AMEA-da “Heydər Əliyevin elm strategiyası gənc alimlərin tədqiqatlarında” mövzusunda elmi konfrans keçirilib

post-img

AMEA-nın Rəyasət Heyətində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Heydər Əliyevin elm strategiyası gənc alimlərin tədqiqatlarında” mövzusunda elmi konfrans keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı tarix elmləri doktoru Vasif Qafarov, AMEA Rəyasət Heyəti aparatının, AMEA-nın Gənclər Akademiyasının, AMEA-nın institutlar üzrə YAP ərazi partiya təşkilatlarının nümayəndələri və gənc alimlər iştirak ediblər.

Konfransda giriş nitqi ilə çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, artıq dünyanın hər yerində, o cümlədən ölkəmizdə və Azərbaycan Milli Elmlər Akademiyasında XX əsr dünya siyasətinin görkəmli dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, artıq AMEA-nın bir sıra institut və təşkilatlarında tədbirlər təşkil edilib, proses davam edir və bu gün isə Akademiya üçün xüsusi əhəmiyyət daşıyan zirvə tədbiri baş tutur.

Ulu Öndər Heydər Əliyevin dünya miqyaslı böyük şəxsiyyət və qüdrətli siyasətçi olduğunu hər kəsin çoxdan qəbul etdiyini deyən akademik İsa Həbibbəyli dünyanın nüfuzlu dövlət xadimləri, siyasətçiləri və alimlərinin Ümummilli Liderə yüksək qiymət verdiklərini söyləyib. Qeyd edib ki, bu qiymətləndirmələr arasında xüsusi diqqət çəkən fikirlərdən biri onun “tarixin gedişini dəyişə bilən lider” olması barədə deyilənlərdir və bu ifadə Heydər Əliyevin fəaliyyətini ən dəqiq xarakterizə edən düşüncələrdən biridir.

“Ulu Öndərin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyyəti, Kreml siyasətində tutduğu mövqe, qətiyyəti və idarəçilik bacarığı dünya tərəfindən açıq şəkildə qəbul edilirdi. Təsadüfi deyildi ki, o dövrdə bəzi qüvvələr onu siyasi səhnədən uzaqlaşdırmağa ciddi cəhd göstərirdilər. Çünki Heydər Əliyev artıq beynəlxalq nüfuz qazanmış böyük siyasi fiqura çevrilmişdi. O, dağılmaq təhlükəsi ilə üz-üzə qalan gənc müstəqil Azərbaycan dövlətini qoruyaraq və möhkəmləndirərək təkcə ölkəmizin deyil, bütövlükdə regionun tarixinin istiqamətini dəyişdi. Azərbaycanın müstəqilliyinin qorunması və inkişaf etdirilməsi, eyni zamanda müstəqillik qazanmış digər dövlətlər üçün də nümunəyə çevrildi. “Əsrin müqaviləsi” də tarixin axarını dəyişən mühüm hadisələrdən biri idi və Heydər Əliyev bu müqaviləni Azərbaycanın milli maraqlarına xidmət edən strateji layihəyə çevirdi. Bunun nəticəsində Azərbaycanın beynəlxalq mövqeyi möhkəmləndi, ölkəmizin tərəfdaşları və dostları artdı, Avropa və dünya miqyasında Azərbaycana münasibət dəyişdi”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

Bu gün Prezident İlham Əliyevin Qalib Xalqın Qalib Lideri kimi tarix yazdığını deyən AMEA rəhbəri vurğulayıb ki, dünyada uzun illər müharibə aparan çox ölkələr olsa da, qalib xalq və qalib lider anlayışı bu gün Azərbaycan nümunəsində öz təsdiqini tapır və bu, bizim milli qürur mənbəyimizdir.

Akademiyada həyata keçirilən gənclər siyasətindən də danışan akademik İsa Həbibbəyli qeyd edib ki, AMEA-nın Gənc Alimlər və Mütəxəssislər Şurasının bazasında Gənclər Akademiyasınını yaradılıb və bu addımın MDB məkanında və daha geniş coğrafiyada ilk belə təşəbbüslərdən biri olduğunu, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən akademik qurumların təcrübəsi əsasında formalaşan bu modelin artıq uğurlu nəticələr əldə etdiyini söyləyib.

“Hazırda Gənclər Akademiyasının idarə heyəti, strukturu, fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Gənclərin “Gənc tədqiqatçı” elmi jurnalı fəaliyyət göstərir və onun ildə bir nömrəsi ingilis dilində nəşr olunur. Rəyasət Heyətinin ötən iclasında Gənclər Akademiyasının loqotipini təsdiqlədik. Məqsədimiz gənc alimlərin elmi potensialını gücləndirmək, onları ictimai və elmi proseslərə daha fəal cəlb etmək, gələcəyin böyük alimlərini yetişdirməkdir. Bu gün Gənclər Akademiyası Ümummilli Lider Heydər Əliyevin xatirəsi qarşısında öz elmi hesabatını verir və özünü cəmiyyətə təqdim edir. Bu, bizim gəncliyə, elmə və Azərbaycanın gələcəyinə baxışımızın ifadəsidir”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

AMEA rəhbəri qeyd edib ki, ömrünü xalqına həsr edən, milləti və dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudulmurlar və Azərbaycan xalqı da müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini daim böyük ehtiramla yad edir.

Daha sonra tədbir çərçivəsində AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi tərəfindən hazırlanmış Ulu Öndərin zəngin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Konfransda çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev hər zaman, həm sovet dövründə, həm də yenidən hakimiyyətə qayıdarkən Azərbaycanı daim sayılıb seçilən ölkələr sırasına qaldırıb. Qeyd edib ki, ötən əsrin 90-cı illərində Yeni Azərbaycan Partiyası təsis olunarkən və Ulu Öndər yenidən hakimiyyətə qayıdarkən ziyalılarımız, xüsusilə Akademiyanın alimləri bu prosesdə yaxından iştirak etmiş, dahi liderin ətrafında sıx birləşmişlər.

Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərinin sonsuz olduğunu deyən Bəxtiyar Nəbiyev vurğulayıb ki, məhz sovet hakimiyyəti illərində dahi rəhbərin təşəbbüsü və təkidi ilə açılmış Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunları həm Birinci Qarabağ müharibəsində, həm də Vətən müharibəsində ərazi bütövlüyümüzün qorunması və bərpasında yaxından iştirak etmişlər.

“Biz xoşbəxtik ki, Heydər Əliyev kimi dahi şəxsiyyəti Uca Yaradan bizə bəxş edib. Biz xoşbəxtik ki, Azərbaycanı dünya xalqları içərisində Qalib Xalq kimi tanıdan, Prezident İlham Əliyev kimi Qalib Lideri var”, - deyə Bəxtiyar Nəbiyev qeyd edib.

Daha sonra konfransda məruzələr dinlənilib. 

Milli Məclisin deputatı tarix elmləri doktoru Vasif Qafarov “Heydər Əliyevin xilaskarlıq missiyası”, AMEA-nın Rəyasət Heyəti aparatı üzrə YAP ərazi partiya təşkilatının sədri, Elm və təhsil şöbəsinin müdir müavini fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarov “Heydər Əliyevin Azərbaycançılıq konsepsiyası və alim məsuliyyəti”, AMEA-nın Gənclər Akademiyasının sədri dosent Elmir Babayev “Sənaye transformasiyalarından innovasiya fəaliyyətinə: Heydər Əliyevin strateji baxışında Azərbaycanın inkişaf trayektoriyası”, Gənclər Akademiyasının sədr müavini filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva “Heydər Əliyev dövründə klassik ədəbi irsin dəyərləndirilməsi və ideoloji kontekst”, Gənclər Akademiyasının Elmi-kütləvi tədbirlərin təşkili departamentinin rəhbəri filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev “Ədəbiyyatşünaslıq elminin inkişafında Heydər Əliyev siyasətinin rolu”, Gənclər Akademiyasının Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının sədri filologiya üzrə fəlsəfə doktoru Arzu İsgəndərzadə “Heydər Əliyevin dövlət dil konsepsiyası: Milli ideologiya və dövlətçiliyin strateji prioritetləri” və Gənclər Akademiyasının Rəqəmsal Mobillik Mərkəzinin rəhbəri kimya üzrə fəlsəfə doktoru Günel Əzimova “Heydər Əliyev ideyaları və gənclik: Rəqəmsallaşan dünyada gənclər” mövzusunda məruzələrlə çıxış ediblər.

Çıxışlardan sonra xatirə şəkilləri çəkdirilib.

Anar TURAN























Elm