“ASAN xidmət” Süni İntellekt Gününə tərəfdaş dəstəyi göstərib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 


 
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilati tərəfdaşlığı ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Süni İntellekt Günü – “Day of AI” konfransı təşkil olunub.

Dövlət Agentliyindən XQ-yə verilən məlumata görə, Azərbaycanda ilk dəfə keçirilən tədbirin əsas məqsədi süni intellektin təhsil sahəsində tətbiq imkanlarının müzakirəsi, Sİ savadlılığının təşviqi və müxtəlif sektorlar arasında əməkdaşlığın gücləndirilməsi olub.

Konfransda dövlət qurumlarının, ali təhsil müəssisələrinin nümayəndələri, məktəb direktorları, müəllimlər, həmçinin innovasiya və texnologiya sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq ekspertlər iştirak ediblər. Tədbirdə süni intellektin təhsil sistemində rolu və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

“İnnovasiyalar Mərkəzi”nin direktor müşaviri və “ASAN AI Hub”ın rəhbəri Ləman İbrahimova “Real nəticələrə nail olmaq: Süni intellekt strategiyasının praktik tətbiqi” mövzusunda keçirilən paneldə çıxış edib. Bildirilib ki, “ASAN AI Hub” beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində süni intellekt üzrə kurslar və təlim proqramları həyata keçirir. Bununla yanaşı, müəllim və tələbələr üçün fərdiləşdirilmiş öyrənmə imkanlarının yaradılması istiqamətində işlərin davam etdirildiyi vurğulanıb.

ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisi Nofəl Əliyev isə “Süni intellekt savadlılığı 101: Hər bir müəllim üçün zəruri kompetensiyalar” mövzusunda təlim keçib. Təlim zamanı süni intellekt alətlərinin tədris prosesində istifadəsi, dərslərin daha səmərəli təşkili, vizual materialların hazırlanması və müəllimlərin iş yükünün optimallaşdırılması ilə bağlı praktiki nümunələr təqdim olunub.

Konfrans çərçivəsində təşkil edilən sərgi zonasında innovasiya mərkəzləri, STEAM və süni intellekt sahəsində çalışan şirkətlər, təhsil müəssisələri və texnologiya platformaları öz layihə və innovativ həllərini nümayiş etdiriblər. “İnnovasiyalar Mərkəzi”nin “Bilim Azərbaycan” layihəsi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, ASAN İnnovativ İnkişaf Mərkəzi və digər təşəbbüslər xüsusi stenddə təqdim olunub.











Sosial həyat