Xalqına və dövlətinə bağlılıq kimi ali dəyərlərə sədaqət Prezident İlham Əliyevin fəaliyyət prinsipidir. Ölkə başçısının böyük azərbaycanlı Heydər Əliyevin doğum günündə işğaldan azad olunan torpaqlara səfəri yaddaşlarda dərin iz buraxdı. Talan və dağıntıya məruz qalan ərazilərdə yeni yaşayış evlərinin, müxtəlif müəssisələrin istifadəyə verilməsi, həmçinin keçmiş məcburi köçkünlərlə səmimi görüş böyük qayıdışın parlaq nümunəsi kimi yadda qaldı. Səfər zamanı dövlət başçısının sakinlərlə səmimi görüşü və səsləndirdiyi fikirlər hər kəsdə böyük ruh yüksəkliyi yaratdı. Prezident İlham Əliyevin diqqət və qayğı ilə insanlarla ünsiyyəti, doğma torpaqlarda aparılan geniş quruculuq işləri gələcəyə inam hissini daha da gücləndirdi. Ölkə başçısının yerli sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlər bir daha göstərdi ki, dövlət hər zaman vətəndaşının yanındadır və heç bir qüvvə ölkəmizə, xalqımıza təhdid yarada bilməz.
Bu fikirləri Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.
O bildirib ki, Prezident İlham Əliyev sakinlərlə görüş zamanı verdiyi mesajlarla beynəlxalq münasibətlərdə mövcud ikili standartlara və regionda yaranmış yeni reallıqlara aydın mövqe ortaya qoydu. Dövlət başçısı ATƏT-in Minsk qrupunun illərlə nəticəsiz fəaliyyət göstərdiyini bildirərək böyük dövlətlərin BMT qətnamələrinə fərqli yanaşdığını vurğuladı. Prezident qeyd etdi ki, Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq həm torpaqlarını azad etdi, həm də uzun illər icrasız qalan qətnamələri özü yerinə yetirdi.
Prezident İlham Əliyev çıxışında Fransanın və bəzi xarici dairələrin Ermənistandan siyasi alət kimi istifadə etdiyini qeyd edərək regionda yeni siyasi gündəliyin artıq Azərbaycan və Türkiyə tərəfindən müəyyənləşdirildiyini diqqətə çatdırdı. Dövlət başçısı həmçinin vurğuladı ki, Azərbaycan bölgədə sülhün əsas təşəbbüskarıdır və ölkəmizə qarşı hər hansı təhdid yaranarsa, bütün lazımi addımlar qətiyyətlə atılacaq. Bununla yanaşı Prezident çıxışında dünyada baş verən qarşıdurmaların enerji və ərzaq bazarına təsirindən danışaraq, belə mürəkkəb dövrdə Azərbaycandakı sabitlik və əmin-amanlığın mühüm üstünlük olduğunu diqqətə çatdırdı.
Deputat son olaraq bildirib ki, Prezident İlham Əliyevin Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşdə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan tam təhlükəsiz ölkədir. Dünyada mövcud olan qarşıdurmalar və ziddiyyətlər fonunda təhlükəsiz Azərbaycanda inkişaf davam edir, ölkə günü-gündən daha da güclənir və sabitlik möhkəmlənir. Şübhəsiz ki, bu uğurlar düşünülmüş və praqmatik siyasətin nəticəsidir. İstər daxili siyasətdə, istər diplomatik masada yürüdülən siyasət Azərbaycan və onun vətəndaşının maraqlarına xidmət edir.

