Milli kinonun yönü hayanadır?

post-img

Azərbaycan kinosunun zəngin tarixi və formalaşmış ənənəsi olsa da, müstəqillik dövründən sonra onun inkişafı çətinliklər və ciddi problemlərlə müşayiət olunub. Vəziyyəti dəyişmək üçün dövlət dəstəyi artır, yeni filmlər çəkilir. Lakin bu artım keyfiyyətli və davamlı kino uğuruna çevrilmir.

Son illərdə kino istehsalında nəzərəçarpacaq canlanma müşahidə olunur. Tammetrajlı bədii filmlər, sənədli layihələr və müxtəlif janrlı ekran işləri hazırlanır. Lakin bu rəqəmlər real kino uğuru ilə eyni məna daşımır. Çünki kino yalnız istehsal deyil, həm də güclü ssenari, peşəkar rejissor işi, effektiv prodüserlik və düzgün tamaşaçı əlaqəsi tələb edən sənaye sistemidir.

Bu mənzərəni daha aydın göstərmək üçün son illərin istehsal göstəricilərinə nəzər salmaq kifayətdir. Rəsmi məlumatlara əsasən, son 10 ildə 50-dən çox tammetrajlı bədii film, eyni sayda qısametrajlı film, 200-ə yaxın sənədli ekran işi və 20-dən artıq uşaq filmi istehsal olunub. Kağız üzərində bu, kino istehsalında artım deməkdir. Lakin bu artım beynəlxalq nüfuz və davamlı uğurla paralel şəkildə inkişaf etmir.

Azərbaycan kinosu zaman-zaman beynəlxalq festivallarda təmsil olunsa da, bu uğurlar sistemli xarakter daşımır. Müxtəlif illərdə “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Axınla aşağı”, “Nabat” kimi filmlər mükafatlar qazanıb. Sonrakı dövrdə isə “Daxildəki ada”, “Xurmalar yetişən vaxt”, “Biləsuvar” və “Çılpaq” kimi ekran işləri Sarayevo, Moskva Premyera və İstanbul kimi festivallarda müəyyən uğurlar əldə edib.

Bununla belə, Azərbaycan kinosunun dünya miqyasında, xüsusilə də “Academy Awards” səviyyəsində davamlı uğur qazana bilməməsi diqqətçəkən məqamlardandır. 2024-cü ildə çəkilən “Tağıyev: Neft” filmi isə “Oscar” namizədi kimi beynəlxalq aləmə təqdim edilib. Belə filmlərin müxtəlif festivalların seçmə mərhələlərində yer alması müsbət göstərici olsa da, bu tendensiya, hələ ki, davamlı kino nüfuzuna çevrilə bilmir.

Ən ciddi problem ssenarilər ilə bağlıdır. Kino mühitini izləyən mütəxəssislərin ümumi qənaətinə görə, Azərbaycan kinosunda mövzu və ideya çatışmazlığı yoxdur. Lakin onların dramaturji baxımdan işlənməsi zəifdir. Bu baxımdan alman jurnalist Günter Vallrafın məşhur fikri diqqət çəkir: “Əgər mən Türkiyədə yaşasaydım, orada bir gündə baş verən hadisələrlə 1 illik qəzet çıxarardım”. Bu fikir Azərbaycan üçün də keçərlidir. Sadəcə, bu mövzuları görmək və sənət gerçəyinə çevirmək lazımdır.

Rejissor yanaşması ilə bağlı vəziyyət də oxşardır. Bir çox filmlərdə müəllif baxışı aydın formalaşmır, vizual həll və dramatik quruluş bir-birini tamamlamır. Bu isə həm beynəlxalq festivallarda, həm də yerli auditoriya qarşısında filmin təsir gücünü azaldır.

Digər mühüm məsələ tamaşaçı ilə kino arasındakı əlaqənin zəifləməsidir. Filmlər çox vaxt ya rəsmi istehsal prosesinin tələblərinə uyğun hazırlanır, ya da festivalyönümlü düşüncə ilə çəkilir. Lakin geniş tamaşaçı kütləsinin zövqü və gözləntiləri çox zaman ikinci plana keçir. Nəticədə kino istehsalı ilə real izləyici arasında məsafə yaranır.

Prodüserlik və marketinq sistemi isə bu zəncirin ən zəif halqalarından biri kimi görünür. Film hazırlandıqdan sonra onun tanıdılması, yayımı və bazara çıxışı sistemli şəkildə qurulmur. Bir çox layihələr yalnız çəkiliş mərhələsində qalır, ekran həyatı isə qısa və təsirsiz olur.

Kino sənayesinin iqtisadi modeli də dayanıqlı deyil. Mövcud vəziyyətdə istehsal daha çox dövlət dəstəyi və layihə əsaslı maliyyələşmə ilə həyata keçirilir. Lakin bu model uzunmüddətli perspektivdə sənayenin özünü maliyyələşdirməsi üçün kifayət etmir. Dünya kino bazarında “Netflix”, “Peacock” kimi platformaların formalaşdırdığı sabit gəlir mexanizmi olduğu halda, yerli bazarda tamaşaçıların filmə ödənişli marağı zəifdir. Bu isə kino sənayesinin iqtisadi dayanıqlılığını sual altına alır.

Bütün bunlar göstərir ki, problem təkcə istehsalın artıb-azalması ilə ölçülmür. Kino bir sistemdir və bu sistemin bütün halqaları eyni vaxtda işləməlidir: ssenari, rejissor, prodüser, marketinq və tamaşaçı mədəniyyəti.

Nəticə isə aydındır: kino var, istehsal var, hətta maliyyə dəstəyi də mövcuddur. Lakin bu resurslar, hələ ki, davamlı kino uğuruna çevrilə bilmir. Bu isə onu göstərir ki, əsas məsələ kəmiyyət yox, keyfiyyətdir.

Azərbaycan kinosunun inkişafı üçün, ilk növbədə, ssenari yaradıcılığı gücləndirilməlidir. Bunun üçün mütəmadi ssenari müsabiqələri və peşəkar ssenari inkişaf laboratoriyalarının yaradılması vacibdir. Eyni zamanda kino istehsalının yalnız dövlət dəstəyindən asılılığını azaltmaq üçün milli prodüserlik sistemi formalaşdırılmalı, müstəqil prodüserlər üçün iqtisadi stimullar tətbiq edilməlidir.

Digər mühüm məsələ janr müxtəlifliyidir. Kino yalnız festivalyönümlü yox, həm də tamaşaçı marağına uyğun — komediya, detektiv və tarixi janrlarda inkişaf etməlidir.

Nəhayət, filmlərin yayımı və tanıdılması üçün rəqəmsal platformalar və marketinq sistemi gücləndirilməlidir. Çünki kino yalnız çəkilməklə yox, izlənilməklə də dəyər qazanır.

İlhamə NURƏHMƏDOVA,
III kurs tələbəsi

Sosial həyat