Prezident zəngilanlılarla görüşdə ATƏT-in Minsk qrupunu bir daha “yad etdi”
44 günlük Vətən müharibəsi torpaqların azad edilməsi ilə bərabər, həm də illərlə beynəlxalq masalarda Azərbaycana diktə olunan “dondurulmuş münaqişə” nağıllarının və saxta diplomatik qəliblərin param-parça edilməsi idi. Otuz il boyunca işğal olunmuş əraziləri mənasız protokollarla gəzib-dolaşan, status-kvonu qorumaqdan başqa heç bir işə yaramayan ATƏT-in Minsk qrupunun (qürubunun?) “fəaliyyəti” Azərbaycanın hərbi və siyasi iradəsi qarşısında öz əhəmiyyətini itirərək tarixin tozlu rəflərinə göndərildi. Bu qələbə göstərdi ki, xalqın birliyi dövlətin siyasi qətiyyəti ilə birləşəndə onilliklərlə açıqlması mümkünsüz sayılan düyünləri bir anda qırıla bilir. Qarabağın nümunəsində Azərbaycan sübut etdi ki, artıq kiminsə məsləhətinə və ya vasitəçiliyinə sığınmır, öz taleyini öz gücü və uzaqgörən siyasəti ilə birbaşa özü yazır.
Prezident İlham Əliyevin mayın 10-da erməni işğalından azad edildikdən sonra bərpa edilməkdə və abadlaşdırılmaqda olan Zəngilana köçən ilk sakinlərlə görüşü zamanı dilə gətirdiyi həqiqətlər, əslində, İrəvanın və haypərəst Qərbin illərlə üstünü örtməyə çalışdıqları siyasi riyakarlığın pərdəsini birdəfəlik qaldırdı. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan xalqı üçün Minsk qrupu heç vaxt ədalətli sülhün ümid ünvanı olmayıb. Əksinə, bu qurum işğalı əbədiləşdirmək və münaqişənin mümkün həllini dondurmaq üçün qurulmuş məkrli mexanizm kimi yaddaşlarda qalacaq. “Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur” deyən həmsədrlər bu yolla işğalı sənədləşdirərək, onun “kupçasını” əldə etməyi, Ermənistanı isə hər cür sanksiyalardan sığortalamağı hədəfləyirdilər. Hətta iş o yerə çatmışdı ki, onlar beynəlxalq hüququ ayaqlar altına atıb “Şimali Qarabağ” kimi uydurma terminlərlə işğalçının yolunu daha da genişləndirir, öz ərazisini azad etmək istəyən Azərbaycanı təcavüzkar kimi qələmə verirdilər. Məscidlərimiz söküləndə, şəhər və kəndlərimiz xəritədən silinəndə, Qarabağdakı yurdlarımıza yadlar köçürüləndə susan həmsədrlərin bu soyuqqanlılığı köhnə müstəmləkəçi təfəkkürün və iyrənc ikili standartların təzahürü idi. ATƏT sədrinin Anji Kaspşik kimi “səhra komandirinin” Bakı –Xankəndi–İrəvan arasında “vasitəçilik səyahətləri”, lüks həyatı bu prosesin onlar üçün turist gəzintisi olduğunu göstərirdi.
***
Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 12-də, İkinci Qarabağ müharibəsinin başa çatmasından dərhal sonra Bakıya gələn ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul etməsi 3 onillik boyu davam edən beynəlxalq vasitəçilik imitasiyasının iflasını rəsmiləşdirən tarixi an idi. ATƏT sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin də iştirak etdiyi görüşdə dövlət başçısı qətiyyətli mövqeyi ilə diplomatik etiketlərin pərdəarxası reallığını açıq müstəviyə çıxardı. Prezidentin vasitəçilərin üzünə “mən sizi dəvət etməmişəm, siz özünüz gəlmisiniz” deməsi Minsk qrupunun hər vəchlə qorumağa çalışdığı status-kvonun artıq tarixin arxivinə gömüldüyünün rəsmi bəyanı idi. Görüşün atmosferi Azərbaycanın münaqişənin həllində artıq kənar vasitəçilərə və mənasız vaxt itkisinə ehtiyacı olmadığını bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev Ali Baş Komandan kimi 30 ilə yaxın kağız üzərində qalan BMT qətnamələrini Xalq–Ordu birliyi ilə icra etdi. Bu, regionda yeni reallığın başladığını, artıq “ölü” quruma çevrilmiş beynəlxalq mexanizmin rəhbərliyinin deyil, qalib tərəf kimi Azərbaycanın şərtlərinin həlledici olacağını təsdiqlədi. Beləliklə, ATƏT-in Minsk qrupunun fəaliyyəti məhz 12 dekabr görüşündə mənəvi və siyasi baxımdan ömrünü başa vurdu.
***
Bu gün regionun gələcəyi Azərbaycanın strateji iradəsi ilə müəyyənləşir. Bu yeni nizamın mərkəzi sütunu olan Qarabağ ölkəmizin dövlət suverenliyinin tam bərpası ilə milli qürur mənbəyindən regionun yeni iqtisadi mühərrikinə çevrilir və bu inkişaf xətti Şuşadan, Ağdamdan keçərək birbaşa Zəngilana uzanır. Azad edilmiş torpaqlarda qurulan yeni infrastruktur arxitekturası Azərbaycanın həm suverenliyini möhkəmləndirir, həm də qitələrarası nəqliyyat xəritəsində öz şərtlərini diktə edən qlobal qovşaq statusunu təmin edir. Prezident Zəngilan sakinləri ilə söhbətində Azərbaycanın strateji hədəflərini tam aydınlığı ilə ortaya qoydu: “Ermənistanla burada sərhəd açılandan, Zəngəzur dəhlizi açılandan sonra Zəngilan faktiki surətdə ölkəmizin yeganə rayonu olacaq ki, bunun iki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq. Görün, bunun nə qədər böyük əhəmiyyəti var. Çünki bu, həm Şərq-Qərb dəhlizidir, Naxçıvandan Türkiyəyə, sonra Avropaya uzanan yoldur, həm də Şimal-Cənub dəhlizidir. Zəngilandan Ağbənd üzərindən İrana və Fars körfəzinə, buradan Naxçıvana keçməklə Culfaya, yenə də Fars körfəzinə. Bu, beynəlxalq bir mərkəz olacaq, əvəzolunmaz mərkəz olacaq. Biz bunu belə görürük və belə də olacaq. Çünki bu günə qədər bütün planlarımız gerçəkləşib”.
Prezidentin Zəngilandan verdiyi mesajlar Azərbaycan dövlətinin ədalətin zəfərinə aparan mübarizəsi ilə gələcək hədəflərini birləşdirir. Burada Ulu öndərin dövlətçilik mirası, 2020 və 2023-cü illərin hərbi-siyasi uğurları və bugünkü bərpa-quruculuq işləri vahid xətt üzrə inkişaf edir. ATƏT-in Minsk qrupunun 30 ildə etmək istəmədiyini Azərbaycan dövləti 44 gündə hərbi, sonrakı bir neçə ildə isə diplomatik və quruculuq müstəvisində reallaşdırdı. Zəngilanda inşa edilən “ağıllı kəndlər”, beynəlxalq hava limanı və qurulan enerji infrastrukturu dünyaya mesajdır: Azərbaycan kənardan diktə edilən ssenarilərin obyekti deyil, tarixin axarını dəyişən subyektdir. Bu gün Azərbaycanın gücü təkcə ordusunda deyil, həm də azad edilmiş torpaqlarda həyata keçirdiyi planlı və uzaqgörən strategiyasındadır.
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq
ATƏT-in Minsk qrupu əvvəldən Ermənistan–Azərbaycan münaqişəsinin həlli ilə deyil, onun dondurulması ilə məşğul olurdu. Onun əsas vəzifəsi münaqişənin yenidən hərbi müstəviyə keçməsinin qarşısını almaq idi. Lakin bu vəzifəsinin öhdəsindən gələ bilmədi, çünki münaqişə həm 2016-cı ildə, həm də 2020-ci ildə yenidən hərbi mərhələyə keçdi və nəhayət, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan tam və qeyd-şərtsiz qələbə qazandı.
2020-ci ildə ATƏT-in Minsk qrupunun həmsədrləri dəvət olunmadan Bakıda “peyda” oldular və Azərbaycan Prezidenti İlham Əliyev onları qəbul edərkən demişdi ki, mən Minsk qrupunu səfər etməyə dəvət etməmişdim. Amma mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, mən dedim: qoy gəlsinlər, mən etiraz etmirəm. Bəlkə mənə deyəcəkləri nəsə var.
Məlum oldu ki, onların deyəcək heç nəyi də yox imiş. Bundan sonra həmsədrlər üçlüyünü yenidən diriltmək üçün müəyyən cəhdlər edildi, lakin sonradan başlayan Rusiya–Ukrayna müharibəsinə görə birgə səylərlə nizamlanma prosesinə qoşulmaq artıq mümkün olmadı.
Rusiya müəyyən müddət bu vasitəçilik missiyasını təkbaşına icra etməyə çalışdı, sonra isə ovaxtkı Avropa Şurasının Prezidenti Şarl Mişelin timsalında Avropa İttifaqı belə bir təşəbbüs göstərdi. Lakin bütün bu cəhdlər nəticəsiz qaldı və tərəflər münasibətlərin tənzimlənməsi prosesini ikitərəfli formatda davam etdirdilər.
Sonradan ABŞ-ın, ABŞ Prezidentinin dəstəyi əldə olundu – Vaşinqtonda Birgə Bəyannamə imzalandı və sülh müqaviləsinin mətni paraflandı. Görüşün nəticələrinə əsasən Minsk qrupunun buraxılması barədə qərar qəbul olundu və bu da həyata keçirildi.
Tacir SADIQOV
XQ


