Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bərpaolunan enerji sahəsində ixtisaslaşan "Nabrawind" şirkəti (yaxınlarda "Fortescue" korporasiyasının tərkibinə daxil olub) Namibiyanın çətin iqlim şəraitində mühüm texnoloji yeniliyə imza atıb. Şirkət indiyədək qeyri-mümkün hesab olunan bir metodu tətbiq edərək, heç bir ağır yükqaldıran krandan istifadə etmədən tamölçülü külək turbininin montajını həyata keçirib. Mühəndislik layihəsinin rəsmi hesabatına istinadən yayılan məlumata görə, bu yeni yanaşma külək enerjisi stansiyalarının tikintisində ən böyük loqistik problemlərdən birini – iritonnajlı texnikaların ucqar və çətin relyefli ərazilərə daşınması məsələsini kökündən həll edir.
Şirkətin patentləşdirdiyi "Total SES" (Self-Erecting System) texnologiyası quraşdırılacaq qüllələrin modul konstruksiyasını yerdən cəmi 30–40 metr hündürlükdə yığmağa imkan verir. Əvvəllər rotorun quraşdırılması üçün 90–100 metr hündürlükdə işləyə bilən nəhəng krallara ehtiyac duyulurdusa, indi sistem qülləni aşağı hündürlükdən başlayaraq pilləli şəkildə yuxarıya doğru özü qaldırır. Üstəlik, bu sistem mövcud külək turbinlərinin demək olar ki, bütün növləri ilə tam uyğunluq təşkil edir.
Yeni metodun ən böyük üstünlüklərindən biri də onun güclü küləklərə qarşı dözümlülüyüdür. Ənənəvi kranlar saniyədə 6–8 metr sürətlə əsən küləkdə təhlükəsizlik səbəbindən işi dayandırmağa məcbur olduğu halda, "Total SES" sistemi saniyədə 15 metr (pərlərdə isə saniyədə 20 metrədək) sürəti olan qeyri-sabit hava şəraitində belə etibarlı şəkildə fəaliyyət göstərir. Dünyanın ən çox külək tutan bölgələrindən biri olan "InnoVent Diaz" külək parkı bu texnologiyanın bütün ekstremal sınaqlardan keçməsi üçün ideal məkan olub.
Layihə çərçivəsində nazikdivarlı boruvari qüllələrin struktur möhkəmliyinə zərər vurmadan qaldırılması texnoloji baxımdan tam təmin edilib. Şirkət yaxın gələcəkdə "InnoVent Diaz" külək parkında "Total SES" və "Skylift" mühəndislik həllərinin köməyi ilə daha 7 ədəd "Goldwind" turbini quraşdırmağı planlaşdırır. Bu layihə kransız montaj prosesinin təkrarlana bilən, etibarlı və ən mürəkkəb təbii şəraitə belə davamlı olduğunu qlobal enerji bazarına nümayiş etdirəcək.
Ə.Arzu
XQ

