XXI əsrdə qlobal təhlükəsizlik sistemi niyə təsirsizdir?
I yazı
XX əsrin dağıdıcı faciəsi olan İkinci Dünya müharibəsinin ardından yaradılan BMT beynəlxalq sistemin əsas sütunu kimi nəzərdə tutulmuşdu. Onun missiyası sadə, lakin iddialı idi: müharibələrin qarşısını almaq, dövlətlər arasında sülhü qorumaq, kollektiv təhlükəsizlik mexanizmini işlək vəziyyətdə saxlamaq və beynəlxalq hüququn aliliyini təmin etmək. 1945-ci ildə San-Fransisko Konfransında qəbul edilən BMT Nizamnaməsi dövlətlərin suverenliyi, güc tətbiqindən imtina və mübahisələrin dinc yolla həlli prinsiplərini beynəlxalq nizamın əsasları kimi müəyyənləşdirdi.
Lakin XXI əsrin geosiyasi reallıqları göstərir ki, beynəlxalq sistemin institusional arxitekturası qlobal güc balansının dəyişməsi ilə ayaqlaşa bilmir. Bu gün əsas problem BMT-nin mövcudluğu deyil, onun qərarlarının siyasi və hüquqi effektivliyidir. BMT Nizamnaməsinin VII fəsli Təhlükəsizlik Şurasına beynəlxalq sülh və təhlükəsizliyin qorunması məqsədilə geniş səlahiyyətlər verir. Bu səlahiyyətlərə beynəlxalq sülhə təhdidin müəyyən edilməsi, məcburetmə xarakterli iqtisadi və diplomatik sanksiyaların tətbiqi, silah embarqolarının elan olunması, sülhməramlı əməliyyatların təsdiqlənməsi və zərurət yarandıqda kollektiv hərbi tədbirlərə icazə verilməsi daxildir. Hüquqi baxımdan bu mexanizm BMT-ni beynəlxalq sistemdə ən geniş mandatlı təhlükəsizlik institutu statusuna yüksəldir.
Hüquqi böhran və Azərbaycan nümunəsi
Lakin son onilliklərin təcrübəsi göstərir ki, hüquqi səlahiyyətlərin mövcudluğu onların praktikada effektiv şəkildə həyata keçirilməsi anlamına gəlmir. Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar yalnız siyasi konsensus şəraitində işlək olur. Böyük dövlətlər arasında fikir ayrılığı yarandıqda isə BMT-nin kollektiv təhlükəsizlik mexanizmi, faktiki olaraq, fəaliyyət qabiliyyətini itirir.
Bu problemin ən uzunmüddətli nümunələrindən biri Azərbaycan olmuşdur. Birinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizi Ermənistan silahlı qüvvələrinin nəzarəti altına keçdi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası ardıcıl olaraq 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edərək işğal olunmuş ərazilərdən Ermənistan qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi. Qətnamələrdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı açıq şəkildə təsdiqlənirdi. Bununla belə, həmin sənədlərin qəbulundan sonra uzun illər ərzində onların icrası istiqamətində effektiv beynəlxalq mexanizm işə salınmadı. Təhlükəsizlik Şurası qətnamələrin yerinə yetirilməməsinə görə əlavə məcburetmə tədbirlərinə əl atmadı, sanksiyalar tətbiq edilmədi və qərarların icrasına nəzarət edəcək praktik mexanizm formalaşdırılmadı. Nəticədə, Təhlükəsizlik Şurasının məcburi xarakter daşıyan qərarları uzun illər icra edilmədi.
Mövcud vəziyyət beynəlxalq hüququn tətbiqində ciddi ziddiyyəti üzə çıxardı. Bir tərəfdən BMT Azərbaycanın ərazi bütövlüyünü və işğal faktını hüquqi baxımdan tanıyırdı, digər tərəfdən isə həmin hüquqi mövqenin həyata keçirilməsi üçün zəruri institusional addımlar atılmırdı.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış ərazilərinin böyük hissəsi üzərində nəzarəti bərpa etdi, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirlərindən sonra isə ölkənin bütün suveren ərazisində konstitusiya quruluşu tam təmin olundu. Həmin proseslər nəticəsində 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurası qətnamələrində əks olunmuş prinsiplər faktiki olaraq həyata keçirildi. Lakin bu, BMT-nin kollektiv təhlükəsizlik mexanizmi vasitəsilə deyil, regionda yaranmış yeni siyasi və hərbi reallıqlar fonunda baş verdi.
Azərbaycan nümunəsi göstərdi ki, Təhlükəsizlik Şurasının hüquqi qərarlarının mövcudluğu onların avtomatik icrası demək deyil. Qətnamələrin qəbul edilməsi ilə onların həyata keçirilməsi arasında bəzən onilliklərlə ölçülən boşluq yaranır. Bütün bunlar beynəlxalq hüququn legitimliyindən daha çox, onun icra mexanizmlərinin effektivliyi barədə suallar doğurur. Oxşar vəziyyət sonradan digər münaqişələrdə də müşahidə olundu. Suriyada 2011-ci ildən başlayan və milyonlarla insanın həyatına təsir göstərən müharibə zamanı Təhlükəsizlik Şurası humanitar dəhlizlərin yaradılması, atəşkəsin təmin olunması və münaqişənin siyasi həlli ilə bağlı vahid mövqe formalaşdıra bilmədi. Müxtəlif illərdə təqdim edilən qətnamə layihələri daimi üzvlərin veto hüququndan istifadə etməsi səbəbindən qəbul edilmədi.
İşğalçı veto qoyursa…
Oxşar vəziyyət Ukrayna ətrafında da müşahidə edildi. 2014-cü ildə Krımın ilhaqı, daha sonra isə 2022-ci ildən başlayan genişmiqyaslı müharibə fonunda Təhlükəsizlik Şurası beynəlxalq hüququn pozulmasına dair prinsipial qərarlar qəbul etmək imkanından məhrum oldu. Bunun əsas səbəbi münaqişə tərəflərindən birinin eyni zamanda Təhlükəsizlik Şurasının veto hüququna malik daimi üzvü olması idi. Belə şəraitdə BMT Nizamnaməsinin nəzərdə tutduğu kollektiv təhlükəsizlik mexanizmi hüquqi baxımdan mövcud olsa da, siyasi baxımdan işləmədi.
Qəzza zolağında baş verən hadisələr də analoji mənzərəni ortaya qoyur. Humanitar atəşkəs, mülki əhalinin müdafiəsi və beynəlxalq humanitar hüququn təmin olunması ilə bağlı müxtəlif qətnamə layihələri uzun müddət Təhlükəsizlik Şurasında razılaşdırıla bilmədi. Ayrı-ayrı dövlətlərin veto hüququndan istifadə etməsi səbəbindən BMT-nin qərar qəbul etmə prosesi dalana dirəndi. Problem yalnız qərarların qəbul edilməməsində deyil. Qəbul edilmiş qətnamələrin icrası da ciddi çətinliklərlə üzləşir. BMT-nin özünün hərbi qüvvəsi yoxdur. Təşkilatın sülhməramlı əməliyyatları üzv dövlətlərin könüllü şəkildə ayırdığı şəxsi heyət və texniki resurslar hesabına formalaşdırılır. Eyni zamanda, iqtisadi sanksiyaların effektivliyi də dövlətlərin həmin qərarlara nə dərəcədə əməl etməsindən asılıdır. Bu isə o deməkdir ki, BMT qərar qəbul etsə belə, onların icrası dövlətlərin siyasi iradəsindən asılı qalır.
Məhz buna görə son illər beynəlxalq hüquq üzrə mütəxəssislər getdikcə daha çox “icra böhranı” anlayışından istifadə edirlər. Problemin mahiyyəti hüquqi normaların tətbiqini təmin edəcək effektiv mexanizmlərin məhdudluğudur. BMT beynəlxalq hüququn əsas normativ platforması olaraq qalır, lakin bu normaların pozulması hallarında onların icrasını məcburi şəkildə təmin etmək imkanları kifayət qədər deyil.
Mövcud reallıq onu göstərir ki, kollektiv təhlükəsizlik sistemi artıq əvvəlki kimi universal mexanizm funksiyasını yerinə yetirə bilmir. Münaqişələrin həllində getdikcə daha çox regional təşkilatlar, koalisiya formatları, vasitəçi dövlətlər və çoxtərəfli diplomatik platformalar ön plana çıxır. BMT isə bir çox hallarda proseslərin hüquqi və humanitar müşayiətçisi rolunda çıxış edir.
Təhlükəsizlik Şurasında qərarsızlıq
BMT-nin beynəlxalq təhlükəsizlik sistemində qarşılaşdığı ən ciddi institusional problemlərdən biri Təhlükəsizlik Şurasının qərar qəbuletmə mexanizmidir. Təşkilatın Nizamnaməsinə əsasən, ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa daimi üzv statusuna malik olmaqla yanaşı, veto hüququna da sahibdirlər. Bu mexanizm İkinci Dünya müharibəsindən sonra böyük dövlətlərin təşkilatda iştirakını təmin etmək və onların razılığı olmadan qlobal təhlükəsizlik məsələləri üzrə qərarların qəbul edilməsinin qarşısını almaq məqsədilə yaradılmışdı. Lakin XXI əsrdə eyni mexanizm getdikcə beynəlxalq təhlükəsizlik sisteminin əsas institusional məhdudiyyətlərindən birinə çevrilib.
BMT Nizamnaməsinin 27-ci maddəsinə əsasən, Təhlükəsizlik Şurasının substantiv məsələlər üzrə qərarlarının qəbul edilməsi üçün daimi üzvlərin heç birinin əleyhinə səs verməməsi tələb olunur. Praktikada isə bu o deməkdir ki, beş daimi üzvdən hər hansı biri təkbaşına beynəlxalq sülh və təhlükəsizliklə bağlı istənilən qərarın qəbulunu dayandıra bilir.
BMT-nin rəsmi məlumatlarına görə, 1946-cı ildən etibarən Təhlükəsizlik Şurasında veto hüququndan 300 dəfədən çox istifadə olunub. Tarixən ən çox vetodan SSRİ və onun hüquqi varisi olan Rusiya Federasiyası istifadə edib. “Soyuq müharibə”dən sonrakı dövrdə isə veto daha çox geosiyasi maraqların qorunması alətinə çevrilib. Bunun ən bariz nümunələri Suriya, Ukrayna və Qəzza ilə bağlı müzakirələrdir. Bu münaqişələr üzrə təqdim olunan bir sıra qətnamə layihələri daimi üzvlərin veto hüququndan istifadə etməsi və ya siyasi razılığın əldə olunmaması səbəbindən qəbul edilmədi.
Birinci Qarabağ müharibəsindən sonra qəbul edilmiş, lakin uzun illər icra olunmayan Təhlükəsizlik Şurasının qətnamələri, Suriya, Ukrayna və Qəzza ətrafında yaşanan hadisələr göstərir ki, beynəlxalq hüququn mövcudluğu onun avtomatik tətbiq olunacağı anlamına gəlmir. Hüquqi qərarlar siyasi iradə ilə dəstəklənmədikdə, onların icrası uzun müddət kağız üzərində qalır.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru


