AMEA-nın Gəncə Bölməsi Rəyasət Heyətinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən iclası keçirilib.
Toplantını giriş sözü ilə açan AMEA Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açaraq iclasın Azərbaycan xalqı üçün əlamətdar bir tarix – Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində keçirildiyini bildirib.
Akademik qeyd edib ki, müasir Azərbaycan dövlətçiliyinin möhkəm əsaslarının yaradılması, ölkəmizin inkişaf strategiyasının müəyyənləşdirilməsi və milli dövlətçilik düşüncəsinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, Ulu Öndərin zəngin siyasi irsi, xalqa və dövlətə fədakar xidməti bu gün də böyük ehtiramla xatırlanır, əziz xatirəsi Azərbaycan xalqının qəlbində yaşayır.
Fuad Əliyev çıxışında Heydər Əliyevin Azərbaycanın bütün bölgələrinin inkişafına xüsusi diqqət yetirdiyini vurğulayıb. Bildirib ki, tarixən ölkəmizin mühüm elm, mədəniyyət və ictimai fikir mərkəzlərindən biri olan Gəncənin iqtisadi, elmi, mədəni və milli-mənəvi yüksəlişi də Ulu Öndərin diqqət və qayğısından kənarda qalmayıb.
Akademik Fuad Əliyev Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, bu inkişaf yolunun Azərbaycan ziyalıları, elm adamları və cəmiyyətin bütün təbəqələri tərəfindən dəstəkləndiyini qeyd edib.
İclasda filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov çıxış edərək Heydər Əliyevin 1969-cu ildə Azərbaycana siyasi rəhbərliyə gəldiyi ilk dövrlərdən etibarən milli ədəbiyyatın, fəlsəfi fikrin və mədəni irsin inkişafına xüsusi önəm verdiyini bildirib. Qeyd olunub ki, Ulu Öndərin bu istiqamətdə həyata keçirdiyi tədbirlər Azərbaycan xalqının mədəni, mənəvi və ideoloji yüksəlişinə, milli dövlətçilik ruhunun güclənməsinə xidmət edib.
Tarix üzrə fəlsəfə doktoru Nərgiz Rəsulova çıxışında Ümummilli Lider Heydər Əliyevin siyasi təcrübəsinin, dövlətçilik düşüncəsinin və uzaqgörən idarəçilik qabiliyyətinin Azərbaycanın taleyüklü dövrlərində mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik strategiyası Azərbaycanın gələcək inkişafı üçün möhkəm təməl yaradıb.
YAP 2 saylı ərazi partiya təşkilatının sədri Vüsal Eminbəyli də çıxışında Ulu Öndərin Azərbaycanın XX əsrin son onilliklərində və XXI əsrin başlanğıcında milli intibahı, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və ölkənin tərəqqisi naminə göstərdiyi xidmətlərdən danışıb.
Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri








