Layihələrdə milli ənənələr, “yaşıl” yanaşma və bəşəri dəyərlər qovuşur
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunandan sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq prosesinin həyata keçirilməsi qarşıya ən mühüm strateji vəzifə kimi qoyuldu. Bu proses təkcə dağıdılmış şəhər və kəndlərin yenidən tikilməsi ilə məhdudlaşmadı. Eyni zamanda, milli yaddaşın bərpası, tarixi irsin qorunması, müasir şəhərsalma prinsiplərinin tətbiqinə xüsusi önəm verilməsi və insan amilinin əsas prioritetə çevrilməsi diqqət mərkəzində saxlanıldı.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirilən şəhərsalma siyasəti müasir Azərbaycanın inkişaf modelinin ən mühüm istiqamətlərindən biri olaraq mühüm önəm daşıyır. Bu modeldə iqtisadi səmərəliliklə yanaşı, sosial rifah, ekoloji tarazlıq, milli-mədəni dəyərlərin qorunması və humanizm prinsipləri xüsusi yer tutur. İşğal dövründə tamamilə dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulması zamanı əsas məqsəd əvvəlki vəziyyəti bərpa etməklə bərabər, daha təhlükəsiz, dayanıqlı, daha müasir və insanyönümlü yaşayış məkanları formalaşdırmaqdır.
Mədəni irs və tarixi kimliyin qorunması
İşğaldan azad edilən ərazilərdə reallaşdırılan yenidənqurma işlərinin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu coğrafiyada şəhərsalma prosesi sistemli yanaşma əsasında həyata keçirilir. Yeni yaşayış məntəqələrinin salınması zamanı dünyanın qabaqcıl urbanistika təcrübəsi ilə Azərbaycanın zəngin memarlıq ənənələrinin sintezinə üstünlük verilir. Bu mənada müasir dövrdə şəhərsalma təkcə binaların tikilməsi anlamına gəlmir. Belə bir anlayış insanın rahat yaşayışı, sosial əlaqələrin düzgün təşkili, ekoloji mühitin qorunması, nəqliyyat infrastrukturunun optimallaşdırılması, ictimai məkanların yaradılması və estetik harmoniyanın təmin olunması kimi çoxsaylı amillərlə şərtlənir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr də məhz bu prinsiplər əsasında formalaşdırılır.
Memar Asif Hüseynovun sözlərinə görə, Qarabağda yeni şəhər və kəndlərin layihələndirilməsi zamanı “ağıllı” şəhər və “ağıllı” kənd konsepsiyalarının tətbiq edilməsi, “yaşıl” enerjinin inkişafına xüsusi önəm verilməsi, milli memarlıq elementlərinin qorunması, tarixi irsin bərpa olunması, sosial infrastrukturun kompleks şəkildə qurulması, müasir nəqliyyat-kommunikasiya sistemlərinin yaradılması kimi əsas istiqamətlərə xüsusi diqqət yetirilir. Bu yanaşma göstərir ki, işğalçının tamamilə dağıtdığı ərazilər sadəcə yenidən tikilmir, eyni zamanda, gələcəyin regionuna çevrilir.
Azərbaycan memarlığı əsrlər boyu zəngin estetik düşüncə və yüksək sənətkarlıq ənənələri ilə seçilib. Qarabağ bölgəsi isə bu baxımdan xüsusi əhəmiyyətə malik olub. Şuşa, Ağdam, Füzuli, Zəngilan, Laçın və digər ərazilərdə isə formalaşmış yaşayış üslubunun həm əlverişli coğrafi şəraitə, həm yüksək həyat tərzinə, həm də zəngin milli mədəniyyətə uyğun şəkildə inkişafı digər coğrafiyalarla müqayisədə fərqlənib. Buna görə də sözügedən qədim yaşayış məskənlərində işğaldan sonra reallaşdırılan tikinti-quruculuq layihələrində milli memarlıq xüsusiyyətlərinin qorunması mühüm prinsip kimi qəbul edilib.
Asif Hüseynov deyir ki, memarlıq təkcə tikinti deyil, həm də xalqın tarixi yaddaşının, mədəni kimliyinin və estetik düşüncəsinin parlaq ifadəsidir. Əgər yeni salınan şəhərlər yerli xüsusiyyətlərə cavab vermədən formalaşdırılarsa, həmin ərazilərin belə vurğulamaq mümkünsə həm ruhu, həm də tarixi siması itirilə bilər. Bu səbəbdən Qarabağda inşa olunan yaşayış binalarında və ictimai tikililərdə milli ornamentlərdən, yerli tikinti materiallarından, ənənəvi memarlıq üslublarından istifadə olunmasına xüsusi diqqət yetirilir.
Daş elementlər, eyvanlar, həyət sistemləri, dam konstruksiyaları və digər memarlıq detalları qədim Qarabağ memarlığının müasir interpretasiyası şəklində tətbiq olunur. Xüsusilə Şuşa şəhərinin yenidən qurulması zamanı memarlıq ənənələrinin qorunması əsas prioritetlərdən biri hesab edilir. Çünki bu qədim qala şəhəri tarixi yaşayış məskəni olmaqla bərabər, həm də Azərbaycan mədəniyyətinin simvollarından biri kimi yüksək dəyərləndirilir.
Qarabağ və Şərqi Zəngəzurda şəhərsalma siyasətinin həyata keçirilməsi ölkəmizin gələcək inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu proses təkcə dağıdılmış şəhər və kəndlərin yenidən qurulması ilə məhdudlaşmır, eyni zamanda, milli yaddaşın bərpası, humanist dəyərlərin yaşadılması və müasir həyat standartlarının tətbiqi baxımından xüsusi əhəmiyyət daşıyır. Yeni yaşayış massivlərinin salınması zamanı milli memarlıq ənənələrinin qorunması, tarixi irsə hörmət, ekoloji tarazlığın saxlanılması və insan amilinin əsas prioritet kimi qəbul edilməsi Azərbaycanın şəhərsalma siyasətinin mahiyyətini təşkil edir.
Şuşada tarixi binaların bərpası bu siyasətin ən parlaq nümunələrindən biridir. Burada reallaşdırılan layihələr göstərir ki, Azərbaycan öz tarixi irsinə yüksək həssaslıqla yanaşır və onu gələcək nəsillərə çatdırmaq üçün ardıcıl və sistemli fəaliyyət nümayiş etdirir. Bütün bunlar isə onu deməyə əsas verir ki, Qarabağda qurulan yeni həyat təkcə bugünün deyil, həm də gələcəyin nümunəvi inkişaf modelidir. Bu model milli köklərə söykənən, humanist dəyərləri qoruyan və müasir dünyanın çağırışlarına cavab verən yeni Azərbaycan reallığının mühüm təcəssümüdür.
Ümumiyyətlə, Qarabağ Azərbaycan xalqının mədəniyyət tarixində hər zaman xüsusi diqqət çəkib. Bu ərazi əsrlər boyu musiqi, poeziya, memarlıq və incəsənət mərkəzi kimi tanınıb. İşğal illərində isə tarixi simasına ciddi zərbə vurulub, bir çox tarixi binalar dağıdılıb, məscidlər və abidələr vandalizmə məruz qalıb. Tarixi zəfərdən sonra isə Qarabağda aparılan bərpa işləri fiziki yenidənqurma ilə bərabər həm də mənəvi dirçəliş prosesinə çevrilib, buradakı tarixi binaların bərpası zamanı əsas məqsəd onların ilkin memarlıq xüsusiyyətlərini qorumaq, tarixi ruhunu saxlamaq və gələcək nəsillərə çatdırmaq olub. Bir sözlə, Qarabağda həyata keçirilən bərpa işlərində humanist dəyərlərin qorunması diqqət mərkəzində saxlanılıb.
Şuşa – daş yaddaşa hopmuş milli ruh
Memar Fərid Bayramov söhbət zamanı qeyd etdi ki, Azərbaycan tarixində elə məkanlar var ki, onların adı təkcə coğrafi anlayış kimi deyil, eyni zamanda, milli ruhun, tarixi yaddaşın və mənəvi bütövlüyün simvolu kimi qəbul olunur. Qarabağ və xüsusilə Şuşa məhz belə müqəddəs məkanlar sırasında yer alır. Bu torpaqlar əsrlər boyu, eləcə də hazırda xalqımızın mədəni, siyasi və mənəvi həyatında mühüm rol oynayaraq milli kimliyin formalaşmasında əvəzsiz əhəmiyyət daşıyır.
Qarabağ məsələsi uzun illər ərzində ərazi problemi olmaqdan savayı, həm də milli yaddaşın qorunması, tarixi ədalətin bərpası və mədəni irsin müdafiəsi kimi Azərbaycan cəmiyyətinin əsas mövzularından biri kimi diqqət çəkib. Bu baxımdan işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən bərpa və quruculuq prosesi təkcə iqtisadi və şəhərsalma layihəsi deyil, eyni zamanda, haqlı olaraq böyük mənəvi və ideoloji missiya kimi qiymətləndirilir.
Bu gün Qarabağın incisi adlandırılan Şuşa şəhəri Azərbaycanın gələcək inkişaf konsepsiyasında xüsusi strateji yer tutur. Burada həyata keçirilən layihələr milli dəyərlərin qorunması və tarixi yaddaşın gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qədim mədəniyyət paytaxtımız əsrlər boyu olduğu kimi, hazırda da Azərbaycan xalqının siyasi, mədəni və ictimai həyatında xüsusi yerə malik olması ilə xüsusi diqqət çəkir. Bu bölgə təkcə münbit torpaqları və gözəl təbiəti ilə deyil, həm də zəngin mədəniyyəti, musiqisi, ədəbiyyatı, memarlığı və intellektual mühiti ilə tanınır.
İşğal illərində şəhərin tarixi simasına və mədəni irsinə ciddi zərər vurulub. Tarixi abidələrin dağıdılması, məscidlərin təhqir olunması, mədəni irsin məqsədli şəkildə məhv edilməsi Azərbaycan xalqının yaddaşında dərin iz buraxıb. Lakin Şuşanın azad olunması təkcə hərbi və siyasi qələbə deyildi. Bu hadisə milli ruhun dirçəlişi, tarixi ədalətin bərpası və mənəvi qələbə kimi dəyərləndirildi.
Hər bir xalqın gücü isə yalnız iqtisadi və hərbi potensialı ilə ölçülmür. Xalqı yaşadan əsas amillərdən biri də onun tarixi yaddaşı və mədəni irsi ilə qiymətləndirilir. Tarixini və mədəniyyətini qoruyan hər bir xalq gələcəyini daha möhkəm təməl üzərində qurmaq imkanına malik olur. Qarabağ və Şuşa ilə bağlı həyata keçirilən bərpa siyasətinin əsas mahiyyəti də məhz milli yaddaşın qorunmasına xidmət edir. Tarixi abidələrin bərpası, mədəniyyət ocaqlarının yenidən qurulması, milli irsin yaşadılması bu istiqamətdə atılan mühüm addımlardan biri kimi diqqət çəkir.
Memarlıq üzrə fəlsəfə doktoru Qurban Qasımovun fikrincə, tarixi binaların bərpası zamanı onların orijinal görünüşünün maksimum səviyyədə saxlanılması vacib prinsip kimi qəbul edilir. Bu yanaşmaya şəhərin tarixi kimliyinin qorunması kimi yüksək dəyər verilir. Elə buna görə də tarixi abidələrin müasir üslubda yenidən qurulması prosesində onların autentik formasının bərpası əsas məqsəd hesab olunur.
Humanist yanaşma yalnız keçmişi qorumaq deyil, həm də gələcək nəsillərin öz tarixini tanımasına şərait yaratmaq deməkdir. Şuşada aparılan bərpa işləri milli irsin yaşadılması və gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən, şəhərsalma prosesində əsas məqsədlərdən biri də insanların rahat, təhlükəsiz və sağlam mühitdə yaşamasını gerçəkləşdirməkdir. Məhz elə buna görə də qədim mədəniyyət paytaxtımız Şuşada və digər azad edilmiş ərazilərdə yaradılan yeni yaşayış məkanlarında parklar, ictimai istirahət zonaları, mədəniyyət mərkəzləri, məktəblər və sosial obyektlərin kompleks şəkildə istifadəyə verilməsi əsas prioritetlərdən biridir.
Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan əsas yeniliklər sırasında “ağıllı” şəhər və “ağıllı” kənd modelləri mühüm önəm daşıyır. Belə bir yanaşma müasir texnologiyaların şəhər idarəçiliyinə inteqrasiyasını nəzərdə tutur. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayış məntəqələrinin salınması zamanı rəqəmsal idarəetmə sistemlərinin qurulması, enerji səmərəliliyinə nail olunması, “ağıllı” nəqliyyat həllərinin və alternativ enerji mənbələrinin gerçəkləşdirilməsi prioritet əhəmiyyətə malikdir.
Samir HEYDƏROV,
iqtisadçı-ekspert
İşğaldan azad edilmiş ərazilərdə yerləşən abidələrin hər daşında həm mədəniyyətimizin, həm də tariximizin silinməz izləri var. Qarabağdakı memarlıq abidələri və muzeylərlə yanaşı, dini məbədlər də mənfur düşmən tərəfindən dağıdılması nəticəsində Azərbaycanın memarlıq irsi böyük itkilərə uğrayıb.
Qarabağ işğaldan azad edildikdən sonra qədim yaşayış məntəqələrindəki tariximizin, mədəniyyət abidələrimizin yenidən bərpa edilməsi sahəsində böyük işlər görülür. Bu ərazilərdə dağıdılan memarlıq abidələrinin yenidən qurulması və bərpası hazırda Azərbaycan memarlarının mühüm yaradıcılıq fəaliyyətinin əsasını təşkil edir. Burada maddi-mədəni irsimiz olan memarlıq abidələrinin qorunması və bərpası ilə bağlı müxtəlif önəmli layihələr həyata keçirilir.
Bu gün, ilk növbədə, Qarabağın tarixini, mədəni irsini bərpa etmək, qorumaq lazımdır. Dövlətimizin başçısı İlham Əliyev bu sahəyə xüsusi diqqət yetirir. Qarabağın mədəni irsinin qorunması və təbliği istiqamətində bir neçə qanun və dövlət proqramı qəbul olunub. Abidələr bərpa olunaraq beynəlxalq aləmdə təbliğ olunmalı, dünya mədəni irs siyahılarına daxil edilməlidir. Bu abidələrimizin yenidən bərpası ilə Azərbaycanın qədim tarixi də qorunur və onların gələcək nəsillərə çatdırılması üçün əlverişli şərait yaradılır.
Bu sahədə elmi-tədqiqatlar aparılmalı və gənc mütəxəssislər bərpa işlərinə cəlb olunmalıdır. Ayrı-ayrı memarlıq abidələrinin qorunub saxlanılmasına dair tövsiyələrin hazırlanması və onların eskiz, bərpa və konservasiya layihələrinin tərtib olunması vacibdir. Qarabağ və ətraf ərazilərin memarlıq irsinin vəziyyəti, bərpası və qorunması bu gün dövlətimizin qarşısında duran əsas vəzifələrdən biridir.
Vaqif BAYRAMOV
XQ


