Ərdoğan Belçika kraliçası Matilda ilə görüşüb

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Belçika Kraliçası Matilda ilə görüşüb. Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin açıqlamasında bildirilir. Xəbəri “Anadolu” verib. 

Məlumata görə, danışıqlar İstanbuldakı Vəhdəttin iqamətgahında baş tutub.

Görüşdə Türkiyə-Belçika münasibətlərinin vəziyyəti, regional və beynəlxalq məsələlər müzakirə olunub. Prezident Ərdoğan iki ölkə arasında ticarət, müdafiə, enerji və kənd təsərrüfatı da daxil olmaqla geniş sahələrdə əməkdaşlıq üçün əhəmiyyətli potensialın olduğunu qeyd edib. Dövlət başçısı ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərin davam etdiriləcəyini vurğulayıb.

Türkiyə lideri deyib ki, regionda baş verən son hadisələr Ankara ilə Aİ arasındakı münasibətlərin geosiyasi əhəmiyyətini bir daha nümayiş etdirib. Onun sözlərinə görə, Türkiyənin Aİ-yə tam üzvlüyünə aparan prosesdə təcili irəliləyiş tələb edən əsas sahələrdən biri də Türkiyə-Aİ Gömrük İttifaqının mövcud reallıqları əks etdirmək üçün yenilənməsidir. Siyasətçi qeyd edib ki, Türkiyənin Aİ müdafiə təşəbbüslərində iştirakı bütün tərəflərin ortaq maraqlarına uyğundur.

Türkiyənin beynəlxalq diplomatik təşəbbüslərdə artan rolunu qeyd edən Prezident Ərdoğan, ölkənin 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO liderlərinin zirvə toplantısına və 9-20 noyabr 2026-cı il tarixlərində keçirilməsi planlaşdırılan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının (COP31) 31-ci sessiyasına ev sahibliyi edəcəyini xatırladıb.

P.ƏMİRCANOV
XQ

 

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti 

Dünya