Azərbaycanda keçiriləcək “UFC Fight Night Baku” turnirinin bütün döyüşləri açıqlanıb.
Bakı Şəhər Halqasından XQ-yə bildirilib ki, gecənin əsas qarşılaşmasında Azərbaycan təmsilçisi Rafael Fiziev yüngül çəki dərəcəsində meksikalı Manuel Torreslə üz-üzə gələcək. Görüş 5 raunddan ibarət olacaq.
Turnirin ikinci əsas döyüşündə isə orta çəki üzrə Şarabutdin Maqomedov braziliyalı Miçel Pereyra ilə qarşılaşacaq.
Digər döyüşlərdə Nazim Sadıqov yüngül çəkidə braziliyalı Mateus Kamilo ilə qüvvəsini sınayacaq. Qazaxıstan təmsilçisi Asu Almabayev isə reytinq döyüşündə amerikalı Çarlz Conson ilə üz-üzə gələcək.
Orta çəkidə İkram Aliskerov braziliyalı Brunno Ferreyra ilə qarşılaşacaq. Almaniyanı təmsil edən Abus Maqomedov isə polyak Mixal Oleksieyçuk ilə döyüşəcək.
Yarımağır çəkidə məğlubiyyət üzü görməyən Abdul Rəhman Yaxyayev rekordunu amerikalı Culius Uolker ilə döyüşdə qorumağa çalışacaq. UFC-də debüt edəcək Fərman Həsənov isə yarımorta çəkidə Erik Nolan ilə üz-üzə gələcək.
Orta çəkidə İsmayıl Naurdiyev italiyalı Marvin Vettori ilə qarşılaşacaq. Digər orta çəki görüşündə isə özbəkistanlı Nursulton Ruziboyev rusiyalı Andrey Pulyayev ilə döyüşəcək.
Yarımorta çəkidə ukraynalı Daniil Donçenko isveçli Andreas Qustafsson ilə qarşılaşacaq. Bantam çəkidə isə qazaxıstanlı Bekzat Almaxan ilə braziliyalı Yan Matsumoto arasında maraqlı görüş baş tutacaq.
Qeyd edək ki, turnir iyunun 27-də Milli Gimnastika Arenasında gerçəkləşəcək.

