Yeni bəla – Hantavirus

post-img

Hantavirus (HCPS) qripəbənzər simptomlara səbəb ola bilən nadir viruslardan hesab olunur və irəlilədikcə ölümcül ağciyər və ya böyrək problemlərinə səbəb ola bilir. Bu vurus dünyanın müxtəlif bölgələrində, xüsusən də Asiya, Avropa və Amerika qitələrində qeydə alınır. Asiyada Çin və Koreyada hər il xeyli sayda yoluxma faktı qeydə alınır. Avropada Fransa, Almaniya, İsveç, İsveçrə və Niderland (gəmi səyahəti zamanı) kimi ölkələrdə hantavirusa yoluxma halları müşahidə edilib. Amerikada ABŞ və Kanadada, Yaxın Şərqdə İsraildə infeksiyaya yoluxma hallarına rast gəlinir. Ümumilikdə 12-dən çox ölkədə (o cümlədən Türkiyə) bu virusla bağlı araşdırmalar  aparılıb və yoluxma halları qeydə alınıb. 

Xarici ölkə mütəxəssislərinin verdikləri məlumata görə, əsasən siçanlar və ya siçovullar kimi yoluxmuş gəmiricilər vasitəsilə ötürülən hantavirusun tipik simptomları var. Ölümcül ola biləcəyi üçün müalicə ciddi aparılmalı, heç bir əlamət gözardı edilməməlidir. Hantavirusa yoluxmuş insanların müalicəsi dəstəkləyici tibbi yardım və simptomların monitorinqini əhatə edir. Hantavirusdan qorunmağın ən əsas yolu insanların yaşayış sahələrinə  gəmiricilərin girməsinin qarşısını almaq və ya belə ərazilərdən uzaqlaşmaqdır.

Hantavirus siçan və siçovul kimi yoluxmuş gəmiricilərin nəcisində, sidiyində və ya tüpürcəyində olan virus hissəciklərinin inhalyasiyası yolu ilə nadir hallarda insanlara ötürülə bilən Hantaviridae ailəsinə aid zoonotik bir virusdur. Bu, ağciyər və böyrək problemlərinə səbəb ola bilən və yüksək ölüm nisbətinə malik bir virusdur.

Hantavirusun simptomları hansılardır?

Hantavirus simptomları onun yaratdığı xəstəliyə görə dəyişə bilər. Lakin, insan virusa məruz qaldıqdan 1–6 həftə sonra bu kimi simptomlar görünə bilər: Yüksək qızdırma, baş ağrısı, əzələ ağrıları, mədə ağrısı, ürəkbulanma və qusma

Hantavirus necə ötürülür?

Hantavirus yoluxmuş gəmiricilərin nəcisi, tüpürcəyi və ya sidiyi ilə təmas və ya inhalyasiya yolu ilə ötürülür. Nadir hallarda, gəmiricilərin dişləmələri və ya cızıqları vasitəsilə də ötürülə bilər. Əkinçilik və meşə təsərrüfatı, gəmiricilərin olduğu mühitlərdə yatmaq və uzun müddət havalandırılmayan və ya qapalı qalan əraziləridə təmizlik aparmaq infeksiyaya yoluxma riskini artıra bilər.

Hantavirusun insandan insana ötürülməsi nadir halda mümkündür və müəyyən ştammlarla baş verə bilər. Erkən mərhələlərdə, yoluxmanın gizli dövründə insandan insana ötürülmə uzun müddət təmasda olan ailə üzvləri və həyat yoldaşları arasında baş verə bilər.

Hantavirusun müalicə üsulları hansılardır?

Hal-hazırda, hantavirus infeksiyasına qarşı lisenziyalı, spesifik antiviral dərman və ya peyvənd yoxdur. Müalicə tamamilə dəstəkləyici preparatlarla aparılır və aşağıdakı elementləri əhatə edir: klinik monitorinq, fəsadların idarə olunması, erkən müdaxilə.

İnsan hantavirusa yoluxmaqdan necə qorumalıdır?

Hantavirusdan qorunmağın əsas yolu insan–gəmirici təmasını minimuma endirməkdir. İnfeksiyadan qorunmağın digər yolları aşağıdakılardır:

Yaşayış və iş yerləri təmiz olmalıdır.

Gəmiricilərin yaşayış sahələrinə girməsinin qarşısı alınmalıdır.

Ərzaqlar gəmiricilərin əli çatmayan yerdə saxlanmalıdır.

Gəmiricilərin nəcisi tozsoranla deyil, tamamilə yaş əski ilə təmizlənməlidir.

Təmizləmədən əvvəl bulaşmış sahələr nəmləndirilməlidir.

Əl gigiyenasına diqqət yetirilməlidir.

Bundan əlavə, virusun yayılmasının qarşısını almaq üçün yoluxmuş və ya yoluxma şübhəsi olan şəxslərin təcrid olunması, başqaları ilə təmaslarının azaldılması və onlara yaxından nəzarət edilməsi vacibdir.

Hantavirusdan ölüm faizi nə qədərdir?

Hantavirus infeksiyaları üçün ümumi ölüm nisbəti 1 faizdən 15 faizə qədər dəyişir. Lakin, xüsusilə Amerikada geniş yayılmış və ağciyərləri hədəf alan HCPS ştammının ölüm nisbəti 30 faizdən 50 faizə qədər çox yüksək ola bilər.

“Hazırda Azərbaycanda hantavirus infeksiyasına şübhəli və ya təsdiqlənmiş yoluxma halı qeydə alınıbmı?”– sualına Səhiyyə Nazirliyindən bildiriblər ki, bu virus ölkəmiz üçün endemik hesab olunmur və mövcud epidemioloji vəziyyət virusun yayılma riskinin aşağı olduğunu göstərir. 

Gəmiricilərin məskunlaşmasının qarşısını almaq və mütəmadi deratizasiya tədbirləri görmək, açıq sahələrdə və köhnə, uzun müddət istifadə olunmayan məkanlarda təmizlik işləri apararkən qoruyucu vasitələrdən istifadə etmək, gəmiricilərlə birbaşa təmasdan çəkinmək tövsiyə olunur.

Nazirlikdən o da bildirilib ki, hazırkı vəziyyət əhali üçün narahatlıq doğurmur və epidemioloji durum müvafiq qurumlar tərəfindən daim nəzarətdə saxlanılır.

Zərifə BƏŞİRQIZI
XQ



Sosial həyat