(Xalq yazıçısı Elçin Əfəndiyevin 83-cü ildönümünə)
Mayın on üçü — bir səhərin sükutu
Mayın on üçü… Bahar fəsli. Bakının ən gözəl çağı. Xəzərdən gələn sərin meh küçələri bürüyür, küləklər şəhərə təzə nəfəs gətirir. Bu günün səhəri artıq bir il olur ki, başqadır. Bir il əvvəl bu tarix Azərbaycan ədəbiyyatının canlı klassikinin doğum gününün təntənəsi idi; qəzet səhifələrində, telekanallarda, ədəbi məclislərdə Xalq yazıçısı Elçinin doğum günü qeyd olunurdu. Bu il isə mayın on üçü artıq bir xatirə, bir anım günüdür.
Lakin yazıçılar üçün ölüm son deyil. Onlar öz əsərlərində, bizim yaddaşımızda yaşayırlar - bizimlə birlikdə, bizdən sonra da, unudulana qədər. Elçinin əsərlərini isə unutmaq mümkünsüzdür. Çünki onlar bir bütöv xalqın yaddaşının ilməsidir.
Bu yazıda mən böyük yazıçının çoxşaxəli irsinin bir istiqamətinə — onun Vətən sevgisinə, "Vətən" Cəmiyyətindəki tarixi missiyasına və bu sevginin bədii ifadəsi olan "Sarı gəlin" hekayəsinə toxunmaq istəyirəm. Çünki Elçinin yaradıcılığında iki bir-birini tamamlayan başlanğıc var: biri bədii söz, digəri vətəndaş əməli. Düşünürəm bu ikisi bir-birindən ayrı yaşaya bilməz.
"Vətən" Cəmiyyəti - dünyaya açılan pəncərə
1987-ci il dekabrın son günləri… Sovet İttifaqı hələ ayaqdadır, kommunist ideologiyası hələ də ölkənin damarlarında axır, "dəmir pərdə" hələ qaldırılmayıb. Lakin tarix yenicə dönməyə başlayır, soyuq külək pəncərələri döyür. Məhz bu mürəkkəb tarixi məqamda Sov.İKP Mərkəzi Komitəsinin razılığı ilə Bakıda Xaricdə Yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti - "Vətən" Cəmiyyəti təsis edilir. Bu cəmiyyətin Rəyasət Heyətinə sədr seçilən isə 44 yaşlı yazıçı və ədəbiyyatşünas Elçin Əfəndiyevdir. Bu çətin missiyanı gerçəkləşdirmək üçün şəxsiyyət lazım idi. Sözü gedən şəxs həm sənət adamı, həm də vətəndaş olmalı; həm dünyada tanınmalı, həm də öz xalqının dərdini dərindən duymalı; həm cəsarətli, həm də bilikli olmalı idi. Elçin bu keyfiyyətləri özündə cəmləşdirən bir ziyalı idi. Tədqiqatçı-alim, professor Abid Tahirlinin qeyd etdiyi kimi: "Cəmiyyət yarandığı ilk gündən (1987-ci il dekabr ayının 28-dən) fəaliyyət göstərdiyi son günədək 1993-cü ilə kimi Elçin Cəmiyyətə rəhbərlik etmişdir" ("Vətən üçün Elçin", 525-ci qəzet, 11 may 2018).
Diplomat, professor Vilayət Quliyevin təbirincə desək: “Vətən” Cəmiyyətini təbiət özü yaratmışdı, zəmanə özü yaratmışdı, çünki artıq elə bir dövr gəlmişdi ki, Azərbaycan dünyaya açılmalı idi. Bir tərəfdən vətənin tarixi, mədəniyyəti, problemləri ilə bağlı həqiqətləri yaymaq, o biri tərəfdən isə dünyanın onlarla ölkəsinə səpələnmiş on minlərlə soydaşımızın diqqətini Ana Vətənə çəkmək lazım idi".
Tehran Əlişanoğlu öz araşdırmalarında deyir ki, "Elçinin 1987-ci ildən Vətən Cəmiyyəti xətti ilə başlatdığı son dərəcə vacib və əhəmiyyətli işlər nəinki mühacirətşünaslığın gəlişməsinə start vermiş, habelə bu sahədə gələcək kadrların yetişməsinə də təkan olmuşdur".
“Vətən" Cəmiyyəti haqqında danışarkən Elçinin özünün dilindən fikirlərini eşidək. Yazıçı sonradan bu illər haqqında belə yazırdı: "Sovet İttifaqı qapalı bir ölkə idi və o qapalı ölkədə “Vətən” Cəmiyyəti xarici dünyaya açılan bir gözlük idi. Biz sistemin unutdurmağa çalışdığı və heç vəchlə yaxına buraxmaq istəmədiyi Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Xan Xoyski, Yusif bəy Nəsibbəyli kimi siyasi-ictimai xadimləri yenidən xalqa təqdim etdik, Məmməd Kəngərli kimi bir sıra siyasi mühacirləri ilk dəfə Azərbaycana dəvət etdik və onları sovet KQB-sinin hər cürə təxribatlarından qoruduq”.
Bu sözlər Elçinin o dövrdəki mövqeyini ortaya qoyur. Sovet rejimi şəraitində maarifçilərin, Cümhuriyyətin adını öz vətənində xatırlatmaq adi bir iş deyildi, bu cəsarət və vətəndaş məsuliyyəti tələb edən bir addım idi.
Təbii ki, belə bir fəaliyyət Moskvanı narahat etməyə bilməzdi, hər addımda maneələr törədilirdi və iş o yerə çatdı ki, "Vətən" Cəmiyyəti Sov.İKP MK Politbürosunun gündəliyinə salındı. “Vətən" Cəmiyyətinin əhəmiyyətini başa düşmək üçün onu sovet məkanının ümumi mənzərəsində yerləşdirmək lazımdır. 1987-ci ildə heç bir sovet respublikasında belə bir qurum yox idi. Azərbaycan diaspor hərəkatının formalaşmasında və xaricdəki həmvətənlərlə sistemli işdə sovet məkanında ilklərdən idi. Əslində, bu mədəniyyət tariximizin bir ənənəsi ilə bağlılığını göstərir. Azərbaycan ziyalı mühiti XIX əsrin sonu — XX əsrin əvvəllərindən etibarən özünü qapalı milli çərçivədə görməmiş, dünya mədəniyyəti ilə fəal təmasda formalaşmışdır. Həsən bəy Zərdabinin "Əkinçi"si, Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin"i, Əli bəy Hüseynzadənin "Füyuzat"ı — bunların hamısı bir mədəniyyət modelini formalaşdırmışdı: Azərbaycan ziyalısı öz xalqına xidmət edərkən eyni zamanda dünya ilə dialoqa girmiş bir mədəniyyəti təmsil edirdi. Bu ənənə sovet illərində kəsilməmiş, sadəcə görünməz bir axarla davam etmişdi. Təsadüfi deyil ki, mühacirətşünaslığımızın görkəmli tədqiqatçısı, professor Abid Tahirli "Vətən" Cəmiyyətinin fəaliyyətini "Əkinçi" və "Molla Nəsrəddin" ənənəsinin davamı kimi qiymətləndirir və qeyd edir ki, bu cəmiyyət “Azərbaycanın tarixində əbədi iz buraxdı”.
"Vətən" Cəmiyyətinin ilk illərində Bakıya gələn xarici qonaqların siyahısına bir nəzər salaq. Abid Tahirlinin "Vətən" Cəmiyyətinin 30 illiyi münasibətilə "Ədəbiyyat qəzeti"ndə dərc etdirdiyi geniş tədqiqatda bu ad sırası bütün dolğunluğu ilə təqdim olunur: Parisdən Banin və Rza Diqqəti, Almaniyadan İbrahim Əhrari və Rəhman Əsədullahi, Stokholmdan Möhsün Kərimi, Madriddən Cəlal Erkin, ABŞ-dan Bulud Mehmandarlı və konqresmen Cim Mudi, Təbrizdən Məmmədəli Fərzanə, Türkiyədən Nihad Çətinqaya... Bu adların heç biri təsadüfi insanlar deyildi — bunlar yazıçılar, rəssamlar, ədəbiyyatşünaslar, redaktorlar, jurnalistlər idi. Yəni Elçinin diaspora ilə qurduğu körpü ilk növbədə mədəni-ədəbi körpü idi.
Sovet dövründə Azərbaycan ədəbiyyatının böyük bir hissəsi, xüsusilə Cümhuriyyət dövrünün ədəbiyyatı, mühacirət ədəbiyyatı, repressiya qurbanı olan yazıçıların əsərləri rəsmi tarixdən silinmişdi. Yusif Vəzir Çəmənzəminlinin, Almas İldırımın, Əhməd Cavadın adı çətinliklə xatırlanırdı. Bəs Banin, Ümmülbanu Əsədullayeva? O, ümumiyyətlə, rəsmi sovet ədəbiyyatşünaslığı üçün mövcud deyildi. Banin özü Parisdən "Odlar yurdu" redaksiyasına yazdığı məktubda bu durumu unudulmaz cümlələrlə ifadə etmişdi: "70 il əvvəl tərk etdiyim ana Vətənim Azərbaycanı bir anlığa da olsun unutmamışam... Elçinin mənim haqqımda dərc etdirdiyi essedən sonra Bakıdan, respublikanın digər yerlərindən, ümumiyyətlə, Sovet ittifaqından ünvanıma saysız-hesabsız məktublar gəlir". Yetmiş illik bir sükut Elçinin bir essesi ilə qırılmışdı. Bu, silinmiş bir səhifəni geri qaytarmaq idi.
Abid Tahirlinin tədqiqatlarında "Vətən" Cəmiyyətinin fəaliyyət istiqamətləri sistemli şəkildə təsnif edilir: xaricdəki həmvətənlər problemi, Azərbaycan Xalq Cümhuriyyəti haqqında həqiqətlər, milli azadlıq hərəkatında onun yeri, 20 Yanvar faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılması, ərazi bütövlüyü və Dağlıq Qarabağ problemi, "Odlar yurdu" qəzeti, mühacirətşünaslıq məsələləri, milli-mənəvi dəyərlərin təbliği, Azərbaycan dili və ədəbi irsinin xaricdəki həmvətənlər arasında tanıdılması, itkin düşən həmvətənlərin axtarışı... Bu siyahıya baxan adam dərk edir ki, "Vətən" Cəmiyyəti təkcə diplomatik bir qurum deyildi, o, bizim itirilmiş özümüzlə görüş yerimiz idi. Adlar, kitablar, şəkillər, sənədlər, xatirələr, sovet illərində bizdən qoparılmış nə vardısa, yenidən bir araya gətirilirdi.
20 Yanvar gecəsi: tək teleks, dünyaya açılan səs
1990-cı il yanvarın 20-i. Bakı küçələri qana bulanır. Sovet ordusu dinc əhalini güllələyir. Şəhər mühasirədədir, telefon və radio bağlıdır, dünyaya səs çatdırmaq üçün bir yol qalır: "1990-cı ilin 20 Yanvar qətliamından sonra Azərbaycanın xarici aləmlə yeganə əlaqəsi 'Vətən' Cəmiyyətinin teleksi idi. O ağır günlərdə biz gecə-gündüz Bakıda sovet qoşunlarının törətdiyi vəhşiliklər haqqında materiallar hazırlayıb, həmin telekslə yalnız həmvətənlərimizə yox, xarici ölkələrin informasiya agentliklərinə, məşhur qəzet redaksiyalarına, görkəmli dövlət xadimlərinə, Oljas Süleymenovdan tutmuş Çingiz Aytmatova, Yevgeni Yevtuşenkoya, Andrey Voznesenskiyə, Mahmud Esenbayevə və bir çox başqa tanınmış sənət adamlarınacan göndərirdik".
Bu sətirlər bir epoxanın acı şahidliyidir… Diplomatik təmsilçiliklər yox, səfirliklər yox, beynəlxalq mətbuat dəstəyi yox idi, yalnız bir teleks və vətəndaş cəsarəti.
"Odlar yurdu" — qüvvətlərin kiçik, ruhların böyük qəzeti
Cəmiyyətin orqanı olan "Odlar yurdu" qəzeti də ayrıca bir tarixdir. Vilayət Quliyevin etiraf etdiyi kimi, "kiçik formatlı 'Odlar yurdu' qəzeti xalqı öz gerçək tarixi və gizlədilmiş həqiqətlərlə tanış etmək baxımından qeyri-adi iş gördü". Xalq şairi Sabir Rüstəmxanlının sözü ilə desək: "Dünyanın hansı ölkəsində olmuşamsa, 'Odlar yurdu'nun necə yayıldığının, necə oxunduğunun şahidi olmuşam... Biz bu gün tam dərk etməsək də, 'Odlar yurdu' böyük tarixi yük daşıyır".
Lakin "Vətən" Cəmiyyətinin fəaliyyətinin bir də başqa bir tərəfi var idi. Bu cəmiyyət təkcə xaricdəki həmvətənlərlə körpü qurmaqla məhdudlaşmırdı; o, eyni zamanda, öz vətənində qürbətlik dadan insanların pənah yerinə çevrilmişdi. Tarixin acı paradoksu budur ki, "Vətən" sözü 80-ci illərin sonunda bir də başqa bir məna kəsb etməyə başlamışdı — itirilən, qopan, əldən gedən torpağın adı kimi. Abid Tahirlinin qeydlərində bu məqam xüsusi vurğulanır: “Mərkəzi Komitənin iki addımlığında yerləşən 'Vətən' Cəmiyyəti Ermənistandan, Dağlıq Qarabağ və ətraf rayonlardan qaçqın, köçkün düşənlərin ümid limanı, pənah yeri olmuşdu.”
Yaradıcılığın güzgüsündə Vətən
"Vətən" Cəmiyyətindəki ictimai missiya yazıçının bədii dünyagörüşündən ayrı düşünülə bilməz. Elçinin qələmində Vətən mövzusu və xüsusilə də Qarabağ, Şuşa mövzusu mərkəzi süjet xəttinə çevrilir. Bunlardan: "Şuşaya duman gəlib" (hekayə),"Qarabağ şikəstəsi" (hekayə), "Bayraqdar" (povest), "Sarı gəlin" (hekayə), "Baş" (roman), "Ağadadaşın kişi sözü" (hekayə).
Tənqidçi Vaqif Yusiflinin müşahidəsinə görə, Elçinin "Şuşaya duman gəlib", "Qarabağ şikəstəsi", "Sarı gəlin", "Bayraqdar", "Baş" kimi əsərlərində xanlıqlar zamanı, Sovet dövrü və qaçqınlıq-köçkünlük zamanının Qarabağı əks olunub. Yəni bu silsilə Qarabağın tarixi mərhələsini bədii sözlə canlandırır.
"Bayraqdar" və qaçqın qəbiristanlığı
Elçinin yaradıcılığında məcburi köçkünlər haqqında ən təsirli povestlərdən biri "Bayraqdar"dır. "Bayraqdar" povestində ürək dağlayan bir səhnə var. Tənqidçi Dilarə Adilgil bu səhnəni belə xatırlayır: “Bayraqdar”da oxuyuruq: 'Dünyanın ən qəmgin yerlərindən biri qəbiristanlıqdır, amma Bakıdan gələn və elektrik qatarı yolunun sağında salınmış bu qəbiristanlıq həm də, yəqin dünyanın ən kasıb qəbiristanlığı idi.” Qara 90-larda Abşeronun kəndlərində belə qəbiristanlıqlar peyda olmağa başladı. İndi hər kənddə nə qədər acı da olsa, kənd qəbiristanlığı ilə yanaşı, bir 'qaçqın qəbiristanlığı' da var".
İki qəbiristanlıq yan-yana — bu, qaçqınlıq dövrünün ən acı simvolu. İnsan öz vətənində dəfn olunmasına da hüququ qalmayanda nə qaldı? Buranı yazıçıdan yaxşı kim qələmə ala bilər? Bunları belə qələmə alan üçün Vətən artıq sözdən başqa bir şeydir — yaşanan, duyulan, daxilə hopdurulan bir reallıqdır. Elçin onu yaşayırdı. Vaqif Yusifli yazır: "'Qarabağ şikəstəsi' və 'Bayraqdar' povestləri qaçqınların həyatından söz açır. Povestlərin qəhrəmanları Cümü və Surxay Bayraqdar vaxtilə Şuşada yaşamışlar, indi isə Buzovnada fəhlə yataqxanasında güzəran keçirirlər. Bu yataqxanada, eləcə də Buzovnada təmiz bir Şuşa mühiti, Şuşa ab-havası hökm sürür. Buzovnada yaşayan şuşalılar burada daim 'Qarabağ şikəstəsi'nin ahəngini eşidir, keçmiş günləri unutmurlar".
Vətən — keçmiş günlər deyil, daşıdığımız mühitdir. Şuşalı insan harada yaşayırsa, oraya Şuşa havası da gətirir. Bu, Elçinin bədii kəşfidir: Vətən fiziki məkandan daha çox mənəvi məkandır, içimizdə daşıdığımız bir aura, bir səs, bir nəfəsdir.
"Sarı gəlin" — qürbətdə fəryad edən bir mahnı
Elçinin Vətən mövzusuna həsr olunmuş əsərləri içində "Sarı gəlin" hekayəsi xüsusi yer tutur. Həcm baxımından kiçik, məzmun baxımından isə bir epoxanın yükünü daşıyan bu əsər yazıçının bədii təfəkkürünün ən parlaq nümunələrindən biridir.
Hekayədə hadisələr müstəqillik dövrünün ilk illərində baş verir. Əsərdə Azərbaycan musiqi mədəniyyətini təmsil edən insanlar xarici qonaqlarla, əsasən Qərb dünyasından gələn şəxslərlə qarşılaşırlar. Süjet boyu “Sarı gəlin” mahnısı və balaban səsi vasitəsilə milli yaddaş, mədəni kimlik və insanlıq dəyərləri ön plana çıxır. Hekayə fərqli mədəniyyətlərin təması fonunda “öz” və “digər” münasibətlərini, milli irsin qorunması və anlaşılması məsələlərini bədii şəkildə əks etdirir.
Nyu-Yorkda 23-cü mərtəbədə yaşayan Miss Merilin Conson adlı amerikalı bir gün qəribə bir musiqi səsi eşidir. Pəncərənin qarşısında, həyətdə kimsə naməlum bir alətdə ifa edir; fleytaya bənzər, lakin tam fleyta deyil. Bu balabandır. Və bu balaban Manhetten asfaltında "Sarı gəlin" mahnısını səsləndirir.
Vaqif Yusifli hekayənin bu açıq səhnəsini bütün təsiriylə bizə çatdırır. Hekayənin qəhrəmanı, yəni Merilin Conson liftdən düşərkən belə düşünür: “Miss Merilin Conson liftlə 23-cü mərtəbədən düşərkən ağlamaqdan qızarmış gözlərini silə-silə fikirləşdi ki, bəlkə, doğrudan da, dəli olub və bəlkə, günorta o fleytaya bənzər musiqi alətinin pəncərəsinin qabağında dayanıb öz-özünə o anlaşılmaz melodiyanı çalması həqiqət yox, bir qarabasma imiş? Bəs o yanğı? O qüssə? O kədər?”
Hekayənin əzəməti və sirri də məhz bundadır. Amerikalı bir qadın, heç vaxt Şuşa görməmiş, heç vaxt Azərbaycan dilində kəlmə belə danışmamış, heç vaxt balaban səsi eşitməmiş bir qadın görəsən niyə bu mahnını dinləyəndə ağlayır? Niyə Manhetten 23-cü mərtəbəsindən qürub vaxtı şəhərə baxa-baxa o içində izah edə bilmədiyi bir yanğını duyur?
Çünki "Sarı gəlin" sənədli musiqi deyil, bəşəri musiqidir. Çünki Vətən sevgisi, itki ağrısı, qürbət fəryadı millətdən asılı olmayaraq insan qəlbinə birbaşa toxunan duyğulardır. Elçin bu hekayədə möhtəşəm bir bədii tezis irəli sürür: bizim Vətən nisgilimiz yalnız bizim olmaqdan çıxır, ümumbəşəri ovqata çevrilir. Nyu-Yorkda yaşayan amerikalı qadın da bu nisgili duyur, çünki itirilmiş Vətən motivi onun ruhunda da yatır.
Niyə məhz "Sarı gəlin"? Burada bir məqamı xüsusi vurğulamaq vacibdir. Elçin bu hekayədə hansısa təsadüfi mahnını seçməmişdi. "Sarı gəlin" Azərbaycan musiqisinin özünəməxsus rəmzlərindən biridir. Bu, sadəcə bir mahnı deyil, bizim mədəniyyətimizin kodudur. Erməni təbliğatının illərlə "öz havamızdır" deyə oğurlamağa çalışdığı, lakin oğurlaya bilmədiyi bu nəğmə sırf Azərbaycan ruhunun bəstəsidir. Üstəlik, "Sarı gəlin"in balabanda ifa olunması da təsadüfi deyil. Çünki bu musiqinin əsl təfsiri məhz balaban və tütəkdə açılır. Tədqiqatçıların qeyd etdiyi kimi, “Sarı gəlin”in ifasında ən uyğun təfsirin tütək və balaban olması elmi şəkildə təsdiq edilir. Başqa sözlə, həmin alətlərlə həmin söz və musiqi ifası vahid vəhdət təşkil edir. Yəni Elçin Manhetten asfaltında bir balaban "Sarı gəlin" çaldıranda, o, sadəcə eksperiment etmir. O, Azərbaycan ruhunun ən təmiz, ən autentik səsini dünyaya çatdırır. Balaban — Azərbaycandır. "Sarı gəlin" — Azərbaycandır. Bu ikisinin birləşməsi isə milli ruhun özüdür. Və Elçin bu ruhu Manhettenin pəncərəsindən səsləndirib, o səsin nəinki yaxınlığa, hətta yad bir ürəyə də toxuna bilməsini göstərir.
Hekayənin daxili strukturunda qürbət, yaddaş və duyğu kimi elementlər birləşir.
"Sarı gəlin" hekayəsi yazıçının yaradıcılıq metoduna xas üçqatlı struktur üzərində qurulub. Birinci qat — fiziki müstəvi: Manhetten, 23-cü mərtəbə, qürub vaxtı, balaban səsi. İkinci qat — psixoloji müstəvi: Merilin Consonun anlaşılmaz duyğuları, izah edə bilmədiyi göz yaşları, "qarabasma" şübhəsi. Üçüncü qat isə milli-mənəvi müstəvi: balaban və "Sarı gəlin" rəmzilə ötürülən Şuşa, Qarabağ, Vətən mövzusu.
Yazıçı heç bir yerdə birbaşa "Şuşa", "Qarabağ", "qaçqınlıq" sözlərini söyləmir. Lakin balaban səsi və "Sarı gəlin" havası bu sözlərin hamısını içində daşıyır.
Elçinin yaradıcılığında "Vətən" anlayışını bir cümləyə sığışdırmaq mümkündürmü? Bəlkə də mümkündür: Vətən — itirilməsi mümkün olmayan, lakin uzaqlığı qəlb yandıran bir mənəvi məkandır. Ya Şuşada, ya Buzovna yataqxanasında, ya Manhetten asfaltında olsun, fərq etməz. Vətən bizimlədir, içimizdədir, gündəlik balaban səsində, "Sarı gəlin"in ahəngində, "Qarabağ şikəstəsi"nin nəfəsindədir.
Akademik Məmməd Arif vaxtilə Elçini "hazırla keçmişi, ayıqlıqla yuxunu, həqiqətlə xəyalı qovuşduran sənətkar" adlandırmışdı. Bu tərif xüsusilə yazıçının Vətən mövzulu əsərlərinə uyğundur, çünki burada keçmişin yaddaşı bu günün ağrısı ilə, real hadisələr milli mifologiyanın ahəngi ilə qovuşur. Elçin bu əsərlərdə yalnız özünün deyil, bütöv bir xalqın yaddaşına səs verir.
Ulu Tanrıdan Xalq yazıçısı Elçinə rəhmət diləyirik. O, hər mayın 13-də oxucularla yenidən doğulacaq.
Sevinc Zeynalova
filologiya elmləri doktoru
xüsusi olaraq XQ üçün


.jpeg)
.jpeg)
.jpeg)