AMEA-nın müxbir üzvü Nüşabə Araslı: “Rəqəmsal texnologiyalar və süni intellektin inkişafı humanitar elmlər sahəsində yeni imkan və perspektivlər açır”

post-img

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri, görkəmli ədəbiyyatşünas alim, akademik Həmid Araslının qızı AMEA-nın müxbir üzvü, professor Nüşabə Araslı uzun illərdir Azərbaycan klassik ədəbiyyatının, xüsusilə Nizami Gəncəvi irsinin, orta əsrlər ədəbi mühitinin və ədəbiyyatşünaslıq problemlərinin tədqiqi ilə məşğul olur. Alimlə söhbətimizdə klassik ədəbi irsin araşdırılması, müasir dövrdə süni intellekt və rəqəmsal texnologiyaların humanitar sahənin inkişafına təsiri kimi mövzular ətrafında suallarımızı cavablandırıb. O, Azərbaycan ədəbiyyatının beynəlxalq elmi mühitdə tanıdılması, eləcə də Ədəbiyyat İnstitutunda həyata keçirilən elmi tədqiqatlar və perspektiv layihələr barədə məlumat verib.

– Hörmətli Nüşabə xanım, Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley tədbirində çıxışı zamanı və yerli televiziyalara verdiyi müsahibələrdə humanitar elmin, eləcə də Azərbaycan dilinin inkişafı ilə bağlı ciddi çağırışlar etmişdir. Dövlət başçısının bu istiqamətdə qarşıya qoyduğu vəzifələrə dair fikirlərinizi bölüşməyinizi istərdik.

– Məlumdur ki, XXI əsrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasət nəticəsində ölkəmizin siyasi-ictimai və mədəni həyatında yeni bir mərhələnin əsası qoyulmuşdur. Dövlət başçısı həm siyasi-ictimai tədbirlərdəki çıxışlarında, həm də xarici və yerli mətbuat orqanlarına verdiyi müsahibələrdə müstəqil Azərbaycan Respublikasının beynəlxalq siyasi əlaqələrinin inkişafı ilə yanaşı, mədəni-ictimai tərəqqisinin də əsas strateji hədəflərdən biri olduğunu daim vurğulayır.

Bundan başqa, dövlətimizin başçısı AMEA-nın 80 illik yubiley tədbirində çıxışı zamanı humanitar elmlərin, eləcə də Azərbaycan dilinin inkişafı ilə bağlı ciddi çağırışlar etmiş və həmişə olduğu kimi, bu sahədə alim və mütəxəssislərin qarşısında ciddi vəzifələr qoymuşdur. Olduqca mühüm əhəmiyyətə malik olan bu çıxış AMEA-da indiyədək görülən işlərin məntiqi davamı kimi Azərbaycan elminin bu günü və gələcəyi üçün mühüm bir yol xəritəsi rolunu oynayır. Humanitar elmlərə və klassik ədəbiyyatımıza münasibətdə, xüsusilə Nizamişünaslıq sahəsində dövlətimizin diqqət və qayğısını biz daim hiss etmişik.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi böyük şair və mütəfəkkirin həyat və yaradıcılığının daha geniş öyrənilməsinə, onun nəsil şəcərəsinin tanıdılmasına və əsərlərinin yenidən nəşrinə güclü təkan verdi. Həmin dövrdən etibarən Azərbaycanda və xarici ölkələrdə yüzlərlə elmi kitab və məqalə nəşr olundu, Nizami Gəncəvinin yaradıcılığına həsr edilən onlarla konfrans keçirildi. Ölkə başçısının 28 yanvar 2026-cı il tarixli sərəncamı ilə böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi, eləcə də digər görkəmli ədəbiyyat və elm xadimləri ilə bağlı qəbul edilən qərar və sərəncamlar bu sahəyə göstərilən diqqət və qayğının parlaq göstəricisidir.

Əlbəttə, Prezident İlham Əliyevin Azərbaycan dilinin ölkənin ictimai-siyasi və elmi-mədəni həyatındakı rolunun əhəmiyyəti, ana dilimizin saflığının qorunması ilə bağlı alimlərə verdiyi tapşırıq və tövsiyələr yüksək qiymətləndirilməlidir. Linqvistik xüsusiyyətləri, zəngin fonetik tərkibi və özünəməxsus qrammatik quruluşu ilə türk dilləri ailəsinə mənsub olan doğma Azərbaycan dilinə dövlət başçımızın göstərdiyi bu diqqət və qayğı müstəqilliyimizin qorunmasına yönəlmiş böyük siyasətin tərkib hissəsidir. Dövlət başçısı AMEA-nın 80 illik yubiley tədbirindəki məzmunlu çıxışında da xüsusi vurğulamışdır ki, ana dilimizin norma və qaydalarının qorunması vacibdir, sözlərimizin əcnəbi sözlərlə əvəzlənməsi isə yolverilməzdir. Dilimizin qorunması və inkişaf etdirilməsi alimlərin qarşısında duran əsas vəzifələrdən biridir və AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Nəsimi adına Dilçilik və Nizami Gəncəvi adına Ədəbiyyat institutlarında bu istiqamətdə ardıcıl kompleks işlər aparılır. Hesab edirəm ki, bu fəaliyyətin müsbət və uğurlu nəticələri olacaqdır. Həyata keçirilən bütün bu tədbirlər həm elmi araşdırmaların keyfiyyətini yüksəldəcək, həm də ədəbiyyatımızın daha geniş auditoriyaya çatdırılmasına şərait yaradacaq.

– Son dövrlərdə Ədəbiyyat İnstitutunda rəhbəri olduğunuz şöbə tərəfindən həyata keçirilən, xüsusi maraq doğuran elmi-tədqiqat işlərin barəsində nə deyə bilərsiniz?

– AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Nizamişünaslıq şöbəsi 2014-cü ildə yenidən təşkil olunub. Şöbənin yaradılması AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə həyata keçirilib və artıq 12 ildir ki, bu şöbəyə rəhbərlik edirəm. Şöbənin əsas elmi istiqaməti “Azərbaycan ədəbiyyatı: mərhələləri, klassikləri, abidələri” problemi çərçivəsində “Nizami Gəncəvi irsinin araşdırılması” mövzusunu əhatə edir. Yarandığı gündən etibarən şöbədə dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaşadığı dövr, ədəbi mühit, həyatı, zəngin ədəbi irsi, yaradıcılığının əsas qaynaqları və poetikası ilə bağlı mühüm elmi-tədqiqat işləri həyata keçirilib.

Müstəqillik dövründə, müasir tələblərə uyğun olaraq, şairin milli mənsubiyyətinin araşdırılması, Nizami Gəncəvinin soy-kökünün Azərbaycan türkləri ilə bağlılığı, eləcə də əsərlərinin Şərq mənbələri, xüsusilə türk qaynaqları əsasında öyrənilməsi əsas tədqiqat istiqamətlərindən birinə çevrilib. Nizami Gəncəvinin sələf və xələflərinin yaradıcılığının müqayisəli şəkildə öyrənilməsi, “Xəmsə” ənənəsinin Şərq xalqları ədəbiyyatına və türkdilli poeziyaya təsiri, həmçinin şairin yaradıcılığının Azərbaycanda və dünyada tədqiqi və tərcümə tarixinin araşdırılması şöbəmizin əsas elmi tədqiqat istiqamətlərinə daxildir və bu sahələrdə mühüm elmi nəticələr əldə olunub. Bu istiqamətlər üzrə monoqrafiyalar nəşr olunur, elmi məqalələr hazırlanır, konfrans və simpoziumlar təşkil edilir.

Nizamişünaslıq şöbəsində həyata keçirilən çoxsaylı işlərdən bir neçəsini qeyd etmək vacibdir. Eyni zamanda, şöbənin fəaliyyətində bizə dəstək olan, beynəlxalq elmi layihələrin həyata keçirilməsinə rəhbərlik edən institutun direktoru, akademik İsa Həbibbəylinin əməyini, xüsusi xidmətlərini vurğulamaq istərdim. Onun rəhbərliyi və diqqəti sayəsində, eləcə də Nizamişünaslıq şöbəsinin fəaliyyəti nəticəsində “Nizami Gəncəvi almanaxı”nın nəşri bərpa olunub. 2019-cu ildən etibarən institutda çap olunan bu almanaxın (bir xüsusi nömrəsi ingilis dilində olmaqla) artıq dörd sayı işıq üzü görüb, beşinci sayı isə yaxın zamanda hazırlanaraq nəşriyyata təqdim edilib.

Yuxarıda qeyd etdiyim kimi, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 5 yanvar 2021-ci il tarixli vaxtında verilmiş Sərəncamı həm ölkə miqyasında, həm də institutumuzun və “Nizamişünaslıq” şöbəsinin fəaliyyətində dərin və zəngin iz buraxıb. 2021-ci ildə Nizamişünaslıq şöbəsində böyük zəhmət hesabına hazırlanmış irihəcmli “Nizami Gəncəvi: Həyatı və yaradıcılığı” (kollektiv) əsərinin əhəmiyyətini xüsusi qeyd etmək istərdim. Bu monoqrafiya Nizami Gəncəvinin yaşadığı dövrü, ədəbi mühitini, həyat və yaradıcılığını, poeziyasının mənbələrini, ədəbi təsir dairəsini, eləcə də dünya və ölkə miqyasında tədqiq tarixini kompleks şəkildə əhatə edən fundamental elmi-tədqiqat əsəridir.

Şöbə bu gün də öz elmi fəaliyyətini uğurla davam etdirməkdədir. Şöbədə “Nizami Gəncəvi və türk ədəbiyyatı” (Bakı, 2021; Bakı, 2025) adlı monoqrafiya yenidən işlənərək hazırlanıb, Azərbaycan və rus dillərində nəşr olunub. Mütəxəssis alimlərdən Zəhra Allahverdiyevanın “Nizami Gəncəvinin “Xəmsə” ənənəsi və Xacu Kirmani” (Bakı, 2025) monoqrafiyası da bu istiqamətdə həyata keçirilən əhəmiyyətli elmi işlərdən biridir.

Hazırda şöbədə üçcildlik “Nizami Gəncəvi Ensiklopediyası”nın hazırlanması istiqamətində gərgin elmi iş aparılır. Məlum olduğu kimi, belə bir ensiklopediyanın hazırlanması son dərəcə mürəkkəb və məsuliyyətli bir prosesdir. Bu, böyük zəhmət tələb etdiyindən indiyədək nə Azərbaycanda, nə də dünya miqyasında bu həcmdə və sistematik iş həyata keçirilməyib. Şöbədə bu il ensiklopediyanın I cildinin nəşri nəzərdə tutulur. Əgər bu mərhələ uğurla tamamlanarsa, Nizamişünaslığın tarixində mühüm və təqdirəlayiq bir nailiyyət kimi yadda qalacaq.

– Sizin elmi yaradıcılığınızda klassik ədəbiyyatın, xüsusilə Nizami Gəncəvi irsinin araşdırılması mühüm yer tutur. Nizami irsinin türk ədəbi mühiti ilə əlaqələrinin tədqiqi sahəsində apardığınız fundamental tədqiqatların əsas elmi nəticələri barədə məlumat verməyinizi xahiş edirəm.

– Nizami Gəncəvi öz əsərlərində yalnız böyük sənətkar kimi deyil, həm də öz şərəfli adı ilə birlikdə doğma türk xalqının qədim adət-ənənələrini, onun nəcib xüsusiyyətlərini və zəngin tarixini yaşadan nadir bir dahi kimi çıxış edir. Diqqətlə təhlil etdikdə görürük ki, Nizami əsərlərində öz türk mənşəyini, yəni azərbaycanlı kimliyini açıq şəkildə ifadə etməklə Xaqaniyə yaxın mövqe nümayiş etdirir:

رکیم را در این حبش نخرند                                      لاجرم دو غبای خوش نخورند

(Mənim türklüyümü bu həbəş (ölkəsində) almırlar, yəqin ki, ləzzətli dovğa yemirlər.)

Nizaminin özü haqqında qələmə aldığı bu beyt Xaqaninin özünü təqdim edərkən qələmə aldığı aşağıdakı misralarla səsləşir və hər iki sənətkarın mənsubiyyət məsələsinə münasibətində oxşar yanaşmanı ortaya qoyur:

 

تر ترک عجمی ولی دری گوی                                   یلواج شناس و تنگری گوی

(Əcəm türkü, ancaq dəricə danışan, peyğəmbər tanıyan və Tanrı deyən.)

Xaqaninin başqa bir qəsidəsində isə oxuyuruq:

مرا در فارسی فحش که گوید                         بترکی چرخشان گوید که سنسن 

(Mənə kim farsca söyüş desə, fələk ona türkcə deyər ki, “sənsən” (özünsən).

Gördüyümüz kimi, hər iki şair öz türk mənşəyini oxucuya qürur hissi ilə təqdim edir. Onların əsərlərindən gətirilən nümunələrdə müəlliflərin türkə rəğbəti, türklüyə, türk məişətinə və mənəvi həyatına yaxından bələd olmaqları, eləcə də bu dəyərlərə olan sevgi aydın şəkildə öz əksini tapır.

Mən, həmçinin uzun illərdir Nizami “Xəmsə”sinin türkdilli məsnəvi janrının və orta əsrlər tərcümə ədəbiyyatının inkişafındakı rolunun araşdırılması ilə məşğulam. Yeni nəşr olunmuş monoqrafiyam da Nizami Gəncəvi sənətinin türk epik şeirinin yaranması və inkişafına təsiri, onun tərcüməsi və tədqiqi kimi aktual ədəbi əlaqə problemlərinə həsr edilmiş genişmiqyaslı tədqiqat işidir. Araşdırmada, Nizaminin “Xəmsə”sinə ana dilində nəzirə yazmış türk sənətkarlarının əsərləri, həmçinin Nizami mövzularında qələmə alınmış türk poemaları da geniş şəkildə təhlil olunub. Türk şairlərindən Şeyxi, T.Yəhya, Feyzi, S.Feyzullah, Behişti, Çakəri, Əhmədi, Rizvan, N.Ətayi və digər sənətkarların yaradıcılığı əsasında aparılan elmi təhlillər nəticəsində türk ədəbiyyatının özünəməxsus inkişaf qanunauyğunluqları müəyyənləşdirilib.

 

Bundan başqa, nəşrdə türk sənətkarlarının Nizami mövzularına müraciətinin dövrün ədəbi-estetik tələbatı ilə sıx bağlı olduğu qənaətinə gələrək, Nizami Gəncəvi təsirinin türk epik şeirinin inkişafında oynadığı əvəzsiz rolu əsaslandırıb və elmi şəkildə qiymətləndirmişəm.

 

– Nüşabə xanım, s
izcə Azərbaycanın həm klassik, həm də müasir ədəbiyyatının beynəlxalq elmi mühitdə daha geniş tanıdılması məqsədilə hansı tədbirlərin, layihələrin və beynəlxalq əməkdaşlıq proqramlarının həyata keçirilməsi zəruridir?

–  Əvvəla onu qeyd edim ki, Azərbaycan ədəbiyyatının həm klassik, həm də müasir mərhələsinin beynəlxalq elmi mühitdə daha geniş tanıdılması üçün sistemli və məqsədyönlü fəaliyyətin həyata keçirilməsi vacibdir. Bu istiqamətdə, ilk növbədə elmi əsərlərin xarici dillərə tərcüməsi və nüfuzlu beynəlxalq nəşriyyatlarda çapı, birgə beynəlxalq layihələrin və tədqiqat işlərinin genişləndirilməsi və s. Azərbaycan ədəbiyyatının daha fəal şəkildə təmsil olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, rəqəmsal platformalar və beynəlxalq elmi bazalar vasitəsilə ədəbiyyatımızın təbliği, gənc tədqiqatçıların bu prosesə cəlb olunması da xüsusi önəm daşıyır.

Azərbaycan ədəbiyyatının beynəlxalq aləmə inteqrasiyası üçün xarici ali məktəblərlə mübadilə proqramlarının, layihələrin həyata keçirilməsi, həmin universitetlərdə Azərbaycan ədəbiyyatı üzrə ixtisaslaşmış kursların və kafedraların yaradılması da vacib istiqamətlərdəndir. Həmçinin tanınmış xarici ədəbiyyatşünas alimlərin, tənqidçilərin ölkəmizə dəvət olunaraq birgə fəaliyyət göstərməsi və digər bu kimi kompleks tədbirlər Azərbaycan alimlərinin müvafiq sahədə fəaliyyətinin beynəlxalq aləmdə tanıdılması, ədəbiyyatımızın qlobal mühitdə mövqeyinin daha da möhkəmləndirilməsi baxımından önəmlidir.  

Nizami Gəncəvinin ədəbi irsinə gəldikdə isə, şöbə əməkdaşları tərəfindən hazırlanan, dahi şairin zəngin yaradıcılığına həsr olunmuş elmi monoqrafiya və məqalələr xarici ölkələrdə nəşr edilib. Bu baxımdan Argentinada ispan dilində nəşr olunan “Nizami Ganyavi. El gran poeta y humanista de Azerbaiyan // Nizami Gəncəvi. Azərbaycanın böyük şairi və humanisti” (Buenos Aires, 2021), Gürcüstan Şota Rustaveli adına Ədəbiyyat İnstitutu ilə birgə hazırlanmış “Nizami Gəncəvi və Şota Rustaveli” (Tbilisi, 2021), eləcə də Azərbaycan, gürcü və Kembric Universiteti alimlərinin birgə ərsəyə gətirdiyi “Identifying Cultural Intersections in the Works of Shota Rustaveli and Nizami Ganjavi // Şota Rustaveli və Nizami Gəncəvinin əsərlərində mədəni kəsişmələr” (Cambridge Scholars Publishing, London, 2023) monoqrafiyalarını xüsusi qeyd etmək olar.

Bununla yanaşı, Nizamişünaslıq şöbəsi əməkdaşlarının məqalələri Scopus, Dərgi Park, Google Scholar kimi beynəlxalq elmi bazalarda indeksləşən nüfuzlu jurnallarda mütəmadi olaraq nəşr edilir ki, bu da Azərbaycan ədəbiyyatının beynəlxalq elmi mühitdə tanıdılmasında mühüm rol oynayır.

– Məlumdur ki, müasir dövrdə rəqəmsal texnologiyalar və süni intellekt humanitar elmlərin inkişafı üçün yeni imkanlar yaradır. Sizin fikrinizcə, klassik ədəbiyyat mətnlərinin rəqəmsallaşdırılması, elektron məlumat bazalarının yaradılması ədəbiyyatşünaslığın inkişafında hansı perspektivləri aça bilər? 

– Əlbəttə ki, rəqəmsal texnologiyalar və süni intellekt müasir dövrün ayrılmaz tərkib hissəsinə çevrilib və digər sahələrdə olduğu kimi, humanitar elmlər üçün yeni imkanlar açır. Klassik ədəbiyyat mətnlərinin rəqəmsallaşdırılması, elektron məlumat bazalarının yaradılması ədəbiyyatşünaslığın inkişafına ciddi təkan verə bilər. Bu proses mətnlərin daha əlçatan olmasını təmin etməklə yanaşı, onların müqayisəli, sistemli və çoxşaxəli şəkildə araşdırılmasına geniş imkan yaradır. Eyni zamanda, rəqəmsallaşdırma elmi tədqiqatların operativliyini və səmərəliliyini artırır, böyük həcmli materialların daha qısa zamanda təhlilinə şərait yaradır və beynəlxalq elmi əməkdaşlıq üçün əlverişli platforma formalaşdırır.

Həmçinin süni intellekt alətləri klassik mətnləri daha dərindən anlamağa kömək edir, onların gizli mənalarını, dil və üslub xüsusiyyətlərini daha aydın şəkildə üzə çıxarır. Məsələn, xüsusi proqramlar vasitəsilə müxtəlif dövrlərə aid əsərlər asanlıqla müqayisə oluna bilər və onların oxşar və fərqli cəhətləri daha tez müəyyən edilir. Bu isə, ədəbiyyat tarixinin daha düzgün və əsaslı şəkildə öyrənilməsinə imkan yaradır. Rəqəmsal platformalar sayəsində daha çox insan klassik ədəbiyyata maraq göstərir və beləliklə, ədəbiyyatşünaslıq təkcə alimlər üçün deyil, geniş oxucu kütləsi üçün də daha əlçatan və maraqlı olur. Bundan başqa, süni intellekt texnologiyalarının tətbiqi klassik mətnlərin təhlili və müəllif üslubunun daha dərindən öyrənilməsi baxımından yeni metodoloji yanaşmalar təqdim edir. 

Digər tərəfdən, rəqəmsal arxivlərin və elektron platformaların yaradılması milli ədəbi irsin qorunması və gələcək nəsillərə ötürülməsində də mühüm əhəmiyyət daşıyır. Bu kimi təşəbbüslər həm yerli, həm də beynəlxalq tədqiqatçılar üçün vahid elmi mühit yaradır, ədəbiyyatşünaslığın qloballaşmasına və Azərbaycan ədəbiyyatının dünya elmi məkanında daha geniş təmsil olunmasına xidmət edir.

Müsahibəni apardı:

Nərgiz Qəhrəmanova,
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, 
mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri

 

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti 

 

Elm