Rusiya XİN-in rəsmi nümayəndəsi nə dedi və nəyi demək istəyirdi?
Rusiyanın müxtəlif dairələrinin, o cümlədən ölkə rəsmilərinin Bakı-İrəvan sülh prosesinə, xüsusən, Azərbaycan və Ermənistan liderlərinin bu il avqustun 8-də Vaşinqtonda imzaladıqları Birgə Bəyannaməyə münasibətlərindən bir neçə nəticə hasil olur. Birincisi, tərəflər arasında barış məsələsi asan deyil, onlar mövcud istiqamətdə çox işlər görməlidirlər. İkincisi, sülh mühiti və razılaşmalar Cənubi Qafqaz ölkələrinin və regionda maraqlı dövlətlərin mənafeləri ilə ziddiyyət təşkil etməməlidir.
Əvvəla bildirək ki, hər iki baxışda Bakı-İrəvan sülhünə skeptik yanaşma və prosesin optimizm üçün əsas vermədiyini vurğulamaq əzmi var. Yəqin ifadələri xatırladınız. Vaşinqton razılaşmasına optimizmdən kənar rəng qatan Rusiya baş nazirinin müavini Aleksey Overçuk idisə, məsələyə skeptik yanaşmanın təbliğatını ölkənin xarici işlər naziri Sergey Lavrov aparmışdı. Yəni Kremlin baş diplomatiya idarəsinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın indi dedikləri heç də təəccüblü deyil.
Bəli, Bakının və İrəvanın sülh yolunda həyata keçirməli olduqları çox işlərin mövcudluğunu vurğulayan xanım Zaxarova bildirib ki, fikir ayrılıqlarını aradan qaldırmaq, sülh müqaviləsini imzalamaq, sərhədlərin delimitasiyasını və demarkasiyasını ədalətli əsaslarla başa çatdırmaq, nəqliyyat kommunikasiyalarını açmaq vacibdir. Üstəlik, bunu elə şəkildə etmək lazımdır ki, proses hər iki ölkənin, eləcə də regionun ən böyük siyasi və iqtisadi qonşularının maraqlarına xidmət etsin.
Zaxarovanın dediklərini Azərbaycan və Ermənistan rəsmiləri də vurğulayaraq, görüləcək işlərin Cənubi Qafqazda tarixi maraqlara malik məmləkətlərin mənafeyinə zidd mahiyyət daşımamasının zəruriliyini önə çəkiblər. Maraqlar isə bərabərlilik prinsipləri əsasında təmin olunmalıdır. Yəni hər şey məlumdur. Məsələ ondadır ki, Zaxarova, əslində, hər kəsin bildiklərini xatırladır. Problem də bu xatırlatmadadır. Görəsən, xanım diplomatın bildiyi, region ölkələrinin rəsmi təmsilçilərinin bilmədikləri nədir? Sualımız ritorikdir. Çünki hamı hər şeyin fərqindədir.
M.Zaxarova Cənubi Qafqazda maraqlı tərəflər kimi Rusiyanın, İranın və Türkiyənin adını çəkir və mövcud xüsusda “3+3” regional məşvərət formatını yada salır. O formatı ki, onun təşəbbüskarı məhz Azərbaycan və Türkiyə olmuşdu. O format ki, Rusiya burada təmsil olunsa da, ölkə həmişə Bakı-İrəvan normallaşmasını mövcud platformadan kənar tutmağa çalışmış, sanki onu monopoliyaya götürübmüş kimi davranmışdı.
Nəticədə Qarabağda erməni silahlı qüvvələrinin birləşmələri, habelə separatçı rejim saxlanılmış və bununla ərazi bütövlüyü və suverenliyin toxunulmazlığı prinsipi heçə sayılmışdı. Üstəlik, həmin vaxt Qarabağda Rusiya sülhməramlı kontingenti də var idi. Deməli, Kreml Qarabağ məsələsini sadalanan təməl prinsiplərdən kənar müstəvidə görürdü. Başqa cür düşünməyə əsas yoxdur. Rus sülhməramlıları Qarabağın erməni əhalisinə uşaq bezləri və digər gündəlik tələbat malları daşıyırdılarsa, separatçıların bölgəyə silah-sursat keçirmələrini müşayiət edirdilərsə, daha nə deyəsən?
Hazırda Zaxarovanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması kontekstində “3+3” formatını xatırlatması, yumşaq desək, gülünc görünür. Axı ölkənin Bakı ilə İrəvan arasında münasibətləri yoluna qoymaq üçün bu formatdan bəhrələnmək şansı var idi, ancaq istəmədi. İndi isə Rusiya Cənubi Qafqazda tutunmaq üçün özü ilə yanaşı, Türkiyənin və İranın adını çəkir. Aydındır ki, bu, Bakı-İrəvan normallaşmasının hazırkı trayektoriyasına etirazdır. Guya kim bilmir ki, Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri bir araya gəlib müştərək saziş imzalasalar da, tərəflərin hələ getməli olduqları çox yol var? Bu yolda Rusiyaya ehtiyac duyulurmu? Birmənalı şəkildə deyilə bilər ki, yox! Bəs Kremlin regional maraqları və mənafeləri nəzərə alınırmı? Bu haqdakı daha konkret fikri diqqətə çatdıracağıq.
Bəli, Vaşinqtonda imzalanmış Birgə Bəyannamə son dərəcə böyük tarixi əhəmiyyət daşıyan, Azərbaycan və Ermənistan arasında sülh quruculuğuna xidmət edən sənəddir. Elə bir sənəd ki, indiyədək analoqu olmayıb. Bəyannamə xoş niyyətin yüksək səslə ifadə olunmasıdır. Amma məsələ təkcə bunda da deyil. Sənəddə bütün məqamlar təfsilatı ilə göstərilib. Prinsipcə, problemli heç nə qalmayıb. Bir halda ki, beynəlxalq terminlə desək, Tramp marşrutu, yəni Zəngəzur dəhlizi fəaliyyətə başlayacaq və onun iş mexanizmləri aşkardır, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə hansısa problem də yoxdur. Keçmiş SSRİ dövründəki sərhədlərin haradan başlayıb haradan bitdiyi hər kəsə yaxşı məlumdur.
Digər tərəfdən, Rusiya bilməlidir ki, indiki temp saxlanılsa, gələcəkdə Cənubi Qafqazda sərhəd anlayışı ümumiyyətlə aradan qalxacaq. Bunun nəyi pisdir ki? Avropada Hollandiyadan Belçikaya, Fransadan Almaniyaya, Almaniyadan Avstriyaya, İspaniyadan Portuqaliyaya insanlar heç bir sərhəd nəzarəti olmadan hərəkət edirlər. Regionumuzda da eyni vəziyyət yaranacaqsa, buna ancaq sevinmək lazımdır. Əlbəttə ki, Rusiyada durumu kədərlə qarşılaya bilərlər və deyəsən, qarşılayırlar da. Anlamaq olmur ki, niyə və nə üçün?
Əslində, böyük ölçüdə Zaxarovanın da nə demək istədiyi anlaşılmır. Amma bir şey aydındır ki, Rusiya “3+3” formatını dövriyyəyə gətirirsə, deməli, Cənubi Qafqazdan yapışmaq üçün mütərəqqi davranmaq imkanlarını itirməyib. Bu, müsbət haldır. Mövcud anlamda Rusiya XİN-in sözçüsünün diqqətə çatdıracağımız iqtibasdakı təklifi də müsbət yönümlüdür: “Biz azərbaycanlı və erməni həmkarlarımızdan bu platformanın xarici işlər nazirlərinin növbəti görüşünün keçiriləcəyi yer və tarix barədə tezliklə razılığa gəlmək üçün fəal addımlar gözləyirik. Öz növbəmizdə bütün məsələlər üzrə tərəfdaşlara tələb olunan dəstəyi göstərməyə hazır olduğumuzu təsdiqləyirik”.
Təkcə Zaxarova deyil, digər Rusiya rəsmiləri də bilməlidirlər ki, “3+3” regiol olan məşvərət formatı əhəmiyyətini itirməyib və bu format çərçivəsində bundan sonra daha çox görüləcək işlər, razılaşdırılacaq məsələlər var. Ancaq Moskva həmin işlər və məsələlərin hansı yönündə olacaq, olmaq istəyəcəkmi, ən böyük sual budur.
Cənubi Qafqaz və bölgədə tarixi maraqlara malik ölkələrin mənafelərinin qorunmasına gəldikdə isə yaxşı olar ki, Rusiya rəsmiləri Prezident İlham Əliyevin avqustun 27-də Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalında yayımlanmış müsahibəsindəki fikirlərə nəzər salsınlar. Dövlətimizin başçısı müsahibəsində Zəngəzur dəhlizinin, başqa adla desək, Tramp marşrutunun regional mənfəətlərindən söz açarkən belə demişdi: “Rusiya sərhədindən İran sərhədinədək dəmir və magistral yolları əlaqəmiz var. Çatışmayan hissə İran ərazisindədir. Onlar təxminən 150 kilometrlik və ya daha çox hissəni tikməlidirlər. Lakin bu, müəyyən vaxt aparacaq, bəlkə də bir neçə il. Bəs Şimalla Cənub arasındakı əlaqələr necə qurulacaq? Zəngəzurdan keçə bilər. Xəritəni göz önünə gətirsəniz, həmin yol Şimali Avropadan Rusiyaya, Azərbaycana, sonra Azərbaycandan Zəngəzura gedə, Naxçıvana daxil ola, - və oradan isə bizim İranla dəmir yolu əlaqəmiz var, - və onunla Fars körfəzinə çıxmaq olar. Deməli, əslində, Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq. Deməli, Rusiyadan Azərbaycana, İrana gedən Şimal-Cənub marşrutundan əlavə, bizim digər marşrutumuz da olacaq - Rusiyadan Azərbaycana, Ermənistana, Naxçıvana və İrana. Beləliklə, düşünürəm ki, bütün region üçün hamının udacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək”.
Əlqərəz, Kremldə əmin olsunlar ki, “3+3” regional məşvərət formatının gündəliyini, böyük ölçüdə, Prezident İlham Əliyevin vurğuladığı fikirlər təşkil edir. Zaxarova isə onu da bildirir ki, Rusiyanın dəyişməz prioriteti Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsidir. “Biz ardıcıl olaraq Bakı və İrəvan arasında uzun müddət gözlənilən barışığın davamlı xarakter daşımasının tərəfdarıyıq. Bu, bütün regionun inkişafı üçün ayrılmaz şərtdir. Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinə Rusiyanın verdiyi töhfəni qiymətləndirməmək çətindir”, - deyən xanım Zaxarova əlavə edir ki, hazırkı Ermənistan-Azərbaycan normallaşma mərhələsi Rusiyanın və şəxsən Prezident Vladimir Putinin fəal iştirakı ilə başlayıb: “Bizim birbaşa iştirakımızla 2020–2022-ci illər arasında ən yüksək səviyyədə ikitərəfli razılaşmalar əldə olunub. Onlar, sözün əsl mənasında, qan tökülməsini dayandırdı və Cənubi Qafqazda sülh prosesinin əsas istiqamətlərini müəyyənləşdirdi. Əsas sahələr üzrə kompleks tədbirlər, hərtərəfli plan razılaşdırıldı: sülh müqaviləsinin işlənməsi, regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, vətəndaş cəmiyyəti xətti ilə dialoqun inkişafı. Bütün bu nailiyyətlər bu gün də aktuallığını itirməyib, əksinə, azərbaycanlı və erməni tərəfdaşlarımız tərəfindən uğurla istifadə olunmaqdadır. Bu kontekstdə əldə olunmuş irəliləyişi alqışlayırıq”.
M.Zaxarovanın öz fikirlərini pozitiv notlarla tamamlamasını biz də alqışlayırıq. Əlbəttə, razıyıq ki, Rusiya 44 günlük müharibəni dayandırdı, qan tökülməsinə son qoydu. 2020-2022-ci illərdə də Kremlin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin təmasları gerçəkləşdi. Onu da bilirik ki, Qərb 2022-ci ildən sonra vasitəçilik təşəbbüsünü öz üzərinə götürdü. Ən başlıcası, nə Rusiyanın, nə də Qərbin vasitəçiliyi Qarabağdakı erməni separatizmini aradan qaldırmadı, erməni silahlı qüvvələrinin bölgədəki varlığına son qoymadı...
Daha vacib məqam budur ki, Azərbaycanla Ermənistan arasında real sülh danışıqları 2024-cü ilin əvvəlindən başlandı və həmin vaxt vasitəçilik institutu aradan qalxmışdı. Azərbaycan sülh müqaviləsinin beş şərtini irəli sürmüş, Ermənistana gəldikdə, ölkə rəhbərliyi, mahiyyətcə, həmin şərtləri qəbul etmək məcburiyyətində qalmışdı. Vaşinqtonda tərəflərin bir araya gəlib Birgə Bəyannamə imzalamaları isə prinsip etibarilə ABŞ-ın vasitəçiliyi yox, Bakı və İrəvanın öz aralarında razılaşdırdıqları məqamların həyata keçəcəyinə dair təminatdır. Yəni Birləşmiş Ştatlar hər iki Cənubi Qafqaz ölkəsinin etimad göstərdiyi qarantyor ampluasındadır. Rusiya bu ampluada ola bilmədisə, bunu bacarmadısa, Qarabağın statusunun həlli məsələsini sonraya saxlamaq barədə mənasız ritorikaya baş vurdusa, habelə bölgəyə, məsələn, Ruben Vardanyan kimi siyasi avantüristi göndərib separatizmə dayaq nöqtəsi qazandırmağa çalışdısa, deməli, oyunu düz qurmadı və uduzdu. Özü yıxılan isə ağlamaz.
Ə.CAHANGİROĞLU
XQ