Papilloma: Vaxtında diqqət sağlamlığın qorunmasının əsas şərtidir

post-img

Müasir dövrdə insanların sağlamlığı ilə bağlı məlumatlılığı artsa da, bəzi xəstəliklər və ya dəri problemləri hələ də lazımi qədər ciddiyə alınmır. Belə hallardan biri də papillomalardır. Dəridə və ya selikli qişalarda yaranan bu kiçik törəmələr çox vaxt sadəcə estetik qüsur kimi qiymətləndirilir. Halbuki mütəxəssislər bildirirlər ki, onların yaranma səbəblərini araşdırmaq və vaxtında həkim müayinəsindən keçmək sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Papilloma insan papilloma virusunun (HPV) təsiri nəticəsində əmələ gələn xoşxassəli törəmədir. Bu virus dünyada ən geniş yayılmış infeksiyalardan biri hesab olunur və bir çox hallarda uzun müddət heç bir əlamət vermədən orqanizmdə qala bilir. İmmunitet sisteminin zəifləməsi, stress, hormonal dəyişikliklər, qeyri-sağlam həyat tərzi və bəzi xroniki xəstəliklər virusun aktivləşməsinə səbəb ola bilər. Nəticədə dərinin müxtəlif nahiyələrində, xüsusilə boyun, qoltuqaltı, üz və göz qapaqlarında papillomalar əmələ gəlir.

Mövzu ilə bağlı rəyini öyrəndiyimiz dermatoveneroloq-həkim Nigar Abdullayevanın sözlərinə görə, papillomaların əksəriyyəti xoşxassəli olsa da, onların nəzarətsiz şəkildə aradan qaldırılmasına cəhd etmək düzgün deyil. Həkimin sözlərinə görə, insanlar bəzən internetdə rast gəldikləri məsləhətlərə əsaslanaraq və ya müxtəlif xalq üsullarından istifadə etməklə papillomaları qoparmağa çalışırlar ki, bu da arzuolunmaz nəticələrə səbəb ola bilər.

Mütəxəssis bildirir ki, hər hansı yeni yaranmış dəri törəməsi mütləq həkim tərəfindən qiymətləndirilməlidir. Çünki bəzi hallarda papillomalar ölçü və say baxımından arta, travmaya məruz qalaraq iltihablana və ya digər dəri problemləri ilə qarışdırıla bilər. Buna görə də düzgün diaqnozun qoyulması və uyğun müalicə üsulunun seçilməsi vacibdir. Hazırda tibbdə lazer terapiyası, krioterapiya, elektrokoaqulyasiya və digər müasir üsullar vasitəsilə papillomaların təhlükəsiz şəkildə aradan qaldırılması mümkündür.

Həkim, eyni zamanda, profilaktik tədbirlərin əhəmiyyətini də vurğuladı: “Şəxsi gigiyena qaydalarına riayət olunması, immun sisteminin gücləndirilməsi, sağlam qidalanma və mütəmadi tibbi müayinələr papilloma virusunun yaratdığı risklərin azaldılmasına kömək edir. İnsanların öz sağlamlıqlarına diqqətli yanaşması və dəridə müşahidə olunan dəyişiklikləri vaxtında mütəxəssisə göstərməsi gələcəkdə yarana biləcək problemlərin qarşısının alınmasında mühüm rol oynayır.”- deyə Nigar Abdullayeva qeyd etdi.

Papilloma ilk baxışdan ciddi təhlükə yaratmayan bir problem kimi görünsə də, sağlamlığa məsuliyyətli yanaşma hər bir dəyişiklikə diqqət yetirməyi tələb edir. Mütəxəssislərin də vurğuladığı kimi, vaxtında aparılan müayinə və düzgün müalicə həm sağlamlığın qorunmasına, həm də mümkün fəsadların qarşısının alınmasına xidmət edir. Cəmiyyətin bu mövzuda maariflənməsi isə insanların daha sağlam və təhlükəsiz həyat sürməsinə töhfə verən vacib amillərdən biridir.

Nurəngiz Adilqızı

XQ


 

Sosial həyat