Naxçıvanda gənc alimləri bir araya gətirəcək böyük elmi platforma – NASCO29 keçiriləcək

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

15-16 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29)” keçiriləcək.

Ənənəvi – əyani formatda keçiriləcək konfransın əsas məqsədi doktorant və gənc tədqiqatçılar üçün elmi nəticələrin təqdimatı, aktual problemlərin müzakirəsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması və innovativ ideyaların inkişafı üçün geniş platforma yaratmaqdır. Konfrasda ölkənin bütün bölgələrindən və müxtəlif elmi istiqamətlərdən olan gənc alimlər bir araya gələcək.

Elmin bütün sahələrini əhatə edəcək NASCO29 çərçivəsində iştirakçılar elmi polemikalar aparmaq, təcrübə mübadiləsi etmək və multidissiplinar yanaşmalar formalaşdırmaq imkanı əldə edəcəklər. Konfrans gənc tədqiqatçıların elmi potensialının üzə çıxarılması və akademik mühitdə yeni təşəbbüslərin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

 Təqdim olunacaq məqalə və tezislər ciddi elmi ekspertiza və resenziya mərhələsindən keçiriləcək, həmçinin akademik dürüstlük və etik prinsiplərə uyğunluğu yoxlanılacaq. Qəbul edilən materiallar konfransın rəsmi toplusunda dərc olunacaq.

Qeyd edək ki, konfransda iştirak tamamilə ödənişsizdir.

Tədbirlə bağlı ətraflı məlumat, tezis tərtibatı qaydaları və qeydiyyat prosesi ilə bağlı konfrans.ndu.edu.az saytına müraciət etmək mümkündür.

Səbuhi HƏSƏNOV
XQ

Elm