Rusiya və Ukrayna nümayəndə heyətləri artıq 2 gündür ki, aralarındakı ağır müharibəyə son qoymaq üçün İstanbula gəliblər. Ayın 15-də nəzərdə tutulan görüş bir çox səbəbdən baş tutmayıb. Dünən keçirilən danışıqlarda isə atəşkəs barədə razılığa gəlmək mümkün olmayıb.
Hələlik diplomatik səylər real nəticələr vermir. Bu məqamda istər-istəməz sual yaranır: müharibəni niyə dayandırmaq mümkün olmur? Axı 3 ildən çoxdur ki, iki ölkə arasında ağır zorakılıqlarla müşahidə olunan gərgin döyüşlər gedir. Bu silahlı qarşıdurmada hər iki tərəfdən artıq yüz minlərlə insan həlak olub. Ukraynanın azı 7 milyondan çox sakini qaçqın düşüb.
Təəssüf ki, son günlər geniş və bərəkətli Ukrayna torpaqlarında cəbhənin bütün təmas xətti boyu döyüşlərin intensivliyi daha da artıb. Tərəflər bir-birinin ərazisinə aramsız raket və dron zərbələri endirirlər. Təbii ki, bu qanlı savaşdan ən çox Ukrayna xalqı zərər çəkir. Axı müharibə əsasən məhz bu ölkənin ərazisində gedir.
Həqiqətin gözünə dik baxmaq lazımdır. Rusiyanın Ukraynaya nisbətən hərbi resursları daha çoxdur. Düzdür, Ukrayna xalqının igid əsgər və zabitlərinin döyüşlərdəki fədakarlığı heyranlıq doğurur, amma, bu, yetərlidirmi? Rusiya ordusu hər gün kəndbəkənd irəliləyir.
Türkiyə dövləti ilk gündən bu məsələdə ədalətli və prinsipial mövqe nümayiş etdirir. Ankara Ukraynanın ərazi bütövlüyünün pozulmasının qəti əleyhinədir. İnsafən, ABŞ-ın 47-ci prezidenti Tramp da sülh adamıdır və müharibənin sona yetməsi üçün ciddi səylər ortaya qoyur. Görünür, hətta bu da yetərli deyil.
Son 1 həftə ərzində Rusiya–Ukrayna müharibəsi ilə əlaqədar bir çox maraqlı diplomatik addımlar atılıb. Mayın 10-da Böyük Britaniya, Fransa, Almaniya və Polşa liderləri Kiyevə səfər edərək buradan Moskvaya mesaj göndərdilər. Dedilər ki, əgər Kreml mayın 12-dən etibarən atəşkəs elan etməzsə, bu ölkəyə qarşı əlavə və əvvəlkindən daha sərt sanksiyalar qəbul edəcəklər. Bu ultimativ tələb Rusiya paytaxtında acı istehza ilə qarşılandı.
Prezident Putin Moskvanın İstanbulda 3 il əvvəl yarımçıq qalmış danışıqları davam etdirməyə hazır olduğunu bəyan etdi. Türkiyə öz növbəsində İstanbulda danışıqlar üçün hər cür şərait yaradacağını bildirdi. Prezident D.Tramp ukraynalı həmkarını təcili surətdə danışıqlara qoşulmağa səslədi.
Bu dəfə Prezident Zelenski gözlənilməz gediş etdi. O, heç kimin gözləmədiyi şəkildə Rusiyanın dövlət başçısı ilə İstanbulda şəxsən görüşmək arzusunda olduğunu söylədi. Kiyevin bu təşəbbüsü sülh danışıqları prosesinə əlavə bir dinamizm gətirdi. Siyasi təhlilçilər ağız-ağıza verib Kremlin bundan sonra hansı qərar qəbul edəcəyi ilə bağlı ehtimallar səsləndirdilər. Üstəlik, o ərəfədə 3 zəngin ərəb dövlətinə səfər edən D.Tramp İstanbul danışıqlarında şəxsən iştirak edə biləcəyini elan etdi
Beləliklə, Ukrayna böhranı ətrafında diplomatik səylər özünün pik həddinə çatdı. Zelenski əvvəlcə Ankaraya uçaraq sayın R.T.Ərdoğan ilə görüşdü. Türkiyə lideri budəfəki danışıqlarda mühüm qərarlar veriləcəyinə ümid bəslədiyini vurğuladı və tərəfləri bu fürsəti qaçırmamağa çağırdı. V.Zelenski görüşdən dərhal sonra İstanbula yola düşdü. Lakin Rusiya Prezidenti İstanbula gəlmədi. Beləcə, necə deyərlər, gözlər yollar dikili qaldı...
Moskva isə diplomatik cavab tədbirləri görürdü. Mayın 15-nə keçən gecə Prezident Putin Ukrayna ilə danışıqlara hazırlıqla bağlı müşavirə keçirdi. Qərara alındı ki, RF nümayəndə heyətinə RF Prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik etsin. Nümayəndə heyətinə, həmçinin XİN başçısının müavini Mixail Qaluzin, RF Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov, müdafiə nazirinin müavini Aleksandr Fomin daxildirlər.
Bu xəbər İstanbul sülh danışıqları ilə bağlı ümidləri, demək olar ki, heçə endirdi. Çünki Türkiyəyə yola düşən Rusiya rəsmiləri taleyüklü qərarlar qəbul etmək səlahiyyətində deyildilər. Bu mahiyyət etibarilə real danışıqlar üçün cəhd yox, onun imitasiyası demək idi. Ukrayna böhranının həlli ilə bağlı ümidlər yenidən azaldı.
Xatırladaq ki, Ukraynanın İstanbula gələn nümayəndə heyətinə bu ölkənin müdafiə naziri Rustem Umerov başçılıq edir. O, cəbhədəki vəziyyəti əla bilir və üstəlik, bir neçə xarici dildə sərbəst danışır. Ukrayna nümayəndə heyətinə, həmçinin Prezident Aparatının rəhbəri Andrey Yermak, eləcə də xarici işlər naziri Andrey Sibiha və digər rəsmi şəxslər daxildir.
Sonda təəssüf hissi ilə qeyd etməyə məcburuq ki, İstanbul danışıqlarının uğurla başa çatacağına ümidlər azdır. Ona görə ki, mövqelər bir-birindən kəskin surətdə fərqlənir. Ukrayna və Qərb dövlətlərinin niyyəti qeyd-şərtsiz atəşkəsə nail olmaqdır. Rusiya isə təkcə Donetsk və Luqansk vilayətlərində ələ keçirdiyi əraziləri deyil, üstəlik, Ukraynanın Zaporojye və Xerson vilayətlərini də özünə zorla ilhaq etmək istəyir. Təbii ki, bu tələb rəsmi Kiyev üçün qəbuledilməzdir.
Mayın 16-da Dolmabağça sarayında iki üçtərəfli görüş keçirilib. Əvvəlcə Türkiyə, ABŞ və Ukrayna arasında danışıqlar baş tutub. Sonra Türkiyə, Rusiya və Ukrayna diplomatları görüşərək müzakirələr aparıblar. Ukraynaya isə indi ən azı kövrək sülh lazımdır. Ümid edək ki, diplomatlar ən yaxın gələcəkdə bütün dünyanın arzu etdiyi və çox gözlədiyi sülh sazişinə imza atacaqlar.
P.S. Dünən axşam saatlarında bəlli oldu ki, İstanbulda Rusiya ilə Ukrayna nümayəndə heyətləri arasında 2 saat davam edən danışıqlarda atəşkəs barədə razılığa gəlmək mümkün olmayıb. Lakin tərəflərin qarşılıqlı surətdə 1000 hərbi əsiri azad edəcəklərini vəd ediblər.
Məsaim ABDULLAYEV
XQ