Ötən əsrin 90-cı illərinin başlanğıcında ölkədə yüksələn milli azadlıq hərəkatının təlatümlü dalğasında işıq üzü görmüş “Ədalət” qəzetinin 35 yaşı tamam olub. Bu münasibətlə Azərbaycan Mətbuat Şurasında keçirilən yubiley məclisində dövlət müstəqilliyi ərəfəsində ilk demokratik nəşrlərdən olmuş bu qəzetin ölkədə azad media prinsiplərinin dirçəldilib inkişaf etdirilməsində xidmətləri diqqət mərkəzində oldu.
Məclisdə Mətbuat Şurasının sədri Rəşad Məcid bildirdi ki, 1991-ci il iyulun 26-Azərbaycan Hüquqşünaslar İttifaqının nəşri kimi fəaliyyətə başlamış “Ədalət” qəzeti tezliklə müstəqillik uğrunda ümumxalq mübarizəsinin cəsarətli söz tribunalarından biri oldu. Milli mətbuatımızın demokratik ənənələrini sürətlə dirçəldən nəşr zəngin mənəvi dəyərlərimizə sahib olmağın örnəklərini də önə çəkdi, çəmiyyətdə sosial ədalət dəyərlərini uca tutdu. Xalqımızın 1988-ci ildən düçar olduğu və sağalmaz yaraya çevrilmiş Qarabağ bəlası da “Ədalət”in aparıcı və daimi mövzularına çevrildi.
Bildirildi ki, yeni yaranmış bir çox nəşrlər sonrakı illərdə sıradan çıxsa da, kökü cəmiyyətin dərin qatına işləmiş “Ədalət” böyüyüb boy atdı, 35 yaşa çatdı. Qəzet bu gün tərəqqi və yüksək rifah quruculuğuna, beynəlxalq nüfuzumuzun artmasına, düşmən dairələrin çeşidli təxribatlarının cavablandırılmasına layiqli informasiya dəstəyi verir.
Bütün bunlaın 35 il əvvəl yurdsevər ziyalının – istedadlı yazıçı-publisist Aqil Abbasın və tanınmış hüquqşünas Adil Minbaşının məsləkə çevirdikləri hədəflər olaraq qəzetin sonrakı yolunu müəyyən etdiyini söyləyən MŞ sədri qəzetin kollektivini səmimi təbrik etdi, onlara bundan sonra da milli mediamızın inkişafında yeni uğurlar arzuladı. Sonra Rəşad Məcid Mətbuat Şurasının yubiley diplomunu qəzetin təsisçisi və ideya rəhbəri Aqil Abbasa təqdim etdi. Qocaman və fəal əməkdaşlar isə Şuranın təşəkkürnamələri ilə mükafatlandırıldılar.
Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədr müavini əməkdar jurnalist Əminə Yusifqızı, qəzetin veteranlarından əməkdar jurnalistlər Aydın Ağazadə və Rəşid Faxralı, yubilyar nəşrin əməkdaşları Əbülfət Mədətoğlu, Nicar Rüstəmov, Asif Talıboğlu, Mətbuat Şurasının əməkdaşı İlqar Tağıyev və başqaları hazırda tanınmış publisist İradə Tuncayın baş redaktorluğu ilə fəaliyyət göstərən “Ədalət”in ölkəmizdə ədalətli cəmiyyətlə bağlı ictimai fikrin formalaşmasında səmərəli fəaliyyətini, geniş oxucu auditoriyası qazandığını vurğuladılar, təbriklərə qoşuldular.
Milli Məclisin deputatı Aqil Abbas əvvəllər baş redaktoru, sonradan isə təsisçisi olduğu “Ədalət”in keçdiyi yola, xidmətlərinə verilən yüksək qiymətə görə Mətbuat Şurasının rəhbərliyinə və media təmsilçilərinə təşəkkür etdi, qəzetin öz məsləkinə daim sadiq qalacağını bildirdi.
Tahir AYDINOĞLU
XQ
Redaksiyadan: “Xalq qəzeti”nin kollektivi də bu yaxınlarda 106 yaşı tamam olmuş ölkənin ən qocaman gündəlik nəşri olaraq, fəaliyyətinin son 35 ilində onunla yanaşı addımlamış, milli mətbuatımızın yeni format və imicinin formalaşmasında peşəkarlıq nümunəsi göstərmiş “Ədalət” qəzetində çalışan həmkarlarımızı təbrik edir, kollektivə yaradıcılıq uğurları arzulayır.