Sosial layihələr üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Asiya İnkişaf Bankının (AİB) Sektorlar üzrə 3-cü Departamentinin Baş direktoru Kristin Enqstromun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Bu barədə XQ-yə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev nazirliklə AİB arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində səmərəli əməkdaşlığın həyata keçirildiyini, ötən dövrdə icra olunmuş birgə layihələrin önəmini qeyd edib.

Belə layihələrdən biri olan "Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sosial müdafiə sahəsində Asiya İnkişaf Bankının dəstəyinin gücləndirilməsi" layihəsi çərçivəsində görülmüş işlərin müsbət nəticələrinin olduğu bildirilib. AİB-in 2025–2029-cu illər üçün Ölkə Tərəfdaşlıq Strategiyasının əhəmiyyəti, əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə imkanlar yaratdığı diqqətə çatdırılıb.

Son illər ölkəmizdə aparılan sosial islahatların uğurları, DOST Konsepsiyasının üstünlükləri, aktiv məşğulluq proqramlarının icrası, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi, sosial sahədə rəqəmsal həllərin geniş tətbiqi işləri barədə məlumat verilib. Ölkəmizin əmək qanunvericiliyində edilmiş son dəyişikliklər, icbari tibbi sığorta sistemində aparılan islahatlar qeyd olunub.

Kristin Enqstrom AİB-lə nazirlik arasında əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsində maraqlı olduqlarını bildirib. Görüşdə ƏƏSMN ilə AİB arasında yeni birgə layihələrin icrası imkanları nəzərdən keçirilib.









Sosial həyat