Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bakı Enerji Həftəsi çərçivəsində iyunun 2-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək.
XQ xəbər verir ki, tədbir Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın müddəalarına uyğun olaraq təşkil edilir və iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi baxımından mühüm platforma hesab olunur.
İqtisadi Dialoq çərçivəsində regional və beynəlxalq nəqliyyat bağlantıları, ticarət münasibətlərinin inkişafı, sənaye əməkdaşlığı, qarşılıqlı investisiyaların təşviqi, enerji təhlükəsizliyi, tranzit imkanlarının genişləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi və rəqəmsal infrastrukturun inkişafı kimi aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaq.
Tədbirin əsas məqsədi Azərbaycan və ABŞ arasında iqtisadi tərəfdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi, biznes mühitinin inkişafı üçün əlverişli imkanların yaradılması və özəl sektor nümayəndələri arasında əlaqələrin gücləndirilməsidir. Bu məqsədlə hər iki ölkənin dövlət qurumları, aparıcı şirkətləri, investorları və biznes assosiasiyalarının iştirakı ilə xüsusi panel sessiyalarının təşkili nəzərdə tutulur.
Dialoq çərçivəsində enerji, innovasiya, rəqəmsal transformasiya, logistika və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra sənədlərin imzalanması da planlaşdırılır. Gözlənilir ki, tədbir Azərbaycan və ABŞ arasında iqtisadi əlaqələrin dərinləşməsinə, yeni investisiya layihələrinin reallaşdırılmasına və uzunmüddətli strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək.
Bakı Enerji Həftəsi çərçivəsində keçiriləcək ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu iki ölkə arasında iqtisadi münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirən mühüm hadisə kimi qiymətləndirilir.

