Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Nyu Yorkun simvolu və maliyyə mərkəzi sayılan, turistlərin ən çox ziyarət etdiyi küçələrdən olan Uol Stritdəki (Wall Street) “Boulinq Qrin” ("Bowling Green") parkında 28 May – Müstəqillik Günü münasibətilə üçrəngli bayrağımız ucaldılıb. Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldıldığı bu məkan Nyu York şəhərinin ilk rəsmi parkı və nəhəng bayraq meydanı kimi tanınır.
Azərbaycan-Amerika Gənclər Federasiyasının təşkilatçılığı ilə baş tutan mərasimdə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Tofiq Musayev, diaspor nümayəndələri və Nyu Yorkda yaşayan soydaşlarımız iştirak ediblər.
Mərasimdə çıxış edənlər 28 May - Müstəqillik Gününün tarixi əhəmiyyətindən danışıblar. Qısa müddət yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə mühüm rol oynadığı vurğulayıblar.
Mərasimi yerli əhali və turistlər də maraqla qarşılayıb, bayrağımızın fonunda şəkil çəkdiriblər. Soydaşlarımız onlara ölkəmiz, tariximiz və milli dəyərlərimiz haqqında məlumat veriblər.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı “Boulinq Qrin” parkında 10 gün müddətində dalğalanacaq.

