Cənubi Koreya “Tramp tarifləri”ndən qorunmağa çalışır

post-img

Cənubi Koreya yarımkeçirici sənayesinə 23,2 milyard dollar dəstək verəcək. Ölkənin əsas biznes sahələrindən birinin maliyyələşdirmə səviyyəsini artırmaq qərarı, digər məsələlərlə yanaşı, ABŞ prezidenti Donald Trampın tarifləri tətbiq etməsi ilə bağlıdır. Lakin “Samsung” korporasiyasnın problemləri təkcə yüksək tariflərlə bağlı deyil. Məlumata görə, şirkətin ABŞ istehsalı olan məhsullarına müştəri tapmaq da getdikcə çətinləşir.

Seulun yeni planlarına əsasən, hökumət dəstəyi əvvəlcədən planlaşdırılan məbləğdən 5,3 milyard dollar çox olacaq. Bunun 2 milyard dolları 2027-ci ilə qədər aşağı faizli güzəştli kreditlərin maliyyələşdirilməsinə yönəldiləcək. NBC xəbər verir ki, planlaşdırılan tədbirlər çərçivəsində Cənubi Koreya hökuməti yarımkeçirici klasterlər üçün yeraltı elektrik xətlərinin tikintisinə subsidiya verəcək. Həmçinin bütövlükdə, qabaqcıl sənaye komplekslərində infrastrukturun maliyyələşdirilməsinin payının 30 faizdən 50 faizə yüksələcəyi bildirilir.

Cənubi Koreya Tayvanla birlikdə dünyanın əsas yarımkeçirici istehsalçısı olaraq qalır. Eyni zamanda, Amerikanın “Intel” şirkəti xüsusilə çip istehsalı sahəsində ciddi böhran yaşayır – şirkət istehsal gücünü azaldır və yeni fabriklər tikmək planlarını təxirə salır. Düzdür, bu, ilk növbədə Avropa və Malayziyaya təsir edir, ABŞ-da isə “Intel” öz mövqeyini qoruyub saxlamağa çalışır. Cənubi Koreyanın “Samsung” şirkəti isə Çin də daxil olmaqla çip ixracını artırmağa davam edir.

“The Financial Times” qəzetinin yazdığına görə, Cənubi Koreya nəhəngi ABŞ-la əməkdaşlıqda çətinliklər fonunda süni intellektin inkişafı üçün çiplərə tələbatın artdığı Çinlə əlaqələri genişləndirir. Paradoksal olsa da, Prezident Trampın tətbiq etdiyi tariflər Çinin mövqeyini və Pekinin Cənubi Koreya ilə əlaqələrini gücləndirə bilər.

Xatırladaq ki, Qərbin Çinlə qarşıdurmasında mühüm istiqamətlərindən biri də budur ki, Pekin müstəqil olaraq qabaqcıl çiplər istehsal edə bilməsin. İndiyədək ABŞ bu vəzifənin öhdəsindən çip hazırlanmasında istifadə edilən litoqrafiya avadanlığının istehsalında liderliyini qorumaqla gəlir. Amerikalılardan başqa, litoqrafiya avadanlıqları Hollandiyada (ASML) və Yaponiyada istehsal olunur. Hər iki ölkə Çində hər hansı bir rəqibin yaranmasının qarşısını almaq üçün amerikalılarla əməkdaşlıq edir. “Samsung” şirkəti Ağ evin təzyiqi altında keçən ilin noyabrında Çinə 7 nanometrlik çiplərin tədarükünü dayandırmışdı. Eyni addımı onlardan əvvəl Tayvanın TSMC şirkəti də atmışdı.

Ancaq indi vəziyyət dəyişməyə başlayır. FT yazır ki, “Samsung” şirkəti istehsal müəssisələrini Texasda yerləşdirsə də, ABŞ-da müştərilər tapmaqda çətinlik çəkir. Yeri gəlmişkən, bu problem yeni rüsumlarla bağlı deyil, çünki yeni tariflər ABŞ istehsalı olan mallara şamil edilmir. Ancaq mütəxəssislər deyirlər ki, Çində Cənubi Koreya şirkətlərinin kifayət qədər müştərisi var.

Bununla belə, Çinin özü də irəliyə doğru addımlar atır: “Huawei” şirkəti artıq 7 nanometrlik çiplər istehsal edir və yaxın gələcəkdə texnoloji cəhətdən daha inkişaf etmiş 5 nanometrlik çipləri istehsal edəcəyi istisna edilmir.

S.ELAY
XQ

Siyasət