Mayın 9-da dövlət başçısının Şərqi Zəngəzura növbəti–sayca 13-cü səfəri oldu. Hər səfər bizi birinci “Böyük Qayıdış” Proqramının yekununa daha da yaxınlaşdırır, işğaldan sonra ilk gördüyümüz bu torpaqların mənzərəsini tamamilə dəyişir, yeni-yeni layihələrin anonsunu verir. Şərqi Zəngəzur yenidən inşa edilir. Burada proses o qədər sürətlə gedir ki, bu gün əldə olunan məlumatlar sabah köhnə ola bilər. Ona görə də bu qeydlər daha çox təəssüratlardır.
Mayın 7-si. Biz Horadizdən üzü Zəngilana doğru gedirik. Çoxlarına bu tablo tanışdı. Sağda və solda dağıdılmış kəndlər, uçurulmuş binalar, ruhların tərk etdiyi məzarlıqlar, kövrəlmiş qəbir daşlarına bağlanmış qan rəngli xatirə lentləri və s. Bütün bunlar göz yaddaşımızın rəfində sıralanıb hərəsi öz yerini tutub...
Yeni inşa edilmiş Ağalı oteldə nahar edirik. Ora-bura uçuşan qaranquşlar az qalır adamın gözünə girsin. Onlara qoşulub uçmaq istəyirsən. Otelin fasadı boyu yüzlərlə yuva qurulub. Xarabalıqlarda bayquşlar olur, abad yerlərdə qaranquşlar. Bayquşlar getdi, qaranquşlar gəldi. Qaranquşlar köçəri deyillər, iqlim dəyişən quşlardır. İndiki bu abad iqlim onların iqlimidir. Qaranquşların sevinci bizim sevincimizdən daha çoxdu. Quşlar abadlığın geridönməz olduğunu adamlardan daha çox hiss edirlər. Qaranquş yuva quran evin işığı heç vaxt sönməz…
Yeni salınmış kənd və qəsəbələr bölgənin gələcək simasının bələdçisi kimi bizi irəliyə aparır. Şərqi Zəngəzurun səmasından keçən hava yolu–Zəngilan Hava Limanı yeni salınan dəmir və quru yolu ilə bir vəhdət təşkil edir. Sağımıza, solumuza baxa-baxa irəliyə, lap sona qədər gedirik. Ağbəndin birinci tuneli bizi qarşılayır. Bir az qabaqda ikinci, ondan da sonra üçüncü tunel gəlir. 6 kilometr o tərəfdə isə sərhəddir. İlk tunelə çatanda işğaldan sonra Zəngilana birinci dəfə gəldiyim vaxt daxilimdə qıvrılan təlatümlü səsi bir də eşitdim. “Burdayıq, gəlmişik…”. O vaxt həmin səs iliyimə qədər işləmişdi nəfəs kimi dağlara, daşlara, yaralanmış torpağa yayılmışdı. Həmin səsi yenidən eşitdim və mənə elə gəldi ki, o səs şəhid dostlarımın səsidir, yaxın-uzaq tanışların və ən başlıcası, bura gələ bilməyən, lakin könlü buralarda olan adamların sədasıdır, məni seçib, mənə əmanət edilib. Mən o səsin götürdüyü yükü daşımalı idim, tuneldən-tunelə, mərzimizə, səddimizə, sərhədimizə qədər.
Əcaba, biz hardayıq indi? Hardan hara gəldik. Nağıl kimi ömür, film kimi həyat. Horadizdən bura qədər cəmi 123 kilometrlik bir məsafədir. Biz bu məsafəni qət etmək üçün nə az, nə çox düz 31 il səbir etdik, dözdük, utana-utana, vicdan əzabı çəkə-çəkə, xəcalət təri tökə-tökə. Ədalətin zəif gücü bizi ovuda bilmədi, haqqın sözü düz dörd dəfə yerə düşdü, yerlə süründü, o vaxta qədər ki, içimizdən bir GÜC öz ƏDALƏTİ ilə ortaya çıxdı və bir xalqın, bir millətin əlindən alınmış hüququnu qanıyla, canıyla, namusu ilə geri aldı. Gücün Ədaləti Ədalətin gücünə sahib çıxdı. Güclü Ədalət olmayanda Ədalətli güc dünyaya gəlir. Biz həddimizi aşmadan səddimizə gəlib çatdıq. O səddə ki, orda indi Araz sakit-sakit axır, suyu da boldur, suyundan içənlərin sayı da çoxalır. Zəngilanlılar çətin unutsunlar. 1993-cü ilin oktyabrında bir şəhər, beş qəsəbə, səksən üç kənd çarəsiz qalmışdı burda Arazın vadisində. 31 il əvvəl 35 min zəngilanlı Arazın suyunun azalmasını çox istəyirdi. Naxçıvan o zaman Araza bənd vurub suyunu azaltmışdı ki, köməksiz qalan zəngilanlılar xilas olsunlar, xilas oldular da yurdlarında yurd salan ölümün pəncəsindən. Yurdlar dağıldı, dəyərlər dərbədər oldu. Cism yararsız olanda ruh bədəni tərk edər...
Ruhumuz düşdü, lakin ölmədi. İndi Arazın bu kiçik vadisində, balaca bir torpaq sahəsində elə böyük işlər gedir ki, deməklə qurtaran deyil. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu və Araz çayı üzərində yeni körpü, 123 kilometr uzunluğunda olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolu və üç tunel olduqca ciddi infrastruktur layihələridir. Bu yollarla paralel olaraq relsləri poladdan tökülmüş 110 kilometrlik Horadiz-Ağbənd dəmir yolu xətti uzanır. Bunlar məmləkətin qırılmaz çəlik qollarıdır, dartıb aparır bizi. Yeni yollar salınır, gələcəyin qatarı burdan keçəcək.
Getməyə yolun varsa, deməli, gələcəyin də var. Hava yolu, dəmir yolu, quru və su yolu. Bunlar hamısı bir boğaza, bir dəhlizə, geniş və rahat bir magistrala çıxaracaq bizi, adını nə qoyurlarsa, qoysunlar. Buradakı işlərin sərhədi yoxdur. Görməmək mümkün deyil. 44 günlük müharibədən əvvəl harda idik, indi hardayıq. 44 günlük müharibədən əvvəl bu torpaqlar şəhidləri doğdu, şəhidlər rifahı və tərəqqini gətirdi. Şəhidi olan torpaq müqəddəsdir, cənnətin bir parçasıdır. Harda doğulduğumuzun və harda yaşadığımızın fərqinə varmalıyıq. Hamı üçün haralısan sualının cavabı bir olmalıdır, “biz şəhid doğan və şəhid verən torpaqlardanıq”…
Arazın o tayında vadi boyu görünən kəndlər də Azərbaycan kəndləridir. Durduğumuz yer Azərbaycanın Şərqi Zəngəzuru, Arazın o tayı Azərbaycanın Cənubu, altı kilometr qabaqda isə Zəngəzurun Qərbi. Biz sərhədimizdəyik.
Taleyin işinə bax, Azərbaycan Respublikası coğrafi olaraq Azərbaycanla həmsərhəddir, sağda da, solda da, irəlidə də geridə də. Şimalın və şimal-qərbin qan donduran küləkləri, cənubun və cənub-şərqin səmum yelləri, yazılan və yazılmayan nəsnələr, deyilən və deyilməyən dez və düz xəbərlər, bunlar hamısı təfərrüatlardır, hər şey unudulacaq, hər şey keçib gedəcək, qalıcı olan yalnız gözümüzlə gördüklərimiz, toxunaraq hiss etdiklərimiz olacaq. Onları görürük, görməliyik, hiss etməliyik, canımızda, qanımızda, bütün varlığımızda. Biz durduğumuz bu yerdən, hərəkət etdiyimiz bu zamandan başqa yerlərə, başqa zamanlara tamamilə fərqli bir biçimdə, fərqli bir tərzdə gedəcəyik və gedirik də. Bu relslərdən keçəcək gələcəyin qatarı sağımızda və solumuzda olan Azərbaycan coğrafiyasını bizimlə bərabər məhz, bu yolla aparacaq qabağa...
6 il bundan əvvəl 123 kilometrlik bir məsafəni 44 günə gəldik, minaların üstü ilə addım-addım. Dağlar, yamaclar, yamaclardakı bütün canlılar, hər şey, hər şey hamısı minaların üstündə idi. Bayraq minaların üstündən qaldırıldı, sonra torpaq təmizləndi, cana gəldi, “ağıllı kəndlər” salındı. O vaxta qədər atalar uşaqların üzünə baxa bilmirdi, indimiz keçmişimizdən və gələcəyimizdən utanırdı. Bunlar arxada qaldı…
10 may 2026-cı il səfərimiz başa çatdı. Çox şey dəyişib və dəyişir, çox şey. Daha atalar oğullardan, oğullar nəvələrdən utanmır və utanmayacaq. Bu gün ATALAR GÜNÜdür. Bizi oyaq və ayıq saxlamaq üçün atalarımızın səsi qoy, həmişə qulaqlarımızda yaşasın...
Gəlmişik, çatmışıq, gələcəyin qatarını gözləyirik, baxırıq qatar gələn tərəfə, gələcək, mütləq gələcək...
Bahadır ŞƏFİ

