri ətrafında müzakirələrin yaxın dövrdə daha da intensivləşəcəyi gözlənilir.
Bununla bağlı Ermənistanın Baş naziri Nikol Paşinyan hələ də Rusiyanın tələb etdiyi referendumdan imtina edir. “Ermənistan rəsmi olaraq Aİ üzvlüyünə müraciət edənə və ya Aİ namizədi statusuna yaxınlaşana qədər hər hansı referendum keçirmək məntiqsizdir, çünki bunun üçün heç bir əsas yoxdur”, – deyə Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, Ermənistan mümkün qədər, yəni Aİ namizədi statusunun alınması üçün rəsmi prosedurlar başlayana qədər Avrasiya İqtisadi İttifaqında qalacaq.
Bəs Azərbaycan qazı alternativ ola bilərmi? Bununla bağlı iqtisadçı-ekspert Mahir Zeynalov bildirdi ki, Ermənistana Azərbaycan qazının nəqli nəzəri baxımdan mümkün olsa da, mövcud siyasi və infrastruktur reallıqları fonunda bunun yaxın perspektivdə reallaşma ehtimalı yüksək görünmür. Bununla belə, bu ssenarini tamamilə istisna etmək də doğru olmaz: “Hazırda Ermənistanın qaz infrastrukturu, əsasən, “Gazprom”un nəzarətindədir. Bu amil alternativ mənbələrin bazara daxil olmasını həm iqtisadi, həm də siyasi baxımdan çətinləşdirir. Bundan əlavə, ölkənin enerji sisteminin uzun illər Rusiya qazına inteqrasiya olunması qısamüddətli dövrdə başqa mənbəyə keçidi mürəkkəbləşdirir”.
Ekspert hesab edir ki, regional kommunikasiyaların açılması və sülh prosesinin uğurla nəticələnməsi halında Azərbaycan qazının Ermənistana satılması həm iqtisadi, həm də siyasi baxımdan məntiqli variantlardan biridir: “Bu halda Ermənistan enerji mənbələrini şaxələndirər, Azərbaycan isə yeni bazar əldə edər. Eyni zamanda, belə əməkdaşlıq regionda qarşılıqlı asılılığı artıraraq uzunmüddətli sabitliyə töhfə verər”.
Beləliklə, Azərbaycan qazının Ermənistana nəqli həm texniki, həm də iqtisadi baxımdan mümkün görünür. Lakin bu ssenarinin reallaşması ilk növbədə siyasi qərarlardan, Bakı-İrəvan münasibətlərinin normallaşmasından və regionda sabit təhlükəsizlik mühitinin formalaşmasından asılıdır. Ermənistanın enerji mənbələrini şaxələndirmək istəyi gələcəkdə Azərbaycan qazına marağı artıra bilər, lakin mövcud siyasi reallıqlar belə bir əməkdaşlığın yaxın perspektivdə mümkün olmadığını göstərir. Bu səbəbdən məsələ hazırda daha çox orta və uzunmüddətli perspektivdə nəzərdən keçirilən ehtimal kimi qiymətləndirilir. Enerji əməkdaşlığı isə gələcəkdə tərəflər arasında iqtisadi əlaqələrin genişlənməsinə və regional inteqrasiyaya töhfə verə biləcək amillərdən biri hesab olunur.
Pünhan ƏFƏNDİYEV
XQ



