Gəncədə “Gəncənin ziyalı xanımları: tarixi, elmi və mədəni irs” kitabının təqdimatı keçirilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

AMEA-nın Gəncə Bölməsində yeni nəşr olunan “Gəncənin ziyalı xanımları: tarixi, elmi və mədəni irs” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə şəhərin ziyalıları, alimlər, gənc tədqiqatçılar və ictimai fəal xanımlar iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra AMEA-nın Gəncə Bölməsinin fəaliyyəti və burada ərsəyə gətirilən elmi nəşrlərə həsr olunan videoçarx nümayiş etdirilib.

Toplantını açan AMEA-nın Gəncə Bölməsinin ümumi işlər üzrə sədr müavini Rasim Tağıyev bölmənin sədri, akademik Fuad Əliyevin adından qonaqları salamlayaraq bildirib ki, ölkəmizdə qadın siyasətinə göstərilən diqqət dövlətin prioritet istiqamətlərindən biridir. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan qadınlarının cəmiyyətin bütün sahələrində fəal iştirakı üçün geniş imkanlar yaradılır.

Vurğulanıb ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin qadınları tarix boyu elm, təhsil, mədəniyyət və ictimai həyatda mühüm rol oynayıb, öz fəaliyyətləri ilə şəhərin və ölkənin inkişafına dəyərli töhfələr veriblər.

AMEA-nın Gəncə Bölməsinin sənədlərlə iş şöbəsinin müdiri, fəlsəfə doktoru Sara Əzizova çıxış edərək kitabın elmi və tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, “Gəncənin ziyalı xanımları: tarixi, elmi və mədəni irs” adlı monoqrafiya bölmə əməkdaşlarının kollektiv əməyinin nəticəsidir. Nəşrdə Gəncədə müxtəlif dövrlərdə yaşayıb-yaratmış, şəhərin ictimai-siyasi, elmi və mədəni həyatında mühüm xidmətləri olmuş ziyalı qadınların həyat və fəaliyyəti arxiv sənədləri, tarixi mənbələr və elmi araşdırmalar əsasında sistemli şəkildə təqdim olunub.

Qeyd edilib ki, ensiklopedik xarakter daşıyan monoqrafiya regionşünaslıq və gender tarixi baxımından mühüm elmi mənbə kimi xüsusi əhəmiyyət kəsb edir.

Təqdimat mərasimində çıxış edən Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva, Azərbaycan Texnologiya Universitetinin elmi katibi Sevda Qurbanova, Gəncə şəhər Nizami rayonu bələdiyyəsinin şöbə müdiri Gülcahan Qəhrəmanova, yazıçı və Əməkdar jurnalist Nüşabə Əsəd Məmmədli, GDU-nun Kimya kafedrasının müdiri Aynur Məmmədova, ADAU-nun Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova və digər natiqlər nəşrin elmi dəyərini yüksək qiymətləndiriblər. Onlar Azərbaycan qadınının zəngin mənəvi və intellektual irsinin öyrənilməsi və təbliği baxımından bu cür əsərlərin mühüm əhəmiyyət daşıdığını bildiriblər.

Çıxışlarda həmçinin Azərbaycan xalqının milli-mədəni irsinin qorunması və dünya miqyasında təbliği istiqamətində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin xüsusi önəm daşıdığı vurğulanıb, həyata keçirilən layihələrin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyi qeyd olunub.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri

































Elm