İyunun 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeylə görüşüb.
Görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya əlaqələri, eləcə də Cənubi Qafqazda postmünaqişə dövründə mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov ötən ilin avqustunda Vaşinqtonda keçirilmiş Sammitin ikitərəfli və regional əlaqələrdə əhəmiyyətini vurğulayaraq, sammit çərçivəsində əldə olunmuş tarixi razılaşmaların iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə xidmət etdiyini qeyd edib.
Bununla yanaşı, ilk dəfə olaraq Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Dialoqunun keçirildiyi, ticarət, investisiyalar, enerji, nəqliyyat, rəqəmsal inkişaf və digər sahələri əhatə edən 10 əməkdaşlıq sənədinin imzalandığı diqqətə çatdırılıb.
Görüşdə regionda nəqliyyat-kommunikasiya əlaqələrinin gücləndirilməsinə və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantıların yaradılmasına xidmət edəcək TRIPP layihəsinin reallaşdırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Görüş zamanı Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunarkən, ikitərəfli əməkdaşlıqda məhdudiyyətlərin aradan qaldırılmasının əhəmiyyəti vurğulanıb. Bu çərçivədə ABŞ-ın Azərbaycana dövlət yardımını məhdudlaşdıran 907-ci düzəlişin tamamilə ləğvinin iki ölkə arasında strateji tərəfdaşlığın ruhuna uyğun olacağı, təhlükəsizlik, enerji, nəqliyyat, iqtisadiyyat və regional sabitlik sahələrində əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyi qeyd edilib. Bildirilib ki, sözügedən düzəliş öz mahiyyətinə görə köhnəlmiş yanaşmanı əks etdirir və mövcud geosiyasi reallıqlar, eləcə də Azərbaycan-ABŞ tərəfdaşlığının səviyyəsi ilə uzlaşmır.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin və ölkəmizin Mərkəzi Asiya Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul edilməsinin strateji əhəmiyyəti vurğulanaraq, C6 formatında əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu qeyd edilib.
Söhbət zamanı Azərbaycan-Ermənistan normallaşma prosesi də müzakirə olunub. Nazir Azərbaycan-Ermənistan normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri barədə qarşı tərəfə ətraflı məlumat verib.
***
Həmin gün xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Koreyanın xarici işlər nazirinin müavini Çonq Eui-haenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı Azərbaycan-Koreya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, iqtisadiyyat, ticarət, investisiyalar, rəqəmsal inkişaf, təhsil, nəqliyyat, enerji təhlükəsizliyi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov ölkələrimiz arasında münasibətlərin inkişaf dinamikasını məmnunluqla qeyd edib. O, Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələrinin, eləcə də ölkəmizin Avropa ilə Asiyanı birləşdirən əsas regional nəqliyyat və logistika marşrutlarında oynadığı rolun beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaratdığını vurğulayıb. Bu çərçivədə Orta Dəhlizin əhəmiyyəti, tranzit və bağlantı imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Tərəflər çoxtərəfli platformalarda əməkdaşlıq məsələlərini də müzakirə ediblər.
Tərəflər rəqəmsal transformasiya, innovasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib, bu istiqamətlərdə təcrübə mübadiləsinin və birgə layihələrin əhəmiyyətini qeyd ediblər. Təhsil sahəsində əməkdaşlığın, akademik mübadilə proqramlarının və insan kapitalının inkişafına yönəlmiş təşəbbüslərin perspektivləri nəzərdən keçirilib.
Görüş zamanı enerji sahəsində əməkdaşlıq məsələləri, xüsusilə enerji təhlükəsizliyi, bərpaolunan enerji mənbələrinin inkişafı və yaşıl keçid istiqamətində həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Həmin gün Azərbaycan Respublikası və Koreya Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Koreya tərəfindən isə xarici işlər nazirinin müavini Çonq Eui-hae başçılıq edib.
XQ

