Əlcəzair Prezidenti Azərbaycanla neft-qaz əməkdaşlığı memorandumunu təsdiqləyib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Əlcəzair Prezidenti Əbdülməcid Tebbun Azərbaycan ilə neft və qaz sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan mühüm sənədi təsdiqləyib. Söhbət “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında neft və qaz sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”ndan gedir.

XQ-nin Əlcəzair mətbuatına istinadən verdiyi məlumata görə, 2022-ci il noyabrın 29-da imzalanmış memorandum enerji sektorunda iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Sənəd karbohidrogenlər sənayesi, neft və qaz kəşfiyyatı, hasilat, neft-kimya məhsullarının istehsalı, eləcə də bərpaolunan və yaşıl enerji layihələri üzrə əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradır.

Memorandum çərçivəsində tərəflər karbohidrogen fəaliyyəti ilə bağlı hüquqi və tənzimləyici mexanizmlərin təkmilləşdirilməsi, sahə üzrə təcrübə mübadiləsi və normativ bazanın əlaqələndirilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər. Bundan əlavə, quruda və dənizdə neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi layihələrində əməkdaşlıq imkanlarının araşdırılması da nəzərdə tutulur.

Sənəd neft-kimya sənayesinin inkişafı, enerji daşıyıcılarının nəqli və paylanması, neft məhsullarının beynəlxalq bazarlarda marketinqi kimi istiqamətləri də əhatə edir. Razılaşmaya əsasən, SOCAR tərəfindən Sonatrach Raffineria İtaliana şirkətinə Azeri Light markalı və digər növ xam neftin uzunmüddətli əsasda tədarükü məsələləri də əməkdaşlığın vacib elementlərindən biri kimi müəyyənləşdirilib.

Tərəfdaşlığın mühüm istiqamətlərindən biri də yaşıl enerji sahəsidir. Memorandum hidrogen enerjisi üzrə layihələrin həyata keçirilməsi, hidrogen istehsalı və nəqli infrastrukturunun yaradılması, eləcə də enerji keçidinin sürətləndirilməsi məqsədilə birgə təşəbbüslərin reallaşdırılmasını nəzərdə tutur. Bununla yanaşı, elmi-tədqiqat fəaliyyətləri, innovativ texnologiyaların tətbiqi, enerji sektorunun idarə olunması, infrastrukturun inkişafı və peşəkar kadr hazırlığı sahələrində əməkdaşlıq da sənəddə öz əksini tapıb.

Anlaşma Memorandumu ilkin olaraq beş il müddətinə qüvvədə olacaq. Tərəflərdən hər hansı biri sazişdən çıxmaq barədə rəsmi bildiriş təqdim etmədiyi halda, sənəd avtomatik olaraq növbəti beş il müddətinə uzadılacaq.

Qeyd edək ki, memorandumun Azərbaycan tərəfindən təsdiq edilməsi haqqında müvafiq Fərman Azərbaycan Prezidenti tərəfindən 2023-cü il fevralın 1-də imzalanıb. Sənədin hər iki ölkədə ratifikasiya olunması Azərbaycan və Əlcəzair arasında enerji sahəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu və tərəflərin bu istiqamətdə uzunmüddətli strateji maraqlarını bir daha nümayiş etdirir.

İqtisadiyyat