Azərbaycanın rəqəmsal inkişaf uğurları TDT tribunasında

post-img

Türk dövlətləri yeni nizamın texnoloji əsaslarını hazırlayır

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstanın Türküstan şəhərində, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, dünyada baş verən rəqəmsal dəyişikliklər yeni inkişaf mərhələsinin əsas xəttidir. Dövlət başçısı çıxışında vurğuladı ki, görüşün mövzusu dövrümüzün çağırışlarını və prioritetlərini dolğun şəkildə əks etdirir. Bu gün rəqəmsal inkişaf və süni intellektin yaratdığı imkanlar qlobal rəqabətin istiqamətini müəyyənləşdirir və türk dövlətlərinin də bu prosesdə ön mövqedə dayanması vacibdir.

Eyni zamanda, ölkədə süni intellektdən məsuliyyətli istifadənin təmin edilməsi, onun qanunazidd məqsədlər üçün tətbiqinin qarşısının alınması istiqamətində də ardıcıl tədbirlər görülür. Bu, texnoloji inkişafın təhlükəsizlik, hüquqi tənzimləmə və ictimai məsuliyyətlə paralel aparıldığını göstərir. Beləliklə, Azərbaycan süni intellekt sahəsində həm inkişafı sürətləndirməyə, həm də bu prosesə nəzarətli və dayanıqlı çərçivə verməyə çalışır.

Xatırladaq ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı” Azərbaycanda rəqəmsal inkişaf prosesini ayrı-ayrı təşəbbüslər mərhələsindən çıxararaq vahid strateji idarəetmə modelinə yönəldir. Bu mərhələdə müşahidə olunan dinamikanın əsas səbəblərindən biri rəqəmsal transformasiyanın ali idarəetmə səviyyəsində koordinasiya edilməsidir. Rəqəmsal İnkişaf Şurasının təsis olunması və quruma Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etməsi rəqəmsallaşmanı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib. Belə yanaşma qərarvermə prosesinin çevikliyini artırır, müxtəlif qurumlar arasında koordinasiyanı gücləndirir və inzibati maneələrin minimuma endirilməsinə şərait yaradır.

Rəqəmsal keçidin sürət qazanması üçün əsas şərtlərdən biri güclü texnoloji infrastrukturun formalaşdırılması idi və artıq bu istiqamətdə mühüm nəticələr əldə olunub. Ölkənin ən ucqar yaşayış məntəqələrinə qədər genişləndirilmiş “GPON” optik internet şəbəkəsi rəqəmsal inkişafın əsas dayaqlarından hesab olunur. Yüksək sürətli məlumat ötürülməsi generativ süni intellekt, böyük verilənlər bazası və bulud texnologiyalarının tətbiqi üçün vacib texniki imkanlar yaradır. İnfrastruktur imkanlarının genişlənməsi rəqəmsal dövlət xidmətlərinin regionlar üzrə daha əlçatan olmasına və ölkə daxilində rəqəmsal fərqlərin azalmasına xidmət edir.

Rəqəmsal inkişaf strategiyasının dayanıqlılığını təmin edən ən vacib istiqamətlərdən biri isə insan kapitalının gücləndirilməsidir. Fəaliyyət Planına uyğun olaraq təhsil sistemində rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və süni intellektlə bağlı mövzuların geniş yer alması gələcəyin peşə bazarına hazırlıq məqsədi daşıyır. Süni intellekt texnologiyalarının tətbiqi həmin sistemləri idarə edə biləcək peşəkar kadrların hazırlanmasını və rəqəmsal xidmətlərdən istifadə bacarığına malik cəmiyyətin formalaşdırılmasını tələb edir. Məhz bu çoxşaxəli yanaşma Azərbaycanın qlobal rəqəmsal transformasiya prosesində fəal iştirakçı kimi çıxış etməsinə şərait yaradır.

Prezident İlham Əliyev çıxışında bildirdi ki, Avropa ilə Asiya arasında “Rəqəmsal İpək Yolu” layihəsi icra olunur. Bu layihənin tərkib hissəsi olan, Azərbaycan ilə Qazaxıstan arasında Transxəzər fiber-optik kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, “Rəqəmsal İpək Yolu" regionun rəqəmsal ekosistemini dünyanın ən qabaqcıl standartlarına uyğun inkişaf etdirəcək, habelə xarici internet təminatçılarından asılılığı azaldacaq, Mərkəzi və Cənubi Asiya regionlarında 1,8 milyard insan üçün müxtəlif rəqəmsal xidmətlərə çıxış imkanını yaxşılaşdıracaqdır. Bu iddialı layihə Azərbaycan və Gürcüstanda müasir Data mərkəzlərinin və internet trafik mübadiləsi məntəqələrinin yaradılması, regionun qlobal hiper miqyasçeviricilər üçün potensial təyinat yerinə çevrilməsi imkanlarını nəzərdə tutur.

Layihənin birinci istiqaməti Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsidir. Sumqayıt və Aktau arasında çəkiləcək kabel xəttinin ümumi uzunluğu 380-400 km təşkil edəcək, magistral kabel xəttinin məlumat ötürmə gücü isə 400 terabit/s-ə qədər olacaq. Xatırladaq ki, 2019-cu ilin 19 noyabr tarixində isə Qazaxıstanın Aktau şəhərində Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə Transxəzər fiber optik kabel xəttinin çəkilişi üzrə Qazaxıstan ərazisində işlərə başlanmasına dair mərasim baş tutmuşdur.

2023-cü ilin iyun ayında da Bakıda “AzerTelecom” və “Kazakhtelecom” arasında Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə Transxəzər fiber-optik rabitə xəttinin tikintisi və istismarı üzrə birgə müəssisənin yaradılmasına dair Səhmdarlar müqaviləsi imzalanıb. Layihənin mühüm hissəsi olan bu müqavilə onun yekunlaşdırılması istiqamətində tərəflərin birgə səylərini və fəaliyyətlərini əks etdirir. 2025-ci ilin 4 mart tarixində isə Bakıda “Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisinə dair müqavilənin təsdiq edilməsi haqqında” sənəd imzalanmışdır.

Tikinti isə prosesi sahilyanı ərazilərin və dəniz dibinin qiymətləndirilməsi, yüksəkkeyfiyyətli, davamlı kabellərin layihələndirilməsi və istehsalı, habelə onların daşınması və quraşdırılması da daxil olmaqla bir neçə mərhələdə həyata keçiriləcək. Tikinti üzrə tenderin qalibi “HMN Technologies Co.” (Huawei Marine Services) şirkəti olmuşdur və müqavilə şərtləri tam razılaşdırılmışdır. Tikinti işlərinin 2026-cı ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

Ümumiyyətlə, TDT-nin yeni dünya nizamındakı mövqeyi mövcud cağırışlar və perspektivləri tam əhatə etməli və üzv dövlətlər bu çərçivədə səylərini daha da genişləndirməlidirlər. Rəqabətqabiliyyətli sistemin qurulması və mövcud təhdidlərə qarşı birgə mübarizə dövrün texnoloji yeniliklərinin inteqrasiyasından birbaşa aslıdır.

Qalib QURBANOV,
Azərbaycan İnternet Cəmiyyətinin sədri

İnternetin inkişafı məsələsində deyə bilərəm ki, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanda sabit genişzolaqlı internetin əhatəsi 100 faizə çatdırılmışdır. Bütün dövlət xidmətlərinin vahid rəqəmsal platforma üzərindən həyata keçirilməsi istiqamətində işlər davam edir.

Ölkəmiz artıq öz qarşısına qoyduğu məqsədlərə yaxınlaşır və inkişaf etmiş ölkələrin səviyyəsinə müəyyən dərəcədə çatıb. Praktik olaraq ölkənin bütün yaşayış məntəqələri, o cümlədən ucqar bölgələr internet xidmətləri ilə təmin olunub. Bununla belə, Prezident tərəfindən qarşıya qoyulan əsas vəzifələrdən biri internetin sürətinin və keyfiyyətinin davamlı şəkildə artırılmasıdır. Yəni məqsəd inkişaf etmiş ölkələr səviyyəsində yüksək sürət və sabit əlaqəyə nail olmaqdır. Görülən işlər kifayət qədərdir, lakin sürətin artırılması və xidmətlərin əlçatanlığının yüksəldilməsi məsələsi hələ də aktual olaraq qalır. Bu istiqamətdə provayderlər tərəfindən davamlı iş aparılır. Prezident yanında keçirilən müvafiq komissiyanın iclasında da bu sahə üzrə yeni vəzifələr müəyyənləşdirilib.

Süni intellekt mövzusuna gəldikdə isə, artıq demək olar ki, onun tətbiqi cəmiyyətdə, xüsusilə gənclər arasında geniş yayılıb. Dövlət qurumlarında da süni intellektin imkanlarından istifadə olunur. Məsələn, sənədlərin hazırlanması, məktubların tərtibi, çıxış mətnlərinin yazılması və digər inzibati proseslərdə bu texnologiyadan yararlanılır. Bu səbəbdən bəzi həssas sahələrdə, o cümlədən dövlət sirri təşkil edən məlumatların işlənməsində süni intellektdən istifadəyə xüsusi yanaşma tələb olunur. Belə hallarda hüquqi və texniki tənzimləmələrin hazırlanması zəruridir. Dövlət sirrinin qorunması üçün xüsusi təhlükəsizlik modulları tətbiq olunmalı, məlumatların emalı yalnız nəzarət olunan sistemlər vasitəsilə həyata keçirilməlidir.

Bundan əlavə, bir sıra ölkələrlə, xüsusilə İsraillə süni intellektin işlənməsi və tətbiqi sahəsində birgə əməkdaşlıq istiqamətində işlər aparılır. Bu əməkdaşlıq çərçivəsində texnoloji təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Nurlan ABDALOV
XQ



İqtisadiyyat