Qardabani və Rustavidə ulu öndərin xatirəsinə ehtiram

post-img

Mayın 10-da Qardabani Təhsil və İnteqrasiya Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Mərkəzin direktoru Çiçək Hüseynova çəxəş edərək ulu öndərin həyat və fəaliyyətindən geniş bəhs edib. Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Mərkəzdə unudulmaz siyasi xadimin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən foto-sərgi ilə tanışlıq olub. Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Çiçək Hüseynova, ədəbiyyatçı Növrəstə Məhərrəmova, Raul Əliyev, Nairə Musayeva və Sevda Şahverdiyeva çıxış edərək Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafındakı misilsiz xidmətlərindən, gənclərə və təhsilə göstərdiyi diqqət və qayğıdan danışıblar. Çıxışlar zamanı ulu öndərin zəngin siyasi irs qoyub getdiyi, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin inkişafına daim diqqət yetirdiyi, töhfələr verdiyi xüsusilə vurğulanıb.

Mərkəzin şagirdləri şeirlər, təqdimatlar və kompozisiyalarla çıxış edərək tədbirə rəng qatıblar. 

Tədbir çərçivəsində “Heydər Əliyev və gənclər” mövzusunda keçirilən esse müsabiqəsinin qalibləri elan olunaraq onlara sertifikatlar təqdim edilib. Eyni zamanda, “Mənim hekayəm” adlı kitab yazma müsabiqəsi iştirakçılarının əsərləri sərgilənib və iştirakçılar mükafatlandırılıblar.

Tədbirin yekununda təşkilati işlərin və müsabiqələrin həyata keçirilməsində xüsusi fəallığı ilə seçilən Sevda Şahverdiyevaya Qardabani Təhsil və İnteqrasiya Mərkəzi adından xüsusi təşəkkür bildirilib.

Sonda iştirakçılar Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini daim dərin ehtiramla yad edəcəklərini, onun ideyalarının zaman-zaman gələcək nəsillər tərəfindən həyata keçiriləcəyini vurğulayıblar.

Bundan əlavə, mayın 10-da Rustavi Təhsil  və Mədəniyyət Mərkəzinin müəllim və şagird kollektivi tərəfindən Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsi ziyarət edilib. Abidə önünə əklil qoyulması, gül-çiçək dəstələrinin düzülməsi mərasimində bir qrup valideyn də iştirak edib. 

Mərkəzin rəhbəri Raida Dərziyeva toplaşanlara Heydər Əliyevin təkcə Azərbaycan deyil, Gürcüstan qarşısında da misilsiz xidmətlər göstərdiyi, onun xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağını bildirib. 

P.ƏMİRCANOV
XQ

 

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti 









Dünya