ABŞ lideri Donald Tramp ilə sabiq prezident Barak Obama arasında siyasi qarşıdurma yenidən kəskinləşib. Ağ Evdə Filippin Prezidenti Ferdinand Markos ilə görüşündə Tramp Obama administrasiyasını “cinayətkar sui-qəsd”də günahlandırıb. O, Obamanın həbs olunmasına çağırış edərək onu 2016-cı il seçkiləri ilə bağlı ictimaiyyəti aldatmaqda ittiham edib.
Tramp bildirib ki, seçki prosesinə müdaxilə olunub və həmin dövrdə ABŞ ictimaiyyətinə yanlış məlumat təqdim edilib: “O günahkardır. Bu, xəyanət idi. Ağlınıza gələn bütün ifadələr buna uyğundur. Onlar seçkini oğurlamağa çalışırdılar. Seçki prosesini manipulyasiya etməyə çalışırdılar. Hətta başqa ölkələrdə belə təsəvvür edilməyən işlər görüblər”.
Bu açıqlamalar ABŞ siyasi gündəmində yeni mübahisələrə səbəb olub. Məsələnin mərkəzində isə yenidən “Rusiya barmağı” dayanır. 2016-cı il prezident seçkilərindən sonra ABŞ xüsusi xidmət orqanları Rusiyanın seçkilərə təsir göstərməyə çalışdığı qənaətinə gəlmişdi. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Rusiyanın Trampın xeyrinə informasiya təsiri kampaniyası həyata keçirdiyini bildirmişdi. Obama administrasiyası buna cavab olaraq rus diplomatlarını ölkədən çıxarmış və Moskvaya qarşı sanksiyalar tətbiq etmişdi. 2017-ci ildə yayımlanan kəşfiyyat hesabatı da Rusiyanın seçki prosesinə təsir cəhdlərini təsdiqləyirdi.
Lakin ABŞ daxilində əsas mübahisə Tramp kampaniyasının bu prosesdə iştirak edib-etməməsi ilə bağlı idi. Demokratlar uzun müddət Tramp komandasının Kreml ilə əlaqədə olduğunu iddia edirdilər. Respublikaçılar isə bunu siyasi kampaniya və Trampın legitimliyinə qarşı hücum kimi qiymətləndirirdilər. 2019-cu ildə xüsusi prokuror Robert Müllerin hesabatı yayımlandı. Hesabatda Trampın seçki kampaniyasının Rusiya ilə əlbir olduğunu sübut edən kifayət qədər faktın olmadığı bildirildi. Bununla belə, Rusiyanın seçkilərə sistemli müdaxilə etdiyi vurğulanırdı. Bu səbəbdən Tramp illərdir həmin araşdırmaları “Rusiya saxtakarlığı” adlandırır. Hesab edir ki, həmin proses onun prezidentliyini zəiflətmək məqsədi daşıyırdı. Son açıqlamalarda isə Tramp birbaşa Obamanı hədəfə almağa başlayıb. Bu mübahisədə ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Tulsi Qabbardın açıqlamaları da xüsusi rol oynayır. Qabbard bildirib ki, Obama administrasiyası kəşfiyyat məlumatlarını siyasiləşdirib. Onun sözlərinə görə, həmin dövrdə bəzi hesabatlar məqsədli şəkildə manipulyasiya olunub. Qabbard məsələ ilə bağlı sənədlərin ABŞ Ədliyyə Nazirliyinə təqdim ediləcəyini açıqlayıb. Lakin ekspertlərin böyük qismi bu iddialara ehtiyatla yanaşır. Onlar hesab edirlər ki, Tulsi Qabbard seçki nəticələrinin birbaşa dəyişdirilməsi ilə ictimai rəyə təsir göstərməyə yönəlmiş informasiya kampaniyalarını bir-biri ilə səhv salır. Çünki əvvəlki rəsmi hesabatlarda Rusiyanın səsvermə nəticələrini texniki olaraq dəyişdirdiyi qeyd olunmurdu.
N.BEYDİYEVA
XQ

