Oftalmoloqların regional Şəki konfransı

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti 

 

Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə 15 may 2026-cı il tarixində Şəki şəhərində, Marxal otelin Nuxa zalında  Oftalmoloqların XVI Regional Konfransı keçiriləcək.

Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən XQ-nə verilən məlumatda bildirilir ki, konfransın təşkil olunmasının əsas məqsədi oftalmologiya sahəsində baş verən yeniliklərin və nailiyyətlərin müzakirəsi, müasir yanaşmaların araşdırılması, təkliflərin irəli sürülməsi, region həkimlərinin oftalmologiyada tətbiq olunan ən son yeniliklərlə yaxından tanış olması və onların bu yeniliklərdən praktik fəaliyyətdə istifadəsinə dəstək göstərilməsidir.

Toplantıda regionlardan və paytaxtdan olan oftalmoloqlar, eləcə də Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim heyəti iştirak edəcək, konfrans iştirakçılarına aktual mövzular üzrə məruzələr təqdim olunacaq.

Məlumatda o da bildirilir ki, konfransın açılışını Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Elmar Qasımov edəcək.

Bu konfrans oftalmologiya sahəsində regional əməkdaşlığın gücləndirilməsi, elmi-praktik biliklərin paylaşılması və oftalmoloji xidmətlərin keyfiyyətinin artırılması istiqamətində mühüm platformalardan biri kimi qiymətləndirilir.

Zərifə BƏŞİRQIZI
XQ

Səhiyyə