Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə zorakılıq və yeni qan tökülmələrinin qarşısını almaq məqsədilə çətin siyasi qərarlar qəbul etdiyini bildirib.
Erməni KİV-lərinin yaydığı məlumata görə, Paşinyan rəhbərlik etdiyi hökumətin Ermənistanı davamlı qarşıdurma, qeyri-sabitlik və itkilər dövründən çıxarmağa çalışdığını deyib.
Onun sözlərinə görə, qəbul olunan qərarlar ciddi tənqidlərə, ittihamlara və siyasi təzyiqlərə səbəb olsa da, ölkənin gələcəyi naminə bu məsuliyyəti öz üzərinə götürüb. Baş nazir vurğulayıb ki, Ermənistan təhlükəli bir istiqamətə sürüklənirdi və həmin kursun dəyişdirilməsi zəruri idi.
“Bizi dar ağacına aparırdılar. Mən bu məsuliyyəti öz üzərimə götürdüm və Ermənistanı dar ağacına aparan yoldan çıxardım”, – deyə Paşinyan bildirib.
O, həmçinin münaqişələr nəticəsində yaşanan itkilərin və həlak olan insanların xatirəsinin qəbul etdiyi qərarlara təsir göstərdiyini qeyd edib. Paşinyanın sözlərinə görə, keçmiş faciələr ona hadisələrə daha geniş prizmadan baxmağa və ölkənin gələcəyi üçün fərqli seçimlər etməyə sövq edib.
Ermənistan baş nazirinin bu açıqlaması ölkədə xarici siyasət kursu, regional münasibətlər və təhlükəsizlik məsələləri ətrafında davam edən müzakirələr fonunda səslənib. Siyasi müşahidəçilər hesab edirlər ki, Paşinyan bu bəyanatla həm daxili auditoriyaya, həm də beynəlxalq tərəfdaşlara son illərdə həyata keçirdiyi siyasətin əsas motivlərini izah etməyə çalışır.
XQ

