Bolnisidə Atatürkü anma günü qeyd edilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Bolnisi rayonunda fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində 19 May – Atatürkü Anma, Gənclər və İdman Günü münasibətilə anım tədbiri keçirilib. Tədbir çərçivəsində təşkil olumuş “1919, 19 Mayıs” adlı foto və rəsm sərgisi nümayiş etdirilib. Sərgidə rəssamlar Qəşəm Süleymanov və Xəyalə İsmayılovanın Mustafa Kamal Atatürk, Türkiyənin istiqlal mübarizəsi, milli ruh və qardaşlıq mövzularını əks etdirən rəsm əsərləri sərgilənib. 

Tədbir Azərbaycan, Gürcüstan və Türkiyə Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk və onun silahdaşlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra “1919, 19 Mayıs” adlı qısametrajlı sənədli film nümayiş etdirilib. Filmdə 1919-cu ilin 19 may tarixinin Türkiyə tarixindəki əhəmiyyəti, Atatürkün Samsuna çıxışı və Türkiyənin milli azadlıq mübarizəsinin başlanğıcı haqqında ətraflı məlumat verilib.

Tədbirdə çıxış edən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin direktoru Rezo Həsənov 19 May tarixinin türk dünyası üçün önəmindən danışaraq, Türkiyə ilə Gürcüstan arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini qeyd edib.

Filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli 1919-cu ilin 19 may tarixindən, Türkiyənin keçdiyi çətin və şərəfli mübarizə yolundan bəhs edib. O, Mustafa Kamal Atatürkün liderliyi ilə başlanan istiqlal hərəkatının yalnız Türkiyə üçün deyil, bütün türk dünyası üçün mühüm tarixi dönüş nöqtəsi olduğunu vurğulayıb. Professor eyni zamanda Gürcüstan və Türkiyə arasında formalaşmış tarixi və mədəni əlaqələr haqqında da ətraflı məlumat verib.

Çıxış edənlərdən sabiq deputat Ramiz Bəkirov, UİD Gürcüstan təşkilatının üzvü Balabəy Allahyarov, Kəpənəkçi ictimai məktəbinin müəllimi Çingizxan Yaqubov, Abdallı ictimai məktəbinin müəllimi Söhrab müəllim, Dəllər ictimai məktəbinin əməkdaşı Natəvan Mehdiyeva, eləcə də rəssamlar Qəşəm Süleymanov və Xəyalə Mustafayeva 19 Mayın türk gəncliyi üçün əhəmiyyətindən, Atatürkün ideyalarının bu gün də aktuallığını qorumasından, Azərbaycan–Türkiyə qardaşlığından və gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşdırılmasının vacibliyindən danışıblar.

Tədbir çərçivəsində mərkəzin könüllülərindən Sona Namazova “Cumhuriyyət” şeirini səsləndirib, Şarabanı Nənəcanova isə 19 Mayın gənclər üçün daşıdığı mənəvi dəyər barədə hazırladığı nitqlə çıxış edib.

Paşa ƏMİRCANOV
XQ







Sosial həyat