Bəstəkarlarımızın Üzeyir Hacıbəylinin xatirəsinə töhfələri

post-img

Dahi bəstəkar Üzeyir Hacıbəyli Azərbaycan professional bəstəkarlıq məktəbinin formalaşmasında müstəsna rol oynamışdır. Onun musiqi-estetik prinsipləri, xüsusilə Şərq və Qərb musiqi sistemlərinin sintezi ideyası, sonrakı nəsil bəstəkarlar üçün mühüm yaradıcılıq istiqaməti olmuşdur.

Dünyaşöhrətli bəstəkarın təkcə musiqiçi kimi deyil, pedaqoq, publisist, ictimai xadim kimi də musiqi mədəniyyətimizin inkişafında və peşəkarcasına formalaşmasında xidmətləri əvəzsizdir. Bu səbəbdən XX – XXI əsr Azərbaycan bəstəkarlarının bir çoxu sevgi və ehtiramın təcəssümü kimi öz simfonik əsərlərində Üzeyir bəyin irsinə müraciət etmiş, ona ithaflar yaratmış, onun musiqi dilindən ilhamlanmışlar.

Görkəmli bəstəkar Fikrət Əmirov “Bəstəkarın xatirəsinə”, Süleyman Ələsgərov “Üzeyir Hacıbəyova ithaf”, Rauf Hacıyev “Kamera orkestri üçün poema” və “İthaf” əsərini, Əşrəf Abbasov “Poema”, Qalib Məmmədov “Üzeyir dastanı”, Məmməd Quliyev “Üç portret” vokal silsiləsini, Sərdar Fərəcov Səməd Vurğunun sözlərinə bəstələdiyi “Diptix” adlı xor konsertini, amerikalı bəstəkar Can Haynes Üzeyir Hacıbəylinin melodiyaları əsasında klavikord üçün “Variasiyalar” kimi dəyərli əsərlər yazmışlar.

Əsərlər olduqca çoxdur bu səbəbdən məqalədə Üzeyir bəyə həsr olunmuş müasir əsərlər haqqında qısa xarakteristik məlumatları, nəzəri təhlili diqqətinizə çatdırırıq:

Əsərlər sırasında başda Fikrət Əmirovun “Bəstəkarın xatirəsinə” əsərini qeyd etməliyik. Əsər uzun, dolğun, xrommatik notlarla başlayır. Pillə-pillə gərginləşən melodiya bizi Çahargah məqamına kökləyir. Əsər həzin və lirik xarakterli olmasına baxmayaraq, dinamik işarələrin dramaturji xətti üzrə qalxması nəticəsində daxili gərginlik duyulur. Olduqca düşündürücü təsirə malik əsər sanki gözümüz qarşısında böyük şəxsiyyətin monumental portretini canlandırır. Melodiyanın ciddiyyəti və ağırlığından müəllifin dahi bəstəkara olan ehtiram və hörməti aydın hiss edilir. Əsər 6-7 dəqiqlik müddətdə səslənsə də, bəstəkar bu zaman kəsiyində dərin emosiyalarını, mənəvi atasına olan rəğbətini, həmçinin sevimli bəstəkarının yaradıcılığı ilə bağlı fəlsəfi fikirlərini dinləyicilərə ötürməyə nail olur.

Bəstəkarın ölməz xatirəsinə əsər ithaf etmiş digər bəstəkarımız canlı korifey Tofiq Bakıxanovdur. O, dahi Üzeyir bəyi görmüş, onunla ünsiyyətdə olmuş son magikanlarımızdandır. O, 2005-ci ildə 8 saylı “Azərbaycan” simfoniyasını bəstələmişdir. Tar ilə simfonik orkestr üçün yazılmış üçhissəli simfoniya Üzeyir bəyin milli musiqi ideyalarının davamı kimi çıxış edir. Əsərdə tar alətinin aparıcı rolu xüsusi diqqət çəkir və bu, birbaşa olaraq Üzeyir bəyin xalq çalğı alətlərinə verdiyi əhəmiyyətlə səsləşir. Əsər əsasən Allegro tempində kəskin xarakterlidir və tar ifaçısının virtuoz imkanlarının açılması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Əsərin orta bölməsində səslənən məlahətli rəqsvari melodiya tarın həzin, lirik xüsusiyyətini açmağa imkan yaradır. Həmçinin bu mövzu Üzeyir bəyin axıcı melodik üslubunu da ehtiva edir. Simfoniyanın musiqi dili muğam intonasiyalarına əsaslanaraq milli ruhu simfonik inkişaf prinsipləri ilə birləşdirir.

Digər nümunələrdən biri isə Qara Qarayev məktəbinin layiqli davamçılarından olmuş, bəstəkar Musa Mirzəyevin “Dahi sənətkar Ü.Hacıbəyliyə ithaf” əsəridir. Ümumiyyətlə, Musa Mirzəyevin simfonik və kamera musiqisi janrlarında yazılmış əsərləri musiqi dünyamızın parlaq səhifələrindəndir. 1998-ci ildə yazdığı bu əsəri isə yaradıclığının dəyərli incilərindən hesab etmək olar. Simfonik poema janrında olan əsərdə Üzeyir bəyin obrazı musiqi vasitəsilə ümumiləşdirilmiş şəkildə təqdim olunur. Bu əsər xalq melodiyasından istifadə etməklə polifonikləşdirilmiş inkişafa əsaslanan kompozisiyalardandır. Burada daxili qəhrəmanlıq hissi və lirizm vəhdətdədir. Tematik inkişafda dramatik kulminasiyalar vasitəsilə sanki bəstəkarın həyat yolu və yaradıcılıq mübarizəsi təsvir olunur. Mükəmməl orkestr yazı üslubu ilə Musa Mizəyev Üzeyir Hacıbəyli yaradıcılığının koloritli, rəngarəng dünyasını diqqətə çatdırır.

Firəngiz Əlizadə “Çarpazlaşma II” əsərini 1992-ci ildə bəstələmişdir. Adından da məlum olduğu kimi, burada zidd materiallar bir-biri ilə çarpazlaşır. İki ayrı ritmik və tonal sfera arasında dialoq yaradaraq musiqi strukturunda “kəsişmə” prinsipləri təqdim olunur.

Müxtəlif tembr xüsusiyyətləri daşıyan alətlər əsərdə birləşir. Əsər Üzeyir bəyin əsasını qoyduğu Şərq-Qərb sintezinin müasir interpretasiyası kimi qiymətləndirilə bilər. Burada avanqard texnikalar, qeyri-ənənəvi səslənmələr və milli intonasiyaların yeni kontekstdə təqdimatı diqqət çəkir. Fərqli səs təbəqələrinin (klarnet, arfa, vibrafon/celesta, yaylılar, valtorna və s. alətlər) eyni zamanda, lakin fərqli temp və ritmlərlə işlənməsi əsərə mürəkkəb polifonik quruluş verir. Əsərin sonlarına doğru eşidilən rəqsvari melodiyalar, muğam intonasiyalar Ü.Hacıbəyli ənənələrinin ehtiramla yaşadıldığını və dünya arenalarında təbliğ olunduğunu göstərir. Bu əsər dəfələrlə beynəlxalq səhnələrdə uğurla müxtəlif orkestrlər tərəfindən səsəndirilmiş, İsveçrədə kompakt diskə yazılmışdır. Təəssüf ki, bu cür fəxr olunası əsər Bakıda yalnız 1 dəfə səslənmişdir.

“Crossing II” əsəri həm ifaçılar, həm də musiqişünaslar üçün mürəkkəb texniki və estetik məsələləri araşdırmaq imkanı yaradır. Bu əsər Firəngiz Əlizadənin müasir musiqi dilini formalaşdıran əhəmiyyətli nümunələrdəndir və ansamblların musiqi repertuarında eksperimental yanaşmaların nümayişinə imkan verir. Bəstəkarın seçdiyi yenilikçi istiqamət bu əsərin timsalında bizə Ü. Hacıbəyli novatorluğunu bir daha xatırladır.

Azər Dadaşovun “Üzeyir Kapriççiosu” böyük simfonik orkestr üçün yazılmış yeni əsərdir. Üzeyir bəyin 140 illik yubileyi münasibətilə yazılmış əsər milli-mənəvi yaddaşın simfonik ifadəsidir. Əsər I hissəlidir, “Üvertüra”sında təqdim olunan 3 rəqsvari melodiya əsər boyu ziddiyyətli inkişaf edərək kodada bir-biri ilə birləşir və ümumi vəhdət yaradır. Əsərdə “O olmasın, bu olsun” musiqili komediyasından “hamam rəqsi” melodiyası duyulur. Minora təsadüf edən melodiyanı Azər Dadaşov öz əsərində majorda bir qədər fərqli variantda səsləndirir.

Elnarə Dadaşova 2015-ci ildə yazdığı 7 dəqiqəlik “Skertso” əsərində dahi bəstəkarın milli köklərə bağlılıq, ənənələrə sadiqlik ideyalarına əsaslanmışdır. Dinamik və oynaq xarakteri ilə seçilən əsərdə Skertso janrına uyğun olaraq yumoristik və ritmik elementlər üstünlük təşkil edir. Üzeyir bəyin operetta janrındakı yüngül və zarafatcıl üslubuna müəyyən paralellər aparmaq mümkündür. Təəssüf ki, əsər hələ də səslənməyib.

Rauf Əliyev “Ü.Hacıbəyliyə ithaf” əsərini həyatının son dövrlərində ustad bəstəkarın yaradıcılığına hörmət əlaməti kimi yazmışdır. Təəssüf ki, əsərini səhnədə dinləmədən bəstəkar həyatdan köçmüşdür. Əldə olunan məlumatlara əsasən musiqidə lirizm və monumental səslənmə növbələşmişdir. Bu da Üzeyir bəyin çoxşaxəli yaradıcılığını əks etdirir. Bəstəkar əsərdə yüksək orkestrləşdirmə bacarığı ilə Üzeyir bəyin musiqi ənənələrini, onun obrazını mükəmməl şəkildə canlandırmışdır.

Rüfət Ramazanovun 2005-ci ildə simli orkestr üçün yazdığı “Konsert pyesi” daha çox kamera xarakteri daşıyır. Burada melodik xətt aydınlığı ilə seçilir və milli intonasiyalar diqqət mərkəzindədir. Bəstəkarın özünün də vurğuladığı kimi, Üzeyir bəyə həsr olunmuş konsert pyesi sadə quruluşda olmasına baxmayaraq, səslənmə və orkestr işlənməsində mürəkkəbliyə xüsusi önəm verilmişdir. Əsər XXI əsr bəstəkarının Üzeyir Hacıbəyli dünyasına yeni ampuladan müasir baxışı və təfsiridir.

İlham Azmanlının “Alqış” əsərində xor və simfonik orkestrin birliyi ilə bayram əhval-ruhiyyəsi yaradılır. 1987-ci ildə yazılmasına baxmayaraq, çox təəssüf ki, hələ də səslənməmişdir. “Qədim Turanın yeni 44 günü” simfonik dastanı isə Şuşa fatehlərinə, Üzeyir Hacıbəyli və yoldaşı Məleykə xanımın timsalında Azərbaycan və Tatarıstan dostluq və qardaşlığına, 15 yaşlı şəhid Ərən Bülbülün timsalında bütün şəhidlərə və Qarabağ bülbüllərinə həsr olunmuşdur. Burada Üzeyir bəyin melodiyalarından ani sitatlar istifadə olunub.

Məmməd Cəfərovun Üzeyir Hacibəylinin “Arşın mal alan” musiqili komediyasının movzusu əsasında fortepiano və simfonik orkestr üçün konsert pyesi ilk dəfə 1987-ci ildə pianoda Ədilə Əliyeva və dirijor Ramiz Melikaslanov ifasında səslənib. Üzeyir Hacıbəylinin “Arşin mal alan”ından müqəddimə movzusu kollaj xarakteri ilə istifadə edilib. Müxtəlif ladlar bir-birini əvəz edir. Müqəddimə Şurda olmasına baxmayaraq, bəstəkar birdən-birə Çahargaha ani keçidlər edir. Lad kontrastlılığı kəskin səslənmələr yaradır. Burada hətta “Mənsuriyyə” ritmik muğamını da bəstəkarın interpretasiyasında duymaq mümkündür. Bəstəkar istinad pərdələrini ani dəyişməklə musiqisini müxtəlif ladlara keçirməklə Üzeyir Hacıbəylinin xalq musiqisinin əsasları kitabındakı ənənələrini davam etdirməyə çalışmışdır.

İlahə Qismətin “Qavalla rəqs”i 2018-ci ildə yazılmış “Dədə Qorqud” baletində səslənir. Əsərin əsasında Üzeyir bəyin “Koroğlu” operasının II pərdəsindən “Qızların rəqsi” əsərinə münasibət dayanır. Əsərdə Üzeyir bəyin ruhu, nəsihətləri duyulur. Burada qavalın simvolik rolu milli musiqi köklərinə bağlılığı göstərir.

Sadaladığımız müxtəlif, rəngarəng əsərlər Üzeyir bəyə ehtiramın və sonsuz sevginin nəticəsidir. Hər bir peşəkar Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin dahiyanə fikirlərini, öyüd - nəsihətlərini öz yaradıcılığında təcəssüm etdirməyə çalışır.

Üzeyir Hacıbəylinin irsi Azərbaycan simfonik musiqisində yalnız tarixi mərhələ deyil, həm də daim inkişaf edən yaradıcılıq mənbəyidir. Müasir bəstəkarlar onun ideyalarını həyata keçirərək milli musiqinin yeni ifadə vasitələrini formalaşdırırlar. Bu əsərlər göstərir ki, Üzeyir bəyin yaratdığı məktəb, ənənələr bu gün də aktualdır və Azərbaycan musiqisinin inkişafında aparıcı rol oynamaqda davam edir.

İlahə ABDULLA,
Azərbaycan Bəstəkarlar İttifaqının katibi

Mədəniyyət