Azərbaycan regionda sülhü formalaşdıran dövlətdir

post-img

Mayın 12-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə dövlət rəsmiləri, media nümayəndələri, ekspertlər və ictimai xadimlər iştirak ediblər. Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli çıxışında bildirib ki, Azərbaycan öz gücü ilə regionda sülh modeli formalaşdıran dövlətə çevrilib və bu model artıq beynəlxalq səviyyədə diqqətlə izlənilir: “Ölkə Prezidenti çıxışlarında haqlı olaraq vurğulayır ki, Azərbaycan regionda sülhün müəllifidir. Bu, sadəcə siyasi bəyanat deyil, arxasında real nəticələr və praktiki addımlar dayanan yanaşmadır. Azərbaycan regionda sülhü öz gücü, öz siyasi iradəsi və qətiyyəti hesabına formalaşdırıb. Bu gün artıq həmin sülh modeli dünyada nümunə kimi qiymətləndirilir”.

Prezident İlham Əliyevin çıxışlarının həm regional, həm də qlobal mediada geniş müzakirə olunmasınaq diqqət çəkən N.Məmmədli bunun əsas səbəbini sözlə əməl arasında tam birliyin mövcud olması ilə əsaslandırdı.

Tədbirdə çıxış edən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov artıq keçmişdə qalmış münaqişə dövründə Azərbaycana qarşı yalnız hərbi deyil, eyni zamanda, ideoloji və siyasi təsir mexanizmlərindən də istifadə olunduğunu xüsusi olaraq vurğuladı: “Bundan məqsəd cəmiyyətin inkişaf prinsiplərinə, xalqımızın milli-mənəvi dəyərlərinə, ictimai şüuruna təsir göstərmək, Azərbaycan cəmiyyətinə yad yanaşmaları müxtəlif vasitələrlə qəbul etdirmək idi”. 

Bu kontekstdə fikirlərini davam etdirən sabiq nazir həmin dövrdə anti- Azərbaycan qüvvələrin müxtəlif beynəlxalq mexanizmlər və təsir vasitələri ilə Azərbaycana təzyiq göstərdiyini bildirdi: “Amma Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti, total etnik təmizləmə, vəhşiliklər və insanlıq əleyhinə cinayətlər beynəlxalq səviyyədə lazımi şəkildə qiymətləndirilmədi”.

Milli Məclisin deputatı Fariz İsmayılzadə bu gün regionda müşahidə olunan geosiyasi gərginliklər fonunda Azərbaycanın irəli sürdüyü sülh təşəbbüslərinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, dialoq, qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əsaslanan yanaşmalar regionda davamlı sabitliyin təmin olunması baxımından xüsusi önəm daşıyır.

Milli Məclisin deputatı Rizvan Nəbiyev, tarixçi-alim Rizvan Hüseynov çıxışlarıında qlobal təhlükəsizlik mühitinə təsir göstərən müasir çağırışlardan bəhs edərək, beynəlxalq münasibətlər sistemində humanitar yanaşmaların, mədəni dialoqun və qarşılıqlı anlaşmanın gücləndirilməsinin dövlətlər arasında sağlam münasibətlərin qurulmasına və ortaq maraqlar əsasında əməkdaşlığın inkişafına imkan yaratdığını qeyd ediblər.

Medianın İnkişafı Agentliyinin “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda təşkil etdiyi dəyirmi masada digər çıxışçılar sülh gündəliyinin təşviqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və cəmiyyətin düzgün məlumatlandırılması istiqamətində medianın rolu, indiki post-münaqişə mərhələsində informasiya cəbhəsində öndə olmağın, eyni mövqedən çıxış etməyin, müasir texnologiyaların köməyilə beynəlxalq auditoriya üçün əlçatanlığın təmin edilməsinin zəruriliyi kimi məsələləri önə çəkiblər.

XQ

 

Sosial həyat