İbrahim Kazımbəylinin ispan dilindəki kitabı “Qərbi Azərbaycana Qayıdış” Festival-Konqresində təqdim olunub

post-img

İyunun 19-da Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı, tarix elmləri doktoru, professor İbrahim Kazımbəylinin ispan dilinə tərcümə olunaraq Türkiyədə nəşr edilmiş “Azərbaycanın İrəvan bölgəsi: sosial-iqtisadi və siyasi tarix (XIX–XX əsrin əvvəlləri)” adlı kitabının təqdimatı keçirilib. Təqdimat Naxçıvanda keçirilən “Qərbi Azərbaycana Qayıdış” III Festival-Konqres çərçivəsində Naxçıvan Dövlət Universitetində baş tutub.

Təqdimatda Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti ilə yanaşı, AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun, eləcə də Azərbaycan Dillər Universitetinin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə NDU-nun Elmi işlər üzrə prorektoru, dosent Elsəvər Əsədov açaraq kitabın elmi əhəmiyyətindən danışıb, xüsusilə də onun “Qərbi Azərbaycana Qayıdış” III Festival-Konqres çərçivəsində təqdim olunmasının vacibliyini vurğulayıb.

Daha sonra məruzəçi qismində ADU-nun Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov çıxış edib. N. Kərimov professor İbrahim Kazımbəylinin elmi-tədqiqat fəaliyyətinə nəzər salaraq, kitabın elmi strukturu, mənbəşünaslıq və tarixşünaslıq bazası, həmçinin bölmə və fəsilləri haqqında ətraflı məlumat verib.

Çıxışda qeyd olunub ki, monoqrafiya Qərbi Azərbaycan tarixinin sistemli şəkildə araşdırılmasına həsr edilmiş fundamental elmi tədqiqat əsəridir. Bildirilib ki, Qərbi Azərbaycan məsələsinin Azərbaycan tarixşünaslığında, ictimai fikrində və beynəlxalq elmi müzakirələrdə xüsusi aktuallıq kəsb etdiyi bir dövrdə bu əsər tarixi həqiqətlərin elmi əsaslarla öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Vurğulanıb ki, monoqrafiyanın əsas üstünlüklərindən biri müəllifin İrəvan bölgəsinin tarixini ayrı-ayrı hadisə və faktlar prizmasından deyil, bütöv bir tarixi-coğrafi məkanın siyasi, sosial-iqtisadi və etnodemoqrafik inkişafı kontekstində araşdırmasıdır. Eyni zamanda, əsərdə İrəvan bölgəsinin tarixi Azərbaycan dövlətçilik ənənələrinin tərkib hissəsi kimi təqdim olunur. Müəllif bölgənin inzibati-idarəetmə sistemini, siyasi institutlarını və sosial quruluşunu təhlil etməklə onun Azərbaycan tarixində tutduğu yeri müəyyənləşdirir.

Təqdimat zamanı kitabın ispan dilində nəşrinin Azərbaycan tarixşünaslığının beynəlxalq elmi məkana inteqrasiyası istiqamətində mühüm addım olduğu qeyd edilib. Bildirilib ki, bu nəşr Qərbi Azərbaycan həqiqətlərinin Avropa və Latın Amerikası akademik dairələrinə çatdırılmasına imkan yaradır. Azərbaycanın İrəvan bölgəsinin tarixi ilə bağlı məsələlərin dünya tarixşünaslığında məhdud və bəzən qərəzli şəkildə araşdırıldığı vurğulanaraq, kitabın ispan dilində nəşrinin bu sahədə mövcud boşluğun qismən doldurulmasına və beynəlxalq akademik diskursun daha balanslı formalaşmasına xidmət etdiyi diqqətə çatdırılıb.

Daha sonra NDU-nun Azərbaycan tarixi kafedrasının dosentləri Elçin Zamanov və Zamin Babayev, ADU-nun Beynəlxalq münasibətlər kafedrasının dosenti Namiq Əsədov, AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, dosent Cəbi Bəhramov, həmçinin Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Vəfa Mahmudova kitab haqqında fikirlərini bölüşərək onun Azərbaycan tarixşünaslığı üçün mühüm əhəmiyyət daşıdığını bildiriblər.

Təqdimatın sonunda professor İbrahim Kazımbəyli kitabın ərsəyə gəlməsi prosesindən danışıb, çıxışçılara, tədbir iştirakçılarına və tədbirin təşkilində əməyi olan Naxçıvan Dövlət Universitetinin əməkdaşlarına təşəkkürünü bildirib.









Sosial həyat