Gənc İstedadın İlk Fərdi Sərgisi

post-img

YAP Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə 140 nömrəli tam orta məktəbin 9A sinif şagirdi Kərimova Xədicə Seymur qızının ilk fərdi yaradıcılıq sərgisi açılıb.

Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova çıxış edərək bildirib ki, sərgi təsadüfi bir tarixə düşməyib. O, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunub. Bu tədbir həm gənc istedadın yaradıcılıq yolunda ilk addımı, həm də milli yaddaşımızın, mədəniyyətimizin və ideallarımızın rənglərdə ifadəsi kimi dəyərləndirilir. 

“Rənglərdə Gül Bayramı” adlanan sərgi, gənc bir qəlbin duyğularını, arzularını və gələcəyə olan ümidlərini rənglərin dili ilə tamaşaçılara çatdırır. Hər bir əsərdə gəncliyin enerjisi, milli dəyərlərə sevgi və yaradıcılıq həvəsi hiss olunur. 
Sonra, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında qeyd edib ki,

Xədicənin bu addımı yalnız öz istedadını nümayiş etdirmək deyil, həm də gənc nəslin Ulu Öndərin ideyalarına və milli-mənəvi dəyərlərə bağlılığının göstəricisi kimi qiymətləndirilir. Bu sərgi bir daha sübut edir ki, gənclərimiz öz yaradıcılığı ilə həm bu günü, həm də gələcəyimizi işıqlandırırlar. 

Sərgidə  fəxri qonaq olaraq professor Mahirə Hüseynova, deputatlar Göydəniz Qəhrəmanov və Ceyhun Məmmədov iştirak edirdilər.

Xədicənin valideynləri - atası Müdafiə Nazirliyinin əməkdaşı kapitan Seymur Kərimov, anası  Müdafiə Nazirliyinin əməkdaşı mayor Arzu Kərimova, sinif rəhbəri Anaxanım Dadaşova və sinif yoldaşları, Azərbaycan Rəssamlar İttifaqının  üzvləri Minə Məmmədova, Könül Əzimova, Zinaida Mirzəzadə, Günay Məmmədova, Aygün Kamilqızı və başqa qonaqlar gənc rəssama uğurlar arzulayaraq, onun yaradıcılıq yoluna işıq tutan bu sərginin gələcəkdə daha böyük uğurların müjdəçisi olacağına inandıqlarını bildiriblər.

Daha sonra, Sərgi rəsmi olaraq açıq elan edilib və qonaqlar gənc istedadın rənglər dünyası ilə tanış olublar.

Sərgidə rəssamın floristika, kətan yağlı boya, akvarel növlərində 50 rəsm əsəri sərgilənib.
Sonda gənc rəssama ilk fərdi yaradıcılıq sərgisinə görə mükafat təqdim olunub, xatirə fotoları çəkilib.

XQ

 

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti 











Mədəniyyət