Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti
Media xəbərlərinə görə, ABŞ kəşfiyyatının qiymətləndirmələri ABŞ Prezidenti Donald Tramp administrasiyasının İran ordusunun “tamamilə məğlub edildiyi” barədə açıqlamalarından fərqlənir və İranın raket potensialının əsasən toxunulmaz qaldığını göstərir.
Məlumatı “Anadolu” yayıb.
“The New York Times” qəzeti may ayına aid məxfi kəşfiyyat sənədlərinə istinadən iddia edir ki, İran Hörmüz boğazındakı 33 raket bazasından 30-na yenidən giriş əldə edib.
Məqalədə həmçinin bildirilir ki, Tehranın hələ də müharibədən əvvəlki raket arsenalının təxminən 70 faizi, o cümlədən mobil buraxılış qurğuları qalmaqdadır.
Bundan əlavə, ölkənin yeraltı raket saxlama qurğularının və buraxılış komplekslərinin təxminən 90 faizinin “qismən və ya tam işlək vəziyyətdə” olduğu iddia edilir.
Nəşrə cavab olaraq Ağ Evin mətbuat katibinin müavini Oliviya Uels İran ordusunun “məğlub olduğunu” təkrarlayıb. O qeyd edib ki, əksinə inananlar “ya özlərini aldadırlar, ya da İslam İnqilabı Keşikçiləri Korpusunun ruporu kimi çıxış edirlər”.
P.ƏMİRCANOV
XQ

