Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışında 3-cü mərhələ başa çatıb. Bu yarış günündə velosipedçilər Qəbələdən Mingəçevir şəhərinədək 162,9 kilometr məsafə qət ediblər. Mərhələ daha çox sprint təsnifatı ilə seçilib və ən sürətli velosipedçilər arasında liderin dəyişməsi ilə yadda qalıb.
Üçüncü yarış gününün qalibi Qazaxıstanın “XDS Astana” Dünya Turu komandasının velosipedçisi Qleb Siritsa olub. O, 3 saat, 26 dəqiqə, 43 saniyə göstərici ilə finiş xəttini birinci keçib. Xatırladaq ki, 2-ci mərhələnin qalibi “XDS Astana”nın digər velosipedçisi Yevgeni Fyodorov olmuşdu.
Belçikanın “Tarleltto-Izorex” kontinental komandasının üzvü Timoti Düpon bu mərhələdə 2-ci, Tailandın “Roojai Insurance Winspace” kontinental klubunun təmsilçisi David Kristian Pita isə 3-cü nəticə göstərib.
Bu gün keçiriləcək 4-cü mərhələdə velosipedçilər Gəncə – Göygöl – Goranboy – Ağdərə (Suqovuşan və Talış kəndləri) – Naftalan marşrutu üzrə hərəkət edərək 152,8 kilometr məsafə qət edəcəklər.
Qabil YUSİFOĞLU
XQ

