“II Birlik Yarmarkası” sərgisinin açılış mərasimi keçirilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti  

Bakıda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “II Birlik Yarmarkası” adlı xeyriyyə rəsm sərgisinin açılış mərasimi keçirilib.

XQ xəbər verir ki, Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB), “Leykemiya ilə Mübarizə” İctimai Birliyi və “Asterias” Təlim və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sərgidə müxtəlif ümumtəhsil müəssisələrinin şagirdləri tərəfindən hazırlanmış 145 əl işi nümayiş olunub. Layihənin əsas məqsədi leykemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək göstərmək, eyni zamanda cəmiyyətdə həmrəylik və sosial məsuliyyət hissini gücləndirməkdir.

Qeyd olunub ki, sərgilənən rəsm işləri on iki müxtəlif mövzu üzrə hazırlanıb və onların müəllifləri əvvəlcədən xüsusi təlimlərə cəlb olunublar. Təşkilatçılar bu təşəbbüsün uşaqların yaradıcılıq potensialının inkişafı ilə yanaşı, empatiya və humanizm dəyərlərinin formalaşmasına töhfə verdiyini bildiriblər.

“Asterias” Təlim və İnkişaf Mərkəzinin təsisçisi və təlimçisi Nərgiz Çalbay çıxışında bildirib ki, sərgidə nümayiş etdirilən əsərlər təkcə yaradıcılıq nümunəsi deyil, həm də uşaqların daxili dünyasının, ümid və arzularının ifadəsidir. O qeyd edib ki, layihə həmrəylik və yardımsevərlik ideyalarının cəmiyyətdə daha geniş yayılmasına xidmət edir.

ATİB-in İdarə Heyətinin sədri Mürsəl Rüstəmov layihənin sosial əhəmiyyətini vurğulayaraq, təşkilatın bu kimi təşəbbüslərə dəstək verməkdən məmnun olduğunu bildirib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında ölkədə uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən qanunvericilik dəyişikliklərindən danışıb. O, xeyriyyəçilik mədəniyyətinin inkişafında cəmiyyətin aktiv iştirakının vacibliyini qeyd edib.

Tədbirdə çıxış edən digər natiqlər də leykemiya ilə mübarizə aparan uşaqlara dəstəyin əhəmiyyətini vurğulayaraq, bu cür layihələrin ictimai maarifləndirməyə mühüm töhfə verdiyini bildiriblər.

Sonda rəsm əsərləri sərgi stendində və xeyriyyə auksionunda satışa çıxarılıb. Toplanan vəsait leykemiya xəstəliyi ilə mübarizə aparan uşaqların müalicəsinə və onların sosial rifahının yaxşılaşdırılmasına yönəldiləcək.

Qeyd edək ki, “II Birlik Yarmarkası” artıq ikinci ildir təşkil olunur və xeyriyyə məqsədi daşıyan bu təşəbbüs uşaqlara həm maddi, həm də mənəvi dəstək göstərilməsini hədəfləyir.





































Sosial həyat