ABŞ Prezidenti Donald Tramp Çinə qarşıdakı səfərindən əvvəl hər iki ölkəni “böyük işlərin” gözlədiyini açıqlayıb. O, müvafiq mesajı TruthSocial sosial media platformasında paylaşıb.
Bəyanatda deyilir: “Çinə səfərimi səbirsizliklə gözləyirəm. Bu, inanılmaz bir ölkədir. Hamının hörmət etdiyi lider Si Cinpin də oradadır. Hər iki ölkə üçün böyük işlər baş verəcək”.
Trampın Çinə dövlət səfəri 13-15 maya planlaşdırılıb. Bu, onun 2017-ci ildən bəri Pekinə ilk səfəri olacaq. Görüş əvvəlcə martın sonlarına planlaşdırılmışdı, lakin İrandakı müharibə səbəbindən təxirə salınmışdı. Liderlər arasında əvvəlki görüş payızda APEC sammiti çərçivəsində baş tutmuşdu.
CNBC-nin Ağ Ev sözçüsünə istinadən verdiyi məlumata görə, Tramp Amerikanın böyük şirkətlərinin rəhbərlərini Çinə səfərdə iştiraka dəvət edib. Dəvət olunanlar arasında Tesla şirkətinin baş direktoru İlon Mask, Apple şirkətinin baş direktoru Tim Kuk, BlackRock şirkətinin baş direktoru Larri Fink və Boeing şirkətinin baş direktoru Kelli Ortberq var.
Böyük korporasiyalardan bir neçə digər yüksək vəzifəli şəxsin də iştirakı gözlənilir. Kanalın məlumatına görə, səfəri zamanı Tramp Çin tərəfi ilə ticarət, süni intellekt, ixrac nəzarəti, Tayvan və İran ətrafındakı vəziyyəti müzakirə etmək niyyətindədir .
Danışıqlar ölkələr arasında artan gərginlik fonunda keçirilir. “Politico”nun mayın 10-da verdiyi məlumata görə, Vaşinqtonun Pekinin İrana kömək etməkdə ittihamları, eləcə də ABŞ Dövlət Departamentinin üç Çin şirkətinə qarşı sanksiyalar tətbiq etməsi səbəbindən ABŞ -Çin münasibətləri yeni bir gərginlik mərhələsinə qədəm qoyub.
P.ƏMİRCANOV
XQ
Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti

