Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında fransız yazıçısı Antuan de Sent-Ekzüperinin məşhur “Balaca şahzadə” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdiriləcək.
Teatrdan XQ-yə verilən məlumata görə, həm uşaqların, həm də böyüklərin marağına səbəb olan səhnə əsəri tamaşaçılara yalnız maraqlı və rəngarəng hadisələr deyil, eyni zamanda dərin fəlsəfi və mənəvi mesajlar təqdim edir.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, səhnə variantının müəllifi yazıçı-publisist İlqar Fəhmi, bəstəkarı Ruslan Ağababayev, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiyanın Əməkdar incəsənət xadimi Sergey Qritsaydır. Tamaşanın hazırlanmasında Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, bərpaçı rejissor Sevinc Məmmədova, bərpaçı xoreoqraf Məhəmməd Abdullayev və rejissor assistenti Çimnaz Bağırova da iştirak ediblər.
Səhnə əsərində Faiq Mirzəyev, Əmrah Dadaşov, Hüseyn Əlili, Rauf Babayev, Ruslan Mürsəlov, Zaur Əliyev, Nuray Məmmədzadə və Murad Əliyev müxtəlif obrazları canlandıracaqlar. Balaca şahzadə rolunu isə 44 günlük Vətən müharibəsi şəhidi Telman Kəlbiyevin oğlu Elcan Kəlbiyev ifa edəcək.
Qeyd edək ki, tamaşa ilk dəfə 2019-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın dəstəyi ilə səhnələşdirilib.







