YAP nümayəndə heyəti Çinə səfər edib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti 

 

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, partiyanın Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin müdiri Hülya Məmmədli, İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərovdan ibarət nümayəndə heyəti Çin Kommunist Partiyasının (ÇKP) dəvəti ilə Çin Xalq Respublikasına səfər edib.

XQ xəbər verir ki, səfər çərçivəsində mayın 12-də nümayəndə heyətinin Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrinin müavini Çjen Tszyanban ilə görüşü keçirilib.

Görüşdə Azərbaycan-Çin münasibətlərinin tarixi ənənələrə, möhkəm dostluğa, qarşılıqlı etimada və hərtərəfli strateji tərəfdaşlığa əsaslandığı vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin dövlətlərarası münasibətlərin inkişafına xüsusi önəm verdikləri bildirilib.

Prezident İlham Əliyevin 2025-ci ilin aprel ayında Çinə rəsmi dövlət səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”dan irəli gələrək fəal siyasi dialoq şəraitində müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticari, nəqliyyat-logistika, turizm, yaşıl enerji, rəqəmsal texnologiyalar və digər sahələrdə mövcud potensialdan səmərəli istifadənin diqqət mərkəzində saxlanıldığı və çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi üçün ardıcıl fəaliyyətin həyata keçirildiyi qeyd olunub.

Qlobal kataklizmlərlə müşayiət olunan geosiyasi transformasiya şəraitində Azərbaycan ilə Çinin beynəlxalq hüquq normalarına və milli maraqlara hörmət prinsiplərinə əsaslanaraq bəşəriyyətin sağlam gələcəyi naminə sülhün, təhlükəsizliyin və qarşılıqlı faydalı əməkdaşlığın təşviqi istiqamətində konstruktiv siyasət yürütməsinin önəmi vurğulanıb.

Tahir Budaqov Azərbaycanın Vahid Çin prinsipini birmənalı şəkildə dəstəklədiyini bildirib.

Çjen Tszyanban isə Çin Xalq Respublikasının ölkəmizin haqlı və ədalətli mövqeyini müdafiə etdiyini, o cümlədən ərazi bütövlüyü və suverenliyinə qətiyyətli dəstək göstərdiyini vurğulayıb.

Hər iki ölkənin mühüm qlobal təşəbbüslərlə çıxış etdiyi qeyd olunaraq “Bir kəmər, bir yol” layihəsinin və Zəngəzur dəhlizinin geostrateji əhəmiyyəti diqqətə çatdırılıb.

Mayın 17-də paytaxt Bakıda öz işinə başlayacaq və Çin nümayəndə heyətinin də təmsil olunacağı BMT-nin Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının beynəlxalq müstəvidə şəhərsalma prosesində önəmli rol oynayacağına inam ifadə olunub.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müasir şəhərsalma konsepsiyaları əsasında genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı və Çin şirkətlərinin də innovativ texnologiyalardan istifadə etməklə bu prosesə mühüm töhfələr verə biləcəyi qeyd olunub.

Azərbaycan-Çin əlaqələrinin vacib tərkib hissəsi olaraq YAP ilə ÇKP arasında işbirliyinin, həmçinin qanunverici orqanlarda dostluq qruplarının səmərəli fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

2024-cü il noyabrın 13-də hakim partiyalar arasında imzalanmış Əməkdaşlıq Memorandumundan irəli gələrək müştərək hədəflərin gerçəkləşdirilməsi üçün məqsədyönlü tədbirlərin uğurla davam etdirildiyi bildirilib və bu xüsusda qarşılıqlı maraq doğuran digər məsələlərlə əlaqədar fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinin Pekin Partiya Məktəbinə, Mərkəzi Partiya Məktəbinin Tarix muzeyinə və “Xiaomi” şirkətinin avtomobil superzavoduna ekskursiyası da təşkil edilib.

Siyasət