Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı Türkiyə Prezident Administrasiyasının İnvestisiya və Maliyyə Ofisinin (İnvest in Turkey) dəstəyi ilə keçirilən III Qlobal İslam İqtisadiyyatı Sammitində (3rd Global Islamic Economy Summit) çıxış edəcək.
XQ xəbər verir ki, “AlBaraka Forum”un təşkilatçılığı və Türkiyə Respublikası Prezidentinin iştirakı ilə keçiriləcək sammit 2026-cı il 3–6 iyun tarixlərində İstanbul Maliyyə Mərkəzində (İFM)- “Halkbank”ın baş ofisində baş tutacaq. “İslam iqtisadiyyatında kapital: dayanıqlı inkişaf naminə sərvətin strukturlaşdırılması” mövzusuna həsr olunan tədbir qlobal kapital axınlarının transformasiyası şəraitində maliyyə resurslarının real iqtisadiyyata yönəldilməsi istiqamətində mühüm beynəlxalq dialoq platforması kimi çıxış edəcək.
Sammit çərçivəsində prof. Vüsal Qasımlı “Mərkəzi Asiyada İslam İqtisadiyyatı və Halal Sənaye: mövcud reallıqlar və perspektivlər” (Islamic Economics and Halal in Central Asia: Current Realities and the Way Forward) mövzusunda keçiriləcək dəyirmi masa panelində məruzə ilə çıxış edəcək. Müzakirələr zamanı Mərkəzi Asiyada İslam iqtisadiyyatının institusional inkişafı, regionda ticarət və infrastruktur layihələrinin maliyyələşdirilməsində İslam kapitalının rolu, həmçinin regional iqtisadi modellərin formalaşdırılması perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq.
Vüsal Qasımlı çıxışında sammitin innovasiya, dayanıqlılıq və beynəlxalq əməkdaşlığın təşviqi baxımından əhəmiyyətini vurğulayacaq, “AlBaraka Forum”un qlobal İslam iqtisadi ekosisteminin inkişafına yönəlmiş təşəbbüslərini diqqətə çatdıracaq. Eyni zamanda, tədbir çərçivəsində İİTKM tərəfindən Azərbaycanın iqtisadi islahatlar sahəsindəki institusional təcrübəsini və regional əməkdaşlıq yanaşmalarını əks etdirən konseptual sənəd təqdim olunacaq, ölkəmizdə İslam maliyyə sisteminin inkişaf perspektivləri barədə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, professor Vüsal Qasımlının baş redaktorluğu ilə “The Economic Potential of Islamic Countries” (İslam ölkələrinin iqtisadi potensialı) adlı iki cildlik tədqiqat əsəri Böyük Britaniyanın nüfuzlu “Emerald” nəşriyyatı tərəfindən çap edilib. Nəşr “Scopus” tərəfindən indeksləşdirilib və İslam ölkələrinin iqtisadi və sosial inkişaf potensialının geniş elmi təhlili kimi xüsusi əhəmiyyət kəsb edir. Kitab 20-dən çox İslam ölkəsindən nüfuzlu beyin mərkəzlərini təmsil edən 47 müəllifin iştirakı ilə yazılıb.
Sammit Türkiyə Respublikası Prezident Administrasiyasının İnvestisiya və Maliyyə Ofisi (“Invest in Türkiye”), İƏT Gənclər Forumu (OIC Youth Forum), İbn Haldun Universiteti, “Turkish Airlines”, “Iqraa TV” və “Ziraat Katılım”ın tərəfdaşlığı ilə təşkil olunacaq. Tədbirdə 20-dən çox ölkədən 1500-dən artıq nümayəndə və 45-dən çox beynəlxalq ekspert iştirak edəcək.

