Bu günlərdə Türkiyənin İstanbul şəhərində yerləşən Beykent Universitetində Onuncu Beynəlxalq Hesablama Riyaziyyatı və Mühəndislik Elmləri Konfransı (CMES-2026) keçirilir. Təşkilat komitəsinin qərarına əsasən, builki konfrans Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutunun şöbə müdiri, riyaziyyat üzrə elmlər doktoru, professor Etibar Pənahlının 70 illik yubileyinə həsr olunub.
Konfrans nəzəri və tətbiqi riyaziyyat, eləcə də mühəndislik elmləri sahəsində son nailiyyətlərin müzakirəsi üçün alim və mütəxəssislərə geniş akademik platform yaradır. Əsas məqsəd hesablama riyaziyyatı sahəsində çalışan tədqiqatçılar arasında əməkdaşlığın gücləndirilməsi, yeni elmi nəticələrin təqdimatı və dəvət olunmuş məruzəçilərin təcrübələrinin paylaşılmasıdır.
Bir sıra nüfuzlu beynəlxalq qurumların birgə təşkilatçılığı ilə keçirilən konfransın fəxri heyətinə dünyanın aparıcı elm mərkəzlərindən tanınmış alimlər daxildir.
Tədbirdə CMES-in həmsədrləri – ENS Meknes (Mərakeş) nümayəndəsi Zakia Hammouch, Fırat Universitetinin dekanı Hasan Bulut, Koç Universitetindən Varga Kalantarov, Lincoln Universitetinin prezidenti Mikhail Brodsky, Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Nəcibə Nəsibova, Qazaxıstan Respublikası Milli Mühəndislik Akademiyasının vitse-prezidenti Nurlan Temirbekov və başqaları çıxış ediblər.
Natiqlər professor Etibar Pənahlının elmi nailiyyətləri və riyaziyyat elminə verdiyi töhfələr barədə fikirlərini bölüşüblər.
XQ


.jpeg)

